Şrift:
Səyahətdə keçən ömür - Zeynalabdin Şirvani
26.09.2018 [10:18] - Xəbərlər, DAVAMın yazıları
Qədim və Orta əsr Azərbaycanının görkəmli alim, rəssam, xəttat, şair, musiqiçi, sərkərdə, dövlət və din xadimləri var ki, böyük əksəriyyətimiz ya onların haqqında az məlumatlıyıq, ya da onların varlığından xəbərsizik. Düzdür, bu məlumatlar uzun illər sovet rejimi tərəfindən xalqdan gizlədildi, ortaya çıxarılanlar isə başqa xalqın nümayəndəsi kimi təqdim edilib. Elə bu gün də onlar haqqında geniş bilgilərə sahib deyilik. Məhz bu səbəbdən də Enter.News akademik Çingiz Qacarın araşdırmalarından əldə etdiyi Azərbaycanın görkəmli şəxsiyyətləri haqqında olan materialları təqdim edir. Növbəti materialımız Zeynalabdin Şirvani haqqındadır.

Rusiya coğrafiya cəmiyyətinin Qafqaz şöbəsində 1852-ci ilin 8 martında Zeynalabdin Şirvaninin “Riyazüs-səyahət” (“Səyahət bağçaları”) kitabı haqqında məlumat açıqlanır. Həmin məlumat Qafqaz canişini knyaz Vorontsovu o qədər maraqlandırır ki, o, Zeynalabdin Şirvani haqqında bilik toplamaq və həmin kitabın üzünü çıxarmaq əmrini verir. İrandakı rus səfirliyi vasitəsilə Şahzadə Məhəmməd Rza Mirzə Qacarla əlaqə yaradılır və ondan xahiş edilir ki, kitabın yeganə nüsxəsini satsın. Şahzadə kitabı satmaqdan qəti şəkildə imtina edir, lakin onun üzünü çıxarmağa razılıq verir. Sual doğur: Zeynalabdin Şirvani kimdir ki, böyük rus alimləri və məmurları onunla belə maraqlanmışlar? Zeynalabdin Şirvani kimdir ki, onun adı Hindistanda muzeyə, İndoneziyada kitabxanaya, Məkkə və Cizdə (Səudiyyə Ərəbistanı) coğrafiya cəmiyyətlərinə, Şirazda küçəyə, Xəzər dənizində teploxoda verilib.

Məşhur səyyah və coğrafiyaçı, tarixçi, etnoqraf, filosof və şair Hacı Zeynalabdin ibn Axund İskəndər Şirvani 1780-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Onun beş yaşı tamam olanda Axund İskəndərin ailəsi Bağdad yaxınlığındakı Kərbəla şəhərinə köçür və gələcək səyyahın atası mədrəsədə dərs deməyə başlayır. Zeynalabdin də ilk təhsilini elə burada alır. 1796-cı ildə o, təhsilini başa vurmaqdan ötrü Bağdad şəhərinə gedir. Zeynalabdin Bağdadda fəlsəfə, tibb, astronomiya və riyaziyyatı, habelə dilləri öyrənməkdə davam edir.

Bağdad kitabxanalarında olan səyahətnamələr, bütün Şərq dünyasından buraya axışıb gəlmiş alimlərin, müqəddəs şəhərin ziyarətinə gələn zəvvarların söhbətləri bu gənc oğlanın nəzərlərində yeni bir dünya açır. Dünyanı görmək və onun möcüzələri ilə həmyerlilərini tanış etmək elə həmin vaxtdan gənc Zeynalabdinin həyat məqsədinə çevrilir və o, tərəddüd etmədən səyahətə çıxmaq qərarına qəlir. Zeynalabdin Şirvani yaradıcılığının təhlili ilə məşğul olmuş görkəmli Azərbaycan alimi Nurəddin Kərəmovun da yazdığı kimi, “Bu yol 60 min kilometr uzanmış və 40 il davam etmişdir. Bu yol Kiçik Asiyadan, İran yaylasından, Orta Asiya, Ərəbistan və Cənubi Afrika səhralarından, Sudanın meşə və cəngəlliklərindən, Hindistanın tropik meşələrindən, Hind okeanı adalarından keçib. O, Hindquş, Zaqros, Süleyman dağlarından, Pamirdən adlamışdır. Bu yol Asiya və Afrikanın bir çox digər vilayətlərindən uzanmışdır”.

Zeynalabdin Şirvani öz əsərində səyahətini hissələrə bölmür. Kərəmovsa onun üç başlıca səyahətini fərqləndirir. Onun birinci səyahətinin marşrutu belə göstərilir: Bağdad, İraqi-Əcəm, Gilan, Şirvan, Muğan, Talış, Cənubi Azərbaycan, Xorasan, Herat, Zabul, Pəncab, Hind adaları, Dakar, Benqal, Qucarat, Hind okeanındakı adalardan Sind və Multandan keçən səyyah dağ yolları ilə Kəşmirə, Müzəffərabada çatmış, sonra Kabil yolu ilə Tatarıstana, oradan Turana və Bədəxşan dağları ilə Xorasana, nəhayət, “iran yolu” ilə Farsa gəlmişdir. Bir qədər istirahətdən sonra Şirvani ikinci səyahətə çıxır. Bu dəfə yol Şirazdan (Fars) başlayır, oradan Daraba, sonra Bəndər Abbas limanından Hörmüz yolu ilə Hədramaut və Yəmənə, sonra Həbəşistan və Sudana, buradan Ərəbistan yarımadası olan Ciddəyə, oradan da Hicaz, Mədinə və Məkkəyə uzanır. Bundan sonra o, dəniz yolu ilə “Səidlər ölkəsinə” (başqa sözlə desək, əs-Səidə - Nil çayı sahillərinə) gedir, Misirdən Yaxın Şərqə “Şam-Rum”a (Anadoluya), Diyarbəkirə, Qaraman və Aydına keçir. Hacı Zeynalabdinin Atlantik okeanına və geriyə üçüncü səyahətin marşrutu belə idi: Bəhre-Əhzər adaları (“Yaşıl dəniz” - şərq coğrafiyaçdan Atlantik okeanını belə adlandınrdılar), Rumeli (o vaxt Osmanlı imperiyasının Avropa hissəsinə belə deyirdilər), Anadolu, Azərbaycan, Tehran, Həmədan, İsfahan, Kirman, Şiraz, Bağdad.

İndi artıq bir çoxu sıradan çıxmış beş yüzdən artıq əlyazma və mətbu qaynağın və səyahətlər zamanı etdiyi şəxsi müşahidələri nəticəsində Şirvani ona dünya şöhrəti gətirən üç kitab yazır: 1822-ci ildə “Riyazüs-səyahət” (“Səyahət bağçaları”), 1827 -ci ildə “Hədaiqüs-səyahət” (“Səyahət bağları”) və nəhayət, 1833-cü ildə “Bustanus-səyahət” (“Səyahət gülzarı”). Bu əsərlərdə o, bir çox ölkələrin coğrafiyası, tarixi, etnoqrafiyası, arxitekturası, ədəbiyyatı və görkəmli ictimai xadimləri barədə dəyərli məlumatlar verir. Səyyah yer kürəsinin iqlim qurşaqlarının təsvirinə xüsusi yer ayırır. Şərqin digər alim və səyyahları kimi o da Yeri yeddi iqlim qurşağına bölür.

Öz səyahətləri zamanı Şirvani çox sayda alimlər və siyasi xadimlərlə yaxından tanış olur. Onun rəyi ilə hesablaşır, onunla görüşməyə can atırlar. Şirvaninin elm və savadı haqda xəbərlər onun səyahətlərinin marşrutları çərçivəsindən xeyli kənara çıxır. Belə danışırlar ki, Hindistan vilayətlərindən birində ağlagəlməz bir qonaqpərvərliklə qarşılanmış Şirvani bunun səbəbini soruşarkən vilayətin hakimi cavab vermişdi: “Mən sizə layiq olduğunuz hörmətin yalnız yüzdə birini göstərə bilmişəm. Siz səkkiz səbəbdən hörmətə layiqsiniz: birincisi, siz insanpərvərsiniz, insanlarsa bir-birinə hörmət etməlidirlər, ikincisi, siz buraya bizim ölkəmizin qonağı olaraq gəlibsiniz, qonağa hörmət edərlər, üçüncüsü, siz alimsiniz, alimə hörmət bir borcdur, dördüncüsü, siz müdrik və çox bilən bir adamsınız, acizlərə, kasıblara kömək edirsiniz, belə adamlarsa hər cür hörmətə-izzətə layiqdirlər... Bax, bütün bunlara görə mən sizi qəlbən sevir və sizə hörmət bəsləyirəm”. Olduğu bir çox yerlərdə onu saraya dəvət etmişlər. Bunlardan Misir hakimi İbrahim bəyi, İran şahı Fəthəli şah Qacarı, Türkiyə sultanı Mahmudu və başqalarını göstərmək olar. Olduğu saraylarda müzakirə və söhbətlərdə iştirak edən Şirvani həmişəlik burada qalmaq dəvətlərinə nəzakətlə rədd cavabı verir. Şirvani həmişə macəralar və məhrumiyyətlərlə dolu səyyah həyatını saraydakı rahat həyatdan üstün tutur.

Zeynalabdin eyni zamanda şair olmuş və Təmkin təxəllüsü ilə şeirlər yazmışdır. Həmin şeirlər onun səyahətnamələrinə səpələnmiş və əlyazması Tehran mərkəzi kitabxanasında saxlanan “Divan”ında toplanmışdır. Bu nadir şəxsiyyətin digər əsərlərinin əlyazmaları Britaniya muzeyində, Paris Milli kitabxanasında, Sankt-Peterburqda və tranda saxlanır.

Şirvaninin əsərləri bir çox Azərbaycan, İran, rus və Avropa tədqiqatçıları tərəfindən öyrənilib. Bu alimlərdən Abbasqulu ağa Bakıxanovun, Məhəmmədəli Tərbiyətin, Əsgər Həmid Rəbbaninin, B. A. Domun, N. V. Xamkovun, E. Braunun, S. Stomun, E. Bloşenin və başqalarının adlarını çəkmək mümkündür. Bu sırada öz ömrünün böyük bir hissəsini Zeynalabdin Şirvaninin elmi hünərlərinin tədqiqinə həsr etmiş N. K. Kərəmovun adı xüsus ilə qeyd olunmalıdır.

Zeynalabdin 1820/21-ci ildə Şiraz şəhərində evlənib. Tezliklə onun Cəlaləddin Məhəmməd adında oğlu doğulur. İki il sonra isə ikinci oğlu Hüsaməddin Əli anadan olur. Böyük oğlu az yaşayır, ikinci oğlu isə atasının yolu ilə gedərək, İraq, İran və Hindistana səyahətlər edib. Şirvani ömrünün son illərini ailəsi ilə Şirazda keçirib. Elə buradan da özünün son səyahətinə yollanıb. Bu, onun xanımı ilə birlikdə çıxdığı Həcc ziyarəti idi. 1838-ci ildə həmin səfəri zamanı Zeynalabdin Şirvani yolda xəstəbnmiş və Ciddə şəhəri yaxınlığında dünyasını dəyişmişdir. Hacı Zeynalabdin elə buradaca da dəfn olunub.
Bu xəbər oxucular tərəfindən 1292 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed