Şrift:
Seymur Həsənli: "Bu hal keçici xarakter kəsb edir və müəyyən zamana hesablanmış siyasətdir».
17.07.2012 [16:17] - Güney Azərbaycan xəbərləri, Gənclik
«İran anlayışı ilə Azərbaycan anlayışı siyasi təzaddır."

«Hesab edirik ki, İran və Azərbaycan arasında informasiya qarşıdurması və fərqli səviyyələrdə münasibətlərdə mövcud olan gərginlik aradan qalxmaqdadır. Bunun üçün həm İran tərəfinin, həm də Azərbaycan tərəfinin iradəsi ortadadır».
Bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Gəncədə jurnalistlərə müsahibəsində bildirib.


Onun fikrincə, münasibətlərin mövcud vəziyyətə gəlməsində bəzi anti-Azərbaycan və anti-İran dairələri mühüm rol oynayıblar: «Bu iki dövləti bir-birinə qarşı qoymaq, bir-birinin üzərinə istiqamətləndirmək və onların arasında münasibətləri korlamaq, təəssüflər olsun ki, bəzi geosiyasi dairələrin, bəzi rəsmi və qeyri-rəsmi dairələrin maraqları çərçivəsindədir. Buna görə də, İran dövlətinin xüsusi elçisinin Azərbaycana gəlişi və cənab Prezidentin xüsusi olaraq İrana dəvət edilməsi, bu dəvət ətrafında ünvanlanan məktubdakı çağırışlar, düşünürük ki, bu dövlətin Azərbaycanla qarşıdurmadan çəkilmək meylini nümayiş etdirir. Əlbəttə, bu qarşıdurma bu gün müxtəlif səviyyələrdə gedir, o cümlədən iki azərbaycanlı gəncin İranda həbsi Azərbaycan ictimaiyyətində ciddi narahatlıq yaradıb. Düşünürük ki, yaxın zamanlarda bu gənclərin azad olunması baş tutacaq». Qeyd edək ki, Azərbaycan vətəndaşları — Fərid Hüseyn və Şəhriyar Hacızadə bu ilin mayında İranda həbs olunublar. Yaxınları onların bu ölkəyə poeziya festivalında iştirak etmək üçün getdiklərini bildirirlər. İran azərbaycanlı şairlərə qarşı casusluq və narkotika qaçaqmalçılığı kimi saxta ittihamlar irəli sürüb. Azərbaycan Xarici İşlər Nazirliyi bununla əlaqədar İrana bir neçə dəfə rəsmi nota verib.
Amma Azərbaycan cəmiyyətində İranın normal qonşuluq siyasətinə sadiqliyi şübhə doğurur. Bir çoxları bunu Tehranın növbəti siyasi gedişi hesab edir.

Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatının sədri Seymur Həsənli hesab edir ki, İranın Azərbaycana qarşı münasibəti açıq-aydın hər addımında görünür: «İran anlayışı ilə Azərbaycan anlayışı siyasi təzaddır. Nə qədər Azərbaycan var və güclənirsə, İran adlı dövlət daha çox təlaşa düşür. Çünki İranın əhalisinin yarısından çoxu Azərbaycan türküdür və şovinist fars rejimi onlara qarşı amansız siyasət yürüdür. Öz ana dilllərində təhsil almağı məhdudlaşdırmaqdan başlamış, müxtəlif səpkili represiyalara qədər. İran müstəqil Azərbaycan faktorunu hər zaman narahatlıqla qarşılayıb. Bu üzdən istər ötən il alimimizin həbs olunması, istərsə də şairlərin həbsi İranın Azərbaycanla bağlı tədirginliyinin göstəricisidir. İran əslində şairlərimizi girov götürməklə Azərbaycanda ifşa olunan casuslarının qaytarılmasını tələb edir. Ona görə də, Azərbaycanın beş notasına qarşı saymamazlıq nümayiş olundu. Bəzi ağzıgöyçəklər də başladılar ki, dövlət öz vətəndaşına sahib çıxa bilmir. Dövlət diplomatik səviyyədə nota verməkdən başqa nə edə bilərdi ki? Heç bir şey. Unutmayaq ki, Azərbaycan dövləti 2000-ci ildə «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidi İranın caynağından qurtarmışdı. Halbuki, Qənimət Zahid Azərbaycana qarşı dövlət-hakimiyyət tanımadan bütün günü tənqid və təhqirlə məşğul olurdu. O ki, qaldı son günlər İran adlı dövlətlə münasibətlərin normallaşmasına, bu hal keçici xarakter kəsb edir. Müəyyən zamana hesablanmış siyasətdir».

Oktay Hacımusalı
Bu xəbər oxucular tərəfindən 1150 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed