Şrift:
“Hər azərbaycanlı şagird üçün türk dilində bir kitab” kampaniyası ikinci həftəyə daxil olub
01.10.2018 [10:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan şəhərlərində təhsil müəssisələrinin açılış günü ərəfəsində başlayan mədəni tədbirlər davam etməkdədir.

Ərdəbildə sentyabrın 23-də “Hər azərbaycanlı şagird üçün türk dilində bir kitab” şüarı ilə başlayan kampaniya ikinci həftəyə daxil olub.

Məlumata görə, azərbaycanlı fəallar İran və Güney Azərbaycanda həftənin birinci günü olan şənbə günündə müxtəlif məktəblərdə təhsil alan ərdəbilli şagirdlərə türk dilində kitablar hədiyyə ediblər.

Kitab paylayan fəallar eyni zamanda İranda türk dilinin rəsmi dil olması və ana dilində təhsilin əhəmiyyəti ilə bağlı söhbət edir, bu barədə şagirdlər, valdeynlər və müəllimlərin fikir və təkliflərini öyrənirlər. Məqsəd ana dilində təhsillə bağlı tam olaraq ortaq məxrəcə gəlmək və eyni mövqedən çıxış etməkdir.

Fəalların kitab paylama kampaniyası şagirdlər və onların valdeynləri tərəfindən böyük rəğbətlə qarşılanıb.

Güney Azərbaycanda yeni dərs ili və Beynəlxalq Ana Dili Günü ərəfəsində bir çox mədəni tədbir, o cümlədən kitab paylama kampaniyası həyata keçirilir. Ərdəbil belə tədbirlərin həyata keçirilməsində xüsusi aktivliyi ilə seçilən şəhərdir.

İranda türk dilinin rəsmi olması və ana dilində təhsil məsələsi uzun illərdir öz həllini tapmır, bu məsələ ilə bağlı yüzlərlə azərbaycanlı fəal saxlanılıb, işgəncə edilib və uzun illər həbs cəzası ilə üzləşib.

Aşağıdakı görüntülər fəalların sentyabrın 29-da azərbaycanlı şagirdlər arasında türk dilində kitab payladığını göstərir:
“Hər azərbaycanlı şagird üçün türk dilində bir kitab” kampaniyası ikinci həftəyə daxil olub“Hər azərbaycanlı şagird üçün türk dilində bir kitab” kampaniyası ikinci həftəyə daxil olub
Bu xəbər oxucular tərəfindən 422 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed