Şrift:
Həsən bəy Ağayev: Parlament tərəfindən Qarabağa nümayəndə getmişdi...
25.09.2018 [10:35] - Xəbərlər, DAVAMın yazıları
Demokratik respublika qurmağı qarşısına prinsipial məqsəd kimi qoymuş Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) dövlət, ordu quruculuğu, xarici siyasət və başqa sahələrdə gördüyü işlər, qanunvericilik fəaliyyəti parlament iclaslarının toplandığı sənədlər toplusunda öz geniş əksini tapmışdır. Düşünürük ki, hər bir Azərbaycan vətəndaşı 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Demokratik Cümhuriyyətinin parlamentində baş verənlər haqqında məlumatlı olmalıdır. Elə bu baxımdan da 2018-ci ilin Cümhuriyyət ili elan olunduğundan Enter.News hər həftənin şənbə və bazar günləri Cümhuriyyət parlamentində olan çıxışların stenoqramını hissə-hissə bütövlükdə yayımlamağa qərar verib.

Yazının davamını bu linkdən oxuyun

Əllinci iclas

23 iyun 1919-cu il.

Ağabəyzadə - Mənə müsaidə veriniz. Bununla nakaz xələldar oldu.

Rəis - Söz məruzəçinindir.

Ağabəyzadə - Musa bəy burada əvvəl nəsihət elədi, o gərək maddə səsə qoyulanda təklifin barəsində ləhinə, ya əleyhinə danışa idi. Lakin bunun əvəzinə mənə nəsihət elədi. Özü də çox hərarət ilə danışdı. Hətta mən burada oturanda yerindən əlilə bir para işarələr eləyirdi.

Rəis - Natiq əfəndi. Rica edirəm məsələ barəsində danışasınız.

Ağabəyzadə (davamı) - Nə isə bu məsələ komisyonda müzakirə edilərkən artırmaq təklifini mən etdim. Komisyonda yüzü - iki yüz, iki yüzü - dörd yüz qəbul edərkən heç kəs demədi ki, bundan artıq qəbul edə bilməyəcəyik. Böylə olan surətdə mən də cəsarət edib artırmağı qəbul etdim. Mən gözlədim ki, əqəliyyət tərəfi də danışar, danışan olmadı. O adamlar əksəriyyət idilər, onlar da danışmadılar. Artırmağı da ki, komisyonda mən təklif eləmişdim. Mülahizə elədim, gördüm ki, necə artırmaq mümkündür. Komisyonda artırmaq məsələsi müzakirə edilərkən mən çox adamların nəzərini bilirdim. Yoxsa burada ayrı bir şey yoxdur.

Səslər - Doğrudur... Doğrudur...

Rəis - Təklif var ki, ikinci maddə təzədən komisyona qaytarılsın. (Səslər: Layihə hamısı qaytarılsın). Mən təklifi səsə qoyuram. Layihənin yenidən komisyona getməsini səsə qoyuram. Bu xüsusda iki natiqə söz verəcəyəm. Biri ləhinə, digəri əleyhinə. Kim lehinə danışmaq istəyir? Danışmaq istəyən yoxdur?

Kim əleyhinə danışmaq istəyir? Yoxsa qoyuram səsə. Kim layiheyi-qanuniyyənin təmamən maliyyə-büdcə komisyonuna ədası tərəfdaridir, rica edirəm əlini qaldırsın. (Əllər qalxır). Sayınız. Kim əleyhinədir? (Əllər qalxır). Kim səs verməyib? (Əllər qalxır). Rica edirəm hamı iştirak etsin. Ləhinə 21, əleyhinə 9, səs verməyən 7. Halbuki 50-dən ziyadə üzv var. Təzədən səsə qoyuram. Kim layiheyiqanuniyyənin komisyona qaytarılması tərəfdarıdırsa rica edirəm əlini qaldırsın.

(Əllər qalxır). Sayınız. Kim əleyhinədir? (Əllər qalxır). Bayram Niyazi Əfəndi böylə olmaz, lehinə də əlinizi qaldırırsınız, əleyhinə də. Ya budur, burada öz yerinizdə əyləşiniz, ya da rica edirəm səsə qoyulanda fikir verəsiniz. Ləhinədə, əleyhinə də səs verirsiniz. Kim səs verməyib? (Əllər qalxır). Lehinə 28, Əleyhinə 13, səs verməyən 11. Əksəriyyət rəylə layiheyi-qanuniyyə maliyyə-büdcə komisyonuna əda olunur. Növbədəki məsələ hökumət əndində xüsusi təftişat və təhqiqat komisyonunun təşkili haqqında layiheyi-qanuniyyədir. Məruzəçi Şəfi bəy Rüstəmbəyovdur. (Şəfi bəyə) Məruzə hazır deyilmi?

Şəfi bəy (yerindən) - Mən bugün gəlmişəm, xəbərim yoxdur.

Rəis - Şəfi bəy Rüstəmbəyov parlaman tərəfindən Qarabağa nümayəndə getmişdi. Dünən gəldiyi üçün məruzə ilə aşına olmayıb, hazır deyildir. Ona görə bu məsələ parlaman divani-rəyasətə və ləvazim heyəti üçün iki avtomobilin səkkiz aylıq məxaric smetası haqqında layiheyi-qanuniyyədir. Məruzəçi Mehdi bəy Hacıbababəyovdur.

(Mehdi bəy Hacıbababəyov məruzədən imtina edir).

Rəis - Borc bilirəm divani-rəyasət tərəfindən qəti surətdə elan edim ki, bundan sonra komissiyalar tərəfindən verilən nakazlar üçün məruzəçi göstərilməsə mən layihəni növbəyə qoymayacağam.

Mehdi bəy - Mən bu barədə istəyirəm söz söyləyim.

Rəis - Bu barədə müzakirə yoxdur. Yerdə qalır - daxil olmuş kağızlar cümləsindən erməni fraksiyonu tərəfindən daxiliyyə nazirinə 11 iyunda, Bakıda, erməni kilsəsində olan təhərri barəsində verilən sual. Məsələyə keçməmişdən qabaq 5 dəqiqə tənəffüs elan edirəm.

Tənəffüsdən sonra

Rəis - İclas dəvam edir. Növbədəki məsələ erməni fraksiyonu tərəfindən 11 iyunda kilsə həyətində olan təhərri xüsusunda daxiliyyə nazirinə verilən sualdır. Bu xüsusda divani-rəyasətə böylə bir təklif varid olmuşdur ki, rusca oxuyuram, lazım olsa tərcümə edərəm. (Oxuyur). Təklif edirlər ki, sual sorğu komisyonuna verilsin. Bu təklif barəsində iki adama söz verəcəyəm, biri ləhinə, digəri əleyhinə. Kim ləhinə danışmaq istərdi.

Səslər - Motivi nədir.

Rəis - Motivi yoxdur. Papyan.

Papyan - Rusca.

Təklif əleyhinə Mustafa Mahmudov.

Mustafa Mahmudov - Keçən məclisdə bugünkü sorğu libasında olan sual dünən də gəlmişdi. Sualın qaydası belədir ki, beş adam imzasilə parlamana gəlir, hökumət cəvabilə kifayətlənməsə, sorğuya mübəddəl olar. Parlaman əvvəl hökuməti buna cəvab verməyə məcbur eyləsin. Parlaman tərəfindən bu sual gərək qəbul olunur, ya yox. Mənə cavab verəcəklər ki, nakazda belə qərar yoxdur. Mən deyirəm ki, o da nakazın səhvidir. Həqiqətən də bilməlidir ki, bu suallar bu tələblərlə göstərilən kimi hökumət tərəfindən bir müqəssirlik və ədəbsizlik vaqe olub, ya yox? Bugün təklif olunur ki, zapros komissiyaya verilsin. Yəni bu o deməkdir ki, biz hökumətin günahını o qədər böyük bilirik, onda o qədər biədəbnamə hərəkət var ki, gərək biz sorğunu qəbul edib, hətta komissiyaya da verək. Mən buna bir əks təklif edirəm. Hökumət verən izah qəbul olunsun və qərar qoyaq ki, bugünkü məlumatla kifayət edək.

Rəis - Mən təklifi səsə qoyuram. Təklifin məzmununu eşitdiniz. Təklif olunur ki, müzakirədən əvvəl sual verilsin istizah komissiyasına, hər kəs bu təklifi qəbul edirsə, rica edirəm, əlini qaldırsın. Kim əleyhinədir? Kim səs verməyib. Ləhinə 11, Əleyhinə 23, səs verməyən 12. Böyləliklə əksəriyyətlə təklif qəbul olunmayır. Sorğuya bugün baxılır. Çlen parlamentə Papyan.

Papyan (rusca)

Katib - Sualı oxuyur

Rəis - Söz Rəisi Vükəlanındır.

Nəsib bəy - Möhtərəm məbuslar. Keçən dəfə lazımi cəvab verdim. Əlbəttə o zamandan bu vaxtadək bəzi təhqiqat olunubdur. Ancaq mətləbə keçmədən əvvəl natiqin bir neçə sözünə cavab verəcəyəm. Deyirlər order verilməmişdir. Doğrudur, rəsmi order verilməmişdir. Fəqət bir şey nəzərə almalıdır. Order nə üçün verilir? Order verilir ki, təhərri edənlər həqiqətən polis nəfəratıdır, təhərri icrasına ixtiyarlıdır. Əlbəttə orderi nazir verməz. Mən sizə ərz etmək istəyirəm ki təhərri zamanında qalabəyi və qubernatorun müavini və pristav da orada olublar. Əlbəttə kağız göstərsəydilər dəxi də yaxşı olardı. Fəqət qubernator və qalabəyi isbativücud etdiyi halda orderin bir o qədər də əhəmiyyəti yoxdur. Bundan məlum olur ki, qanunsuzluq olmayıbdır. 2-ci deyirlər qapılar sındırılıbdır. Qapı sındırılmamışdır. Sınan Azərbaycan mətbəəsi qapısıdır. Deyirlər qapını sındıranda proklamasiya ata bilərlər. "Qapı sındırılan zaman ev sahibi orada olmamış". Bu barədə də formalni çox şey demək olar. Ancaq bu qədər deyə bilərəm ki, Kilsə adamlarından bir çoxları orada olub. 3-cü məsələdə budur ki, deyirlər ki, mən əmr vermişəm, o əmr icra olunmamış, iki-üç gün orada mühafizə dəstəsi qoyublar. Keçən dəfə məlumatım olmadığına görə buna bir qədər səthi cavab verdim. Lakin əlimdə qorodonaçalnikin rəsmi raportı vardır. Onu oxuyacağam. Mən əmr vermişəm, əgər orada bir çox bölmələrdə olsa təhərri etməyib saxlasınlar, çünkü kilsədir. Bu mənim əmrim də qorodonaçalnikin rəsmi raportına görə icra edilmişdir. Oradan cəmaət dağılıb, sonra straja götürülübdür. Orada yalnız 2-3 adam qalmışdır, çünkü ağzı açıq bir para yeşiklər varmış, onları mühafizə etmək lazım imiş. Hər halda rəsmi raportu sizə oxuyuram. (Oxuyur).

Görürsünüzmü bizdə olan məlumat böylədir. Əmr icra olunubdur; heç bir post da orada qalmamışdır. Buna görə şəxsən pristavı çağırdım; onun cavabı mənə belə oldu ki, orada post olmayıb. Əlbəttə bunlar ola bilsin ki, səhv olsun. Mən bu xüsusda yenə təhqiqat edərəm. Heç kim mənə yalan doklad verəməz. Əgər onlar mənə yalandan doklad vermiş olsalar, cəzalarına çatarlar. Deməli axtarış orada olsa da qorodonaçalnik bizzat orada olmuşdur. Sonra deyirlər ki, kilsə əhatə olunubdur. O da bundan irəli gəlib ki, bu vaxtadək hər yerdə təhərri olubsa orada əhatə olunubdur; Burada sui-qəsd olmamışdır. Əlbəttə əhatə olunmasaydı, dəxi də yaxşı olardı. 3-cü də deyirlər ki, əsgərlər orada olub, əhalini kilsə həyətinə buraxmamışlar, buda ki təhqiq olunmayıb. Bunlar həqiqətə müğayirdir. Saat 11-də yeşiklər oradan götürüləndən sonra orada heç bir qarovul qalmamışdır. Yenə təkrar edirəm ki, təhqiqat bunun əksi olarsa, o zaman onlar lazımi cəzalarını görəcəklər.

Bir neçə söz də təhərri barəsində deyəcəyəm. Məlumunuzdur ki, o dəqiqə, o günlər necə günlər idi. Hər tərəfdən üzərimizə təhlükə var idi. O vaxtlar şəhərdə təşviş vardı. Doğrudan da şəhərdə tüfəng, pulemyot anbarları olduğu məlumunuzdur. Bir çoxu da tutulmuşdu. İki gün əvvəl bir yerdən 252 tüfəng, altmış mindən ziyadə patron, pulemot hissələri bir anbardan çıxmışdır. Böylə anbarlar şəhərdə ehtimal ki, yenə də var. Əlbəttə böylə olan surətdə axtarış etmək lazım gələcəkdir. Axtarış zamanı əziyyət çəkənlər olur. Ola bilsin ki, orada da olmuşdur. Ola bilər ki, axtarış zamanı 252 tüfəng tapılan yerdən də bir şey çıxmaya idi. O vaxt deyəcəkdilər ki, axtarış nahaq olubdur. Yəqindir ki, axtarış nəticəli də olar, nəticəsiz də. Lakin polisin psixologiyası onu ehtiyatda olmağa məcbur etdiyi üçün hər axtarışa da haqqı vardır. Ərz eylədiyim kimi şeylər əvvəl özgə yerdə imiş, sonra aparıblar başqa yerə. Şeylərin içindən telefon və teleqraf çıxıbdır. Lakin Ermənistan missiyasının verdiyi siyahıda telefon və teleqraf heç yoxdur. Amma axtarış zamanı böylə şeylər çıxıbdır. Polis zənn edib ki, böylə şeylər çıxdığı üçün ola bilər ki, özgə şeylər də olsun. Dava keçirilmiş bir zamandır. Ona görə axtarış ediblər. Bu xəbəri eşidən kimi mən müavini-naziri, qorodonaçalniki və bütün polisi ayaq üstə qoymuşam. Bundan artıq tədbir mümkün deyildi. Bəlkə bu dokladda yazılanlar yalandır. Ola bilər başqa cür də olsun, lakin güman eləmirəm ki, bu yalan olsun. Çünki etibar edib inandığım adamı qorodonaçalnik qoymuşam. Bu dokladda yazılanlar yalan olarsa cəzası veriləcəkdir.

Rəis - Söz Rza bəy Ağabəyzadənindir.

Ağabəyzadə ("Müsavat") – Möhtərəm əfəndilər. Necəki cəbhədə əsgərlər milləti düşməndən qoruyurlar. O cür də vilayətin içində milləti xainlərdən qoruyan polisdir. Bu müqəddəs bir vəzifədir. Ona görə polis gərək cəld ola. Bir məlumat alan kimi, gərəkdir təhqiqat yapa. Polis üçün bir sıx dairə olmaz. Demək olmaz ki polis gərək bu dairədə işləsin. Dedilər ki, polis gələndə axtarılan yerin gərək yiyəsi ola. Əgər polis o cür yavaş-yavaş hərəkət etsə, vəzifəsini lazımi surətdə ifa edə bilməz. İşlər də düz getməz. O dairədə ki, burada dedilər, o məhkəmə və müstəntiq üçün qoyulmuşdur. Polis isə bu dairədən azaddır. Burada danışanda Malxazyan bir neçə söz işlətdi ki, onu deməyə cəsarət lazımdır. Dedi ki, axtarış zamanı müfəttin var idi. Bu sözləri o nə ilə sübut edirdi. Deyirdi ki, axtarış zamanı nə tapılıb, bir az kağız-kuğuz tapılıbdır. Bəli, bilməlisiniz bəzi kağızlar vardır ki, çox vaxt onlar topdan qiymətli olurlar. Bu kağızlar kimin kağızlarıdır? Bu kağızlar Biçeraxovun kağızları idi ki, o da xain idi; millətə açıq zərər vurur idi. Malxazov burada dedi ki, o kağızlar əgər istənilsə idi biz özümüz verərdik. Əgər o kağızların orada olmağını bilirdi bəs nə əcəb vermirdi, gözləyirdi ki, axtaraq tapaq. Order məsələsi haqqında da nazir məlumat verdi. Axırda Malxazyan odlu və hərarətli bir surətdə ümidvar olur ki, Azərbaycanda hamı millətlərə bir gözlə baxılacaqdır. Bu xahiş lazım deyildir. Bu skamyalarda oturan (əlini əcnəbi millətlərə uzadaraq) isbat edir ki, Azərbaycanda hamıya bir gözlə baxılır. Bu barədə artıq izahat lazım deyildir. Ona görə "Müsavat" fraksiyası təklif edir ki, nazirin bəyanatını kafi bilib, növbədəki məsələlərə keçmək.

Rəis - Söz Mahmudov Mustafanındır.

Mahmudov ("Müsavat") - Möhtərəm məbuslar! Burada erməni fraksiyası tərəfindən verilmiş sual dörd maddədən ibarətdir. Əvvəlinci maddədə deyilir ki, order yox idi. Hökumət məlumat verdi ki, order o vaxt lazım olur ki, axtarış edən tanınmayan adam ola. Vəhalanki bu axtarışda bu işləri idarə edənlərin başçısı orada imiş. Böylə olan surətdə orderə ehtiyac yoxdur. İkinci də budur ki, guya axtarış zamanı kilsəyə ehtiramsızlıq olubdur. Kəmali-məmnuniyyətlə erməni fraksiyasını sakit edə bilərəm ki, müsəlman milləti kilsəyə heç vaxt ehtiramsızlıq etməyib və həmişə məscid nəzəri ilə baxıblar. Bunu sübut üçün deyirəm ki, buyursunlar Şamaxı tərəfinə baxıb görsünlər nə qədər erməni kəndləri dağılıbsa kilsələri salamatdır. Amma müsəlman kəndlərində məscidlər qalmamışdır. Əgər ehtiramsızlıq varsa, ancaq bu sualı verən millət tərəfindən olur (Sağdan və cəmaətdən alqış). Möhtərəm məbuslar söyləyirlər ki, kilsənin həyətini və ətrafını əhatə ediblər, tüfəngləri hazır ediblər. Deyirlər çox ola bilərdi toqquşma olsun.

Bunun özü müfəttinlikdir. Rusca bir məsəl var deyir ki: Polis axtarış yapdı, heç bir şey də olmadı. Başdan bir tük də getmədi. Əgər parapetdəki erməni kilsəsi olmasa idi, deyərdim bəli, doğrudur. Məəttəssüf o kilsə kilsəliyini çoxdan dəyişmişdir. O kilsə keçmişləri ilə sübut edib ki, ora gedəndə gərək tüfəng ilə gedəsən. 1905-ci ildən mart ayına qədər ora bir cəbbəxanə olubdur.

Rəis - Natiq əfəndi, anbarlarda olub, kilsədə olmayıb.

Mahmudov (dəvamla) - Kilsədə olmayıbsa ətraf anbarlarda olubdur. Orada axtarış olub və məlumata görə anbarlardan qorxulu şeylər tapılıbdır. Deyirlər altmış patron tapılıbdır.

Rəis - Natiq əfəndi. Patron oradan deyil Suraxanskidən tapılıbdır.

Mahmudov (dəvam edir) - Həmin anbarlardan altmış patron tapılıbdır.

Mənim zənnimcə əgər altmış deyil, altı patron da olsa idi gərək götürülə idi.

Səslər - Doğrudur, doğrudur.

Mahmudov (dəvam edir) - Ona görə hökumət tərəfindən verilən məlumat ilə bu sualı qurtarmış hesab edib təklif edirəm ki, növbədəki məsələlərə keçmək üçün "Müsavat"ın təklifi qəbul edilsin.

Rəis - Pepinov Əhməd.

Əhməd Cövdət ("Hümmət") - Mən zənn edirəm ki, hökumət rəisinin verdiyi izahatdan sonra natiqlərin söylədikləri nahaqdır. Çünkü onlar məsələni daha da çətinləşdirirlər.

Ağabəyov dedi ki, polis bu dairə daxilində işləməz. Polislərin bir işi də xainlərə nəzarət etməkdir. Fəqət onlar yaxşı bilməlidirlər ki, nizam saxlamaq üçündürlər. Bu doğru deyil, fəqət buna mən cavab vermiyəcəyəm. Hökumət rəisi buna cavab verdi. Bu üsulda tabe olmalıdırlar. Hökumət rəisinin verdiyi izahatdan məlumdur ki, burada bir sui-qəsd yoxdur. Mən bilmirəm erməni nümayəndələri bunu yaxşı başa düşürlərmi? Xüsusən kilsə daxilində təhərri olmayıbdır. Hökumət rəisinin izahatı onları qane edə bilərdi. Bununla da növbəti məsələlərə keçərdik.

Rəis - Sırada natiq olmadığından məsələni bitmiş hesab edirəm. Çlen Parlamenta Çubaryan.

Çubaryan - rusca.

Rəis - Taqyanosov.

Taqyanosov - rusca.

Rəis - Mustafa ağa Vəkilov.

Mustafa Vəkilov - Mən öylə bilirəm ki, bu sual edənlər və hökumətin cavab verməsindən məqsəd budur ki, əgər bir erməni milləti haqqında xüsusi suiqəsd hökumət tərəfindən göstərilibsə o, öylə səhvdir ki, gərək rədd olsun. Amma məəttəssüf danışan natiqlərin çoxusu qaş qayırmaq istərkən gözü çıxardılar. Biribirinə töhmətlər etdilər. Bunların burada yeri olmamalıdır. Mətləb oradadır ki, deyirlər hökumət tərəfindən qeyri-qanuni hərəkətlər olubdur. Biz çox diqqətlə qulaq asdıq ki, hökumət tərəfindən qeyri-qanuni nə olubdur? Sual edənlərin hərəsi bir tərəfdən məsələyə yanaşdı. Çubaryan cənabları buyurdular ki, əlbəttə order məsələsi formalnıdır. Lakin axtarış siyasəti düzdürmü? Taqyanosov cənabları buyurdular ki, hər yerdə hökumətin, hər vaxtda axtarmağa ixtiyarı var. Bunların hər ikisi yekdigərinə ziddir. Hərçəndi hökumət cəvab verdi. Lakin Çubaryan cənabları tələb etdi ki, hökumət gərək bizə təminat versin ki, bir daha böylə axtarışlar vaqe olmasın. Əgər Azərbaycan daxilində yaşayan bütün vətəndaşların hamısı bir qanuna tabe olmaq istəyirsələr hökumət onlara bir gözlə baxacaq; lazım olsa, əgər əlində dəlil olsa təhərri icra edəcəkdir. Əgər Çubaryan cənabları istəyirlər ki, hökumət içərisində bir hökumət yaxud bir müəssisə düzəltsinlər və ya bir böylə ixtiyarə malik olmaq istəyirlər hökumət başında olan böylə bir təminatı heç bir zaman verə bilməz.

Mətləb burasındadır ki, daxiliyyə naziri ətraflı məlumat verdilər. Sual edənlər deyirdilər ki, orada rəsmə müğayir şeylər zühur edib, halbuki, orada olub qorodonaçalnik, vali müavini və sairə. Bu tədbirlər göstərir ki, təhərri hökumət tərəfindən olubdur. Bunu özləri də inkar etmirlər. Etiraf edirlər ki, axtarış ordersiz də ola bilər. Böylə olan surətdə biz bilmədik ki, onlar hökumətin hərəkətində nəyi qanunsuz görürlər. Hökumət rəisi deyirlərdi ki, orada şübhəli şeylər tapılıb; oradan bəzi şübhəli şeylər başqa yerə göndərilirmiş. Onların içində telefon və sair hərbi şeylər tapılmışdır. Deməli polisin əlində axtarış yapmağa dəlil var imiş. Burada deyildi ki, guya bura erməni kilsəsi olduğu üçün qeyri yerdə axtarış zamanı olan rəsmiyyət burada icra edilməmişdir. Amma həqiqət böylə deyildir. O üsul, o qayda ilə ki, o yerlərdə axtarış olub, burada da öylə olubdur. Deyirlər ki, daxiliyyə naziri axtarışın saxlanması üçün gərək əmr verə idi. Bu əmr də verilibdir. Bu da gərək erməni fraksiyonunu razı sala idi. Əgər onların iddiaları bundan artıqdır isə nahaqdır. Hökumət onun üçündür ki, lazım gördüyü tədbirləri görsün. Əgər burada göstərilsə idi ki, orada axtarış səbəbsiz olubdur, biz də razı olardıq. Bu o qədər şiddətli və hərarətli deyil ki, parlamanda uzun-uzadı mübahisə və münaqişəyə səbəb olsun. Burada biri-birinə töhmət etməklə bir şey çıxmaz. Mən təklif edirəm ki, bu məsələni tamam edib hökumət rəisinin verdiyi məlumatla qane olaraq keçək növbədəki məsələyə.

Rəis - Sırada natiq olmadığından müzakirə bitmiş hesab olunur.

Əhməd Cövdət - Müsaidə veriniz.

Rəis - Danışmaq istəyirsiniz.

Əhməd Cövdət - Bəli.

Rəis - Buyurunuz. Söz Əhməd Cövdət Pepinovundur.

Əhməd Cövdət – Çünkü axırıncı natiq Taqyanosovun sözündən böylə məlum oldu ki, hökumətin verdiyi bəyanat onları qane eləmir, mən də iştirak edirəm. Ola bilər məni də qane etməsin. Çubaryan iki məsələyə əhəmiyyət verib dedi ki, bu cür axtarış siyasi nöqteyi-nəzərdən müvafiqdirmi? Və ikinci Çubaryan dedi ki, gələcəkdə bu cür axtarış gərək olmasın. Taqyanosov isə dedi ki, axtarış hər yerdə ola bilər, lakin qanun dairəsində olmalıdır. Qalır siyasi nöqteyi-nəzər. Görək siyasi nöqteyi-nəzərdən bu axtarış müvafiqdir, düzdür, ya yox. Mən bilmirəm daxiliyyə nazirinin sözlərini başa düşdünüz ya yox? Hökumət bu axtarışı siyasi cəhətcə müzürr bilib ki, əmr verib dayandırılsın. (Səs demədi... demədi...). Bu onu göstərir ki, axtarış olmayacaq. Ona görə mən istərdim biləm nə məsələ qalır ki, onları qane etməyir. Gərək əvvəlinci natiqdən sonra daxiliyyə nazirinin bəyanatını kafi bilib qane ola idilər. Lakin sonrakı natiqlər burada ziyad sözlər danışdılar ki, lazım deyildi. Söyləyən natiqlər bambaşqa sözlər danışıb Ermənistanı və oradakı müsəlmanları yada saldılar vəhalanki Azərbaycan daxilindən danışmalıdırlar. Doğrudur, Ermənistan daxilində olan zülmdən xəbər var. Lakin bu bir dəstəviz, deyildir. Bizim nöqteyi-nəzərimiz budur ki, hər yerdə qanunsuzluq, zülm olarsa onun əleyhinə də mübarizə edəcəyik. İstər bu zülm Ermənistanda olsun, istər Azərbaycanda. Bu cür işlərə yol verməyəcəyik. Daha iki ay bundan əvvəl bizim fraksiyamız tərəfindən tələb olunurdu ki, qanunsuzluq əleyhinə şiddətli tədbirlər görülsün. Qanunsuzluq əleyhinə tədbir görməyən hökumətə etimad olunmaz. Bu da nəinki erməni nöqteyi-nəzərindən, bəlkə ümum Azərbaycan xalqı tərəfindən lazımdır. Lakin təəssüf olsun ki, orada uyuşmamazlıq vardır. Hər halda cəhd edilməlidir ki, bu cür işlər şiddətlənməsin. Siyasi nöqteyi-nəzər budur ki, guya kilsə olmayıb, məscid olsa idi böylə söhbətlər aralığa gəlməzdi. Daxiliyyə nazirinin sözləri təminat verir ki, daha bundan sonra böylə şeylər olmayacaqdır. Erməni fraksiyonu niyə qane olmadı anlamıram.

Rəis - Daha kim danışmaq istərdi bu barədə? Danışmaq istəyən yoxsa, müzakirə bitmiş olar. İki formul vardır.

Katib - "Müsavat"ın formulunu oxuyur.

Katib - Erməni fraksiyasının formulu rusca oxuyub türkcəyə tərcümə edir.

Rəis - Mən bunları daxil olduğu kimi səsə qoyuram. Əvvəl "Müsavat" tərəfindən daxil olmuşdur. Qayda üzrə səsə qoyuram. Hər kəs Müsavatın formulunu qəbul edirsə əlini qaldırsın. (Əllər qalxır). Sayınız. Kim əleyhinədir? (Əllər qalxır). Kim səs verməyib? (Əllər qalxır). 46 adamdan, divani-rəyasət ilə 49 adamdan ancaq 40 nəfər iştirak edir, mən rica edirəm hamı iştirak etsin. Altı adam iştirak eyləmir. Təzədən səsə qoyuram. Kim Müsavat tərəfindən verilən formul tərəfdarıdırsa, rica edirəm, əlini qaldırsın (Əllər qalxır). Kim əleyhinədir? (Əllər qalxır). Kim səs verməyib? (Əllər qalxır). Ləhinə 40, əleyhinə 7, səs verməyən 1. Əksəriyyət ilə formul qəbul olunur. Birinci formul qəbul edildiyinə görə nakaz üzrə ikinci formulu səsə qoymaq olmaz. Növbədə məsələ olmadığından bununla iclas bitir. Məclisi qapamadan əvvəl bir də yadınıza salıram ki, cümə günü iyunun 27-də səhər saat 11-də parlamanın fövqəladə iclası olacaqdır.

İclas qapanır. İclas saat 3-40 dəqiqədə qapanır.

Davamı var...
Bu xəbər oxucular tərəfindən 21 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed