Şrift:
Türk dünyası coğrafiyasına həsr olunmuş məruzələr dinlənilib
05.10.2018 [10:22] - Türk dünyası-Turan
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun növbəti elmi seminarında bu il oktyabrın 11-dən 13-dək Almatı şəhərində V Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda iştirak edəcək alimlərin məruzələri dinlənilib.

İnstitutdan bildirilib ki, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov, akademik Ramiz Məmmədov və coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənovla birgə hazırladığı “Türk dünyasının coğrafi məkanı və geopolitik vəziyyəti” mövzusunda məruzə ilə çıxış edib. Tədqiqatçı bildirib ki, türk dünyası dövlətləri və xalqlarının Avrasiya materikində coğrafi məkanı, sərhədləri və təbii şəraiti əsaslı şəkildə təhlil edilib və onların etnocoğrafi məskunlaşma sahələrinin digər xalqlarla müqayisəsi aparılıb. Burada, həmçinin türk xalqlarının coğrafi məkanının tarixi-coğrafi analizi tədqiq olunub, onların geopolitik vəziyyəti və bəzi ekocoğrafi problemləri şərh edilib. Tarixi-coğrafi baxımdan Avrasiya materikinin əsasən kənarlarında yerləşmiş sivilizasiyalar arasında hərbi-siyasi, iqtisadi və mədəni əlaqələrin qurulmasında, əlverişli tarazlığın saxlanmasında türk dünyasının rolu qiymətləndirilib. Geopolitik cəhətdən türk dünyasının müasir və gələcək inkişafına təsir göstərən Qərbi və Şərqi Avropa, Şərqi Asiya, Cənub-Qərbi Asiya kimi əsas güc mərkəzləri ilə münasibətlərin perspektiv inkişafı dəyərləndirilib.

Sonra coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmraninin “Türkdilli dövlətlərin turizm potensialı və ondan istifadə yolları” mövzusunda məruzəsi dinlənilib. O, türk dünyası coğrafiyasının çox geniş olduğunu vurğulayıb, türkdilli dövlətlərin beynəlxalq aləmdə tanıdılması, onların davamlı iqtisadi inkişafa nail olmaları, keçid dövrü ilə əlaqədar məşğulluq problemlərinin aradan qaldırılması, əhalinin sosial rifah halının yüksəldilməsi digər bu kimi məsələlərin həlli istiqamətlərində turizm amilinin rolunu açıqlayıb. Z.İmrani turizm təsərrüfatında mövcud olan problemləri qeyd edərək, türkdilli dövlətlərdə turizmin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, turizm mübadiləsinin genişləndirilməsi, ortaq turizm marşrutlarının yaradılması təşəbbüsünü bildirib.
Bu xəbər oxucular tərəfindən 456 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed