Şrift:
Azərbaycanın sevimli rejissoru Yədulla Səmədi böyük izdihamla dəfn edilib
29.09.2018 [10:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Sentyabrın 25-də vəfat edən Güney Azərbaycanın tanınmış rejissoru Yədulla Səmədi cümə günü Tehranın “Beheşt Zəhra” qəbiristanlığında dəfn edilib.



Rejissorla vida mərasimi sentyabrın 28-də Tehranın Sinema Evində keçirilib, mərasimə rejissorun ailə üzvləri, dostları, həmkarları və dövlət rəsmiləri qatılıb.



“İlna” xəbər agentliyi yazıb ki, “mərasimin cümə günü keçiriməsinə rəğmən, Yədulla Səmədi ilə vidalaşmaq üçün çox sayda insan mərasimə qatılıb və böyük izdiham yaşanıb.”



Dəfn mərasimində aşıq Məhbub Xəlili bir neçə həzin mahnı oxuyub. Aşıq Məhbub ustad Y.Səmədinin məşhur “Saray” filmində rol alıb və mahnı ifa edib.



Ustad Y.Səmədinin qızı Bənəfşə Səmədi bir geniş mətn oxuyaraq mərasim iştirakçılarına öz təşşəkkürünü bildirib.



Azərbaycanın tanınmış rejissoru “Beheşt Zəhra” qəbiristanlığının incəsənət xadimlərinə məxsus bölümündə dəfn olunub.



Qaraciyər köçürülməsi əməliyyatı üçün bir müddət əvvəl Şirazın “Əbu Əli Sina” xətəxanasına yerləşdirilən rejissor ötən çərşənbə axşamı günü vəfat edib.



Çərşənbə günü Marağanın bələdiyyə başçısı, ustad Y.Səmədinin Marağada incəsənət xadimlərinə məxsus yerdə dəfn olunması üçün hazır olduqlarını bildirmişdir.



1952-ci ildə Güney Azərbaycanın Marağa şəhərində dünyaya göz açan rejissorun çəkdiyi bir çox kino-filmin mövzusu türk dili və mədəniyyəti, həmçinin Azərbaycan əyalətlərində baş verən hadisələrə həsr edilib. Onun bu yanaşması “Avtobus”, “Savalan”, “Dəli Dümrül” və “Saray” filmlərində əyani şəkildə öz əksini tapıb.



Rejissorun 1994 və 1997-ci illərində çəkdiyi ‘Dəli Dümrül’ və ‘Saray’ filmləri Güney Azərbaycanda türk dilində, ölkənin digər bölgələrində isə fars dilində nümayiş olunub.



Mərhum Səmədinin rejissoru olduğu ‘Təkəmçi’ adlı televiziya filmi isə İranda türk kimliyinin aşağılanması və türklərin paytaxt Tehranda lağa qoyulmasını təsvir edir.



Y.Səmədinin digər əsərlərinin böyük qismi komediya filmlərindən ibarətdir.
Bu xəbər oxucular tərəfindən 178 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed