Şrift:
Azərbaycan gəncləri Pan Gi Muna səsləndi
17.07.2012 [16:28] - Gənclik
Ölkədə fəaliyyət göstərən bir qrup gənclər təşkilatı şairlərimizin İranda həbs olunması ilə bağlı BMT-yə müraciət edib

Azərbaycanda fəaliyyət göstərən bir qrup gənclər təşkilatı nümayəndələri BMT-nin baş katibi Pan Gi Muna müraciət edib. Davam.az-ın məlumatına görə, müraciətdə deyilir:

“Hörmətli baş katib!

Azərbaycan Respublikasının vətəndaşları olan gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə 2012-ci il aprelin 29-da poeziya festivalında iştirak üçün İran İslam Respublikasına səfər ediblər. Lakin, onlar tədbirdə iştirak etdikdən sonra mayın 2-də İranın Təbriz şəhərində mülki geyimli naməlum şəxslər tərəfindən oğurlanıb saxlanılıblar.

İki aydan çox keçməsinə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İran tərəfinə verdiyi rəsmi notalara, Azərbaycanın Tehrandakı Səfirliyi və Təbrizdəki Konsulluğunun cəhdlərinə, Azərbaycan ictimaiyyətinin müraciətlərinə və həbs olunan şairlərin valideynlərinin xahişlərinə baxmayaraq İranın dövlət orqanları Fərid Hüseyn və Şəhriyar Hacızadənin hansı motivlərə görə saxlanmaları ilə bağlı Azərbaycanın müvafiq dövlət strukturlarına hər hansı məlumat verməyiblər. Azərbaycanın Tehrandakı Səfirliyi və Təbrizdəki Konsulluğu nümayəndələrinin Fərid Hüseyn və Şəhriyar Hacızadə ilə görüşmək cəhdləri beynəlxalq konvensiyaya zidd olaraq baş tutmayıb.

Sonradan İranın bəzi kütləvi informasiya vasitələri həbsdə saxlanılan azərbaycanlı şairlər - Fərid Hüseyn və Şəhriyar Hacızadənin narkotik maddələrin qaçaqmalçılığında və İsrailə casusluqda təqsirləndirildikləri barədə məlumatlar yayıb, onların elan olunan ittihamları guya qəbul etdiklərini bildirib və bununla bağlı sənədlərin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təqdim olunduğunu göstəriblər. Lakin Xarici İşlər Nazirliyi bu cür məlumatların əsassız olduğunu qeyd edib, İranın rəsmi qurumları tərəfindən Xarici İşlər Nazirliyi, Azərbaycanın İrandakı Səfirliyi və Təbrizdəki Konsulluğuna hər hansı məlumat daxil olmadığını bəyan edib.

Biz – gəncləri təmsil edən bir qrup QHT nümayəndəsi İranda əsassız ittihamlarla saxlanılan Azərbaycan vətəndaşları Fərid Hüseyn və Şəhriyar Hacızadənin həyatına görə böyük narahatçılıq hissi keçirilirik. Onların qanunsuz şəkildə saxlanılması insan hüquqlarının kobud şəkildə pozulması deməkdir. İnanırıq ki, dünyada ən nüfuzlu beynəlxalq təşkilat kimi tanınan BMT İran İslam Respublikasına çağırışlar edərək Fərid Hüseyn və Şəhriyar Hacızadənin azadlığa buraxılması istiqamətində prinsipial və qətiyyətli addımlar atacaq”.

Müraciəti aşağıdakı şəxslər imzalayıb:

Gənclər Təşkilatlarının Milli Şurası - Şahin Seyidzadə
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı - Şahin İsmayılov
"İrəli" İctimai Birliyi - Rauf Mərdiyev
Dünya Gənc Türk Yazarlar Birliyi - Əkbər Qoşalı
Demokratik İslahatçı Gənclər İctimai Birliyi - Vüsalə Hüseynova
Avrasiya Hüquqşünaslar Assosiasiyası - Nadir Adilov
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi - Emin Həsənli
Gənclər üçün Təhsil Mərkəzi - Vüsal Quliyev
Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı - Vüqar Qədirov
“Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası - Nurəddin Mehdiyev
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı - Gülsel Səfərova
Azərbaycan - Amerika Gənclər Birliyi - Vüqar Əhmədov
Türkiyə Universitetləri Məzunları İctimai Birliyi - Çingiz Bayramov
Gələcəyə Doğru Gənclər İctimai Birliyi - Nəsimi Zeynalov
Gənc Vətənpərvərlər Birliyi - Müqamət Əliyev
Bu xəbər oxucular tərəfindən 1272 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed