Şrift:
ATƏT PA-nın vitse-prezidenti Mərkəzi Asiya ölkələrinin Parlament Assambleyasının yaradılması təklifini irəli sürüb
05.10.2018 [10:18] - Gündəm, Siyasət
ATƏT Parlament Assambleyasının Bişkekdə keçirilən 17-ci payız sessiyası çərçivəsində “Mərkəzi Asiya və ondan kənarda təhlükəsizlik sahəsində qarşılıqlı dialoq” mövzusunda təşkil edilən konfransda qurumun vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev çıxış edib.

Deputat payız sessiyasının region və bütövlükdə ATƏT-in əhatə etdiyi ərazi üçün mühüm məsələlərə həsr olunduğunu söyləyib: “Bugünkü müzakirələr ortaq tarixə, coğrafi xüsusiyyətlərə və mədəniyyətə malik olan Mərkəzi Asiya dövlətləri arasında dialoqun gücləndirilməsi və etimadın möhkəmləndirilməsi prosesinə töhfə verməyə, eləcə də regional əməkdaşlığın tam gücü ilə inkişaf etməsinə dəstək göstərmək üçün parlamentarilərə mövcud mexanizmlərdən yararlanmağa imkan yaradır”.

Azay Quliyev bildirib ki, ATƏT Parlament Assambleyası müxtəlif fəaliyyət sahələrində dialoqun dərinləşdirilməsi üçün unikal çoxölçülü platformadır. ATƏT PA təhlükəsizlik və əməkdaşlıq sahələrini əhatə edən, üzv ölkələrdə və əhatə etdiyi dövlətlərdən kənarda regional inteqrasiya prosesinə dəstək vermək, təhlükəsizliyi və qarşılıqlı etimadı gücləndirmək üçün müxtəlif vasitələr və mexanizmlər təklif edən təşkilatdır.

Vitse-prezident konfransda etimadın möhkəmləndirilməsi və regional əməkdaşlıq vasitəsilə Mərkəzi Asiya ölkələrinin sərhədlərində mövcud olan problemləri və təhdidləri aradan qaldırmağın və onlara qarşı mübarizə yolları axtarmağın vacibliyini bildirib: “Bu problemlərin arasında ən çox narahatlıq doğuranları narkotik və silah alveri, qeyri-qanuni miqrasiya, dini ekstremizm və terrorizmin yayılmasıdır. Bunlar təkcə Mərkəzi Asiya ölkələrinə deyil, həm də bütün ATƏT regionunda sülh və təhlükəsizliyə birbaşa təhdiddir. Bu səbəbdən də bütün bu məsələlərin qarşılıqlı əməkdaşlıq şəraitində və vaxtında həlli ümumi maraq obyekti olmalıdır”.

Deputat parlamentarilərin diqqətini Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasına da çəkib: “Uğurlu nümunələrdən biri də Qazaxıstanda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasıdır. Bu hadisə qarşılıqlı inam və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi üçün yeni üfüqlər açır”.

Deputat bildirib ki, Mərkəzi Asiya ölkələri üçün regional parlamentlərarası dialoq və əməkdaşlıq üçün yeni bir platformanın yaradılmasına ehtiyac duyulur. Belə bir platforma regional əməkdaşlığı əhəmiyyətli dərəcədə möhkəmləndirəcək, eləcə də istənilən potensial problemin vaxtında qarşısının alınması və ən önəmlisi, qarşılıqlı maraq və anlaşma əsasında mövcud problemlərin həlli istiqamətlərində parlament diplomatiyası üçün birləşdirici amil olacaq. O, ATƏT PA-nın Əfqanıstanın regional proseslərdə daha yaxından iştirakına dəstək göstərmək üçün BMT ilə birlikdə Mərkəzi Asiya regionunda təhlükəsizliyin və etimadın möhkəmləndirilməsi üzrə birgə tədbirlər keçirməsinin faydalı ola biləcəyini bildirib.

Qeyd edək ki, oktyabrın 5-də Azay Quliyevin sədri olduğu ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun da iclası keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 432 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed