Şrift:
Azərbaycanda tarixi tapıntı: Qədim insan məskəni aşkarlandı
17.07.2012 [10:08] - Hadisə
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu, Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzi və Parisin Sen-Jermen Milli Muzeyinin birgə əməkdaşlığı ilə Lerikdə aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəl I minilliyə aid qədim əşyalar tapılıb.

Beynəlxalq arxeoloji ekspedisiyasının rəhbəri, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri namizədi Abuzər Ələkbərov deyib ki, Lerik rayonunun Kravelabi kəndi ərazisindəki qazıntılar zamanı II Kravelabi daş qutu qəbirlərindən maddi mədəniyyət nümunələri aşkar edilib. Bu materiallar erkən dəmir dövrünə aid yarpaqvari formalı dəmir nizə ucluğu, dəmir üzük, əqiq, pasta və şüşədən olan müxtəlif təyinatlı muncuqlar, erkən dəmir dövrü üçün xarakterik olan qum tərkibli zəif bişirilmiş qırmızı rəngli saxsı qablardan ibarətdir. Ekspedisiya, həmçinin III və IV Kravelabi abidələrində də kəşfiyyat xarakterli ilkin qazıntılar aparıb və əhəng daşlardan qurulmuş dolmen tipli qəbirləri üzə çıxarıb.
Ələkbərovun sözlərinə görə, Lerik rayonunda uzun müddət idi ki, arxeoloji tədqiqatlar aparılmırdı. Azərbaycan-Fransa arxeoloqları Lerikdə bu qazıntıları “Jak de Morqan irsinin tədqiqi” layihəsi çərçivəsində aparırlar.
Xatırladaq ki, fransız arxeoloqu Jak de Morqan 19-cu əsrin sonlarında Azərbaycanın cənub-şərq bölgəsində qazıntılar aparıb və topladığı materialları Parisə aparıb. Bu əməkdaşlıq çərçivəsində Parisdə olan maddi mədəniyyət nümunələri geniş şəkildə elmi tədqiqata cəlb olunacaq. Tədqiqatların nəticəsi ilə əlaqədar beynəlxalq sərgi keçiriləcək və orada Azərbaycanın maddi mədəniyyət nümunələri nümayiş etdiriləcək.
Bu xəbər oxucular tərəfindən 1921 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed