Şrift:
Ərdəbil Əyaləti: Elat-əşayir tayfalarının yaşadığı məntəqələrdə içməli su tapılmır
27.09.2018 [10:50] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanı su böhranı bürüyüb. Böhran yalnız su çatışmazlığı ilə bağlı deyil, həm də içməli su təsisatının olmaması bir çox inanların həyatını çətinləşdirib.

Ərdəbil Əyalətində yaşayan elat-əşayir tayfalarının problemlərindən biri də məhz içməli su ilə bağlıdır.

Ərdəbil Əyaləti Əşayirlərin işləri üzrə qurumun rəisi Mərifət Azəri sentyabrın 25-də Xalxal Əşayirlər Şurasının keçirdiyi iclasda bu türk tayfasının içməli su problemindən danışıb.
“Ərdəbil Əyaləti əşayirlərinin ən önəmli problemlərindən biri təmiz içməli suyun olmamasıdır. Hazırda əyalətdəki 148 qışlaq yerində içməli su təsisatı yoxdur. İnsanlar su ehtiyacını səyyar tankerlər vasitəsi ilə təmin edir”- deyə o bildirib.

M.Azəri təmsil etdiyi qurumun problemin həlli istiqamətində gördüyü işlərə işarə edərək əlavə edib ki, “Əşayirlərə su çatdırmaq üçün daha 8 tanker maşını alınıb. Bundan əlavə qışlaqlarda əhali arasında mədən suları butulkalarla pulsuz şəkildə paylanılır və su problemi nisbi də olsa, aradan qaldırılır.”

Şahsevən elat-əşayir tayfalarının əksəriyyəti Ərdəbil və Şərqi Azərbaycan əyalətlərində yaşayır. Bu türk tayfası özünəməxsus həyat tərzi ilə məşhurdur. Hazırda Ərdəbil Əyalətində 80 min nəfərdən çox olan 15 min əşayir ailəsi yaşayır. Onların Ərdəbil Əyalətində sayı son iki onillikdə 30 faiz azalıb. Ərdəbil rəsmiləri bunu onların gəlirinin az olması ilə izah edir. Şahsevən əşayirləri bir çox iqtisadi problemlə üz-üzə qaldıqları üçün doğma vətənlərini tərk edərək müxtəlif şəhərlərə üz tuturlar.

N.S
Bu xəbər oxucular tərəfindən 153 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed