Şrift:
AŞPA-nın İslam dininə düşmənçiliyi nədən qaynaqlanır? - Deputatdan AÇIQLAMA
12.10.2018 [10:12] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
"AŞPA-nın bu kimi davranışları bəşəriyyətin təhlükəsizliyi üçün ciddi təhdiddir”.

Sfera.az-a açıqlamasında bu sözləri Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Avropada İslam dininin yayılması üçün xarici ölkələr tərəfindən maliyyələşməni qadağan edən qanunun qəbuluna etiraz edərkən Milli Məclisin deputatı Fərəc Quliyev deyib.

Deputat qeyd etdi ki, Avropanın xristian məkanı islam dininin daha geniş areala yayılmasından qorxuya düşüb:

"Son zamanlar, xüsusən "ərəb baharı” adlanan prosesdən əvvəlki dövrdə Avropada İslam dininə münasibət yaxşı mənada dəyişmişdi. Hər il bu məkanda 10 minlərlə insan İslam dinini qəbul edirdi. Qərbdəki bəzi dairələr isə bundan narahat olmağa başladı. Üstəlik İslam arealında əhalinin sürətlə artımı baş verir. Bunun müqabilində xristian aləmində əhali sayında azalma tendensiyası özünü göstərir. Ona görə də Qərb dairələri tərəfindən böyük bir proje həyata keçirilməyə başlanıldı. "Ərəb baharı” kampaniyası da həmin projeyə daxil idi. Bu barədə Qərbdə deyirdilər ki, belə bir "ərəb baharı”nı yaradıblar, ancaq onun sonunun necə olacağını özləri də bilmir. Məqsəd İslam dünyasında xaos yaratmaq və millətlərin soyqırımına nail olmaqdan ibarət idi. Onun ardınca da İslam dinini hörmətdən salmaq üçün İŞİD kimi terrorçu təşkilatı yaratdılar. Onun İslam dininə heç bir aydiyyatı yoxdur. İŞİD əksinə, İslam dünyasını qarşı-qarşıya qoydu, təriqətlərarası düşmənçiliyi yayaraq dərinləşdirdi. Onun ardınca Avropada İslam dininə münasibətdə neqativ mənada üçüncü bir addım atılır, dinimizin daha da genişlənməsinə əngəl yaradılırsa, bu da sadəcə olaraq müsəlmanların sayının artmasından qorxuya düşmələrindən qaynaqlanır. Ona görə də bu yolla da İslam dünyasında xaos toxumu səpməyi düşünürlər. Xristian dünyası mütəmadi olaraq İslama qarşı bu cür savaş açıb. Tolerant olaraq Azərbaycan bütün dinlərə bərabər münasibət bəsləyir. Buna heç kəsin şübhəsi ola bilməz. Çünki Azərbaycanda həm kilsə, həm məscid, həm də sinaqoqlar yan-yanadır. Ölkəmizdə kimisə hər hansı bir dinə etiqad göstərdiyinə görə ayırmırlar. Amma görünən odur ki, bizlər tolerant yanaşsaq da, Avropada İslam dininə qarşı xüsusi bir münasibət var.

Müsəlman olaraq AŞPA-nın həmin qərarından təəssüflənir və məyus oluruq. AŞPA-nın bu kimi davranışları bəşəriyyətin təhlükəsizliyi üçün ciddi təhdiddir. Çünki belə məsələlər bumeranq xarakteri daşıyır, sonradan təpki alır. Ona görə də baş verəcək dinlərarası münasibətlərdəki ziddiyyələrə görə məsuliyyət bu kimi qərarları qəbul edən beynəlxalq təşkilatların üzərinə düşür".

Qeyd edək ki, AŞPA Avropada İslam dininin yayılması üçün xarici ölkələr tərəfindən maliyyələşməni qadağan edən qanun layihələri səsverməyə çıxarılıb. Səsvermə öncəsi Azərbaycan və Türkiyə nümayəndələri İslamın hədəf alınmasına etirazını bildirib və İslam düşmənçiliyi ilə bağlı xəbərdarlıq edib. Layihə 115 nəfər lehinə olmaqla qəbul edilib.

ELÇİN/Sfera.az
Bu xəbər oxucular tərəfindən 537 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed