Şrift:
Astarada azərbaycanlı şagirdlərə türk dilində kitablar hədiyyə edilib
16.10.2018 [11:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan şəhərlərində yeni dərs ili ərəfəsində başlayan mədəni tədbirlər hələ də davam etməkdədir.

Təhsil müəssisələrinin açılışı günü “Hər azərbaycanlı şagird üçün türk dilində bir kitab” şüarı ilə başladılan kampaniyanın Astara şəhərində davam etdirildiyi bildirilir.

Məlumata görə, Azərbaycanlı milli-mədəni fəallar oktyabrın 12-i və 13-də astaralı məktəblilər arasında türk dilində kitablar paylayıb. Fəallar şəhərin müxtəlif məhəllələrini gəzərək məktəblilərə kitab çatdırıblar.

Təhsil müəssisələrinin açılışından 20 gündən çox keçməsinə baxmayaraq hələ də bir neçə Azərbaycan şəhərində kitab paylama kampaniyası davam etdirilir.

Ötən günlərdə Ərdəbil, Meşginşəhr (Xiyav) və Zəncan şəhərlərində çox sayda şagirdə kitab hədiyyə edilmişdir.

Fəallar kitab paylamaqla yanaşı uşaqlar və ətrafdakı digər soydaşlarımıza ana dilində təhsilin əhəmiyyəti və İranda Azərbaycan türk millətinin milli kimliyi və ədəbiyyatına qarşı təzyiqləri də şərh ediblər.

Fəalların kitab paylama kampaniyası şagirdlər və onların valdeyinləri tərəfindən böyük rəğbətlə qarşılanıb.

Güney Azərbaycanda yeni dərs ili, Beynəlxalq Ana Dili Günü və Novruz bayramı günlərində bir çox mədəni tədbir, o cümlədən kitab paylama kampaniyası həyata keçirilir. Bu il isə təhsil müəssisələrinin açılışı günü “Hər azərbaycanlı şagird üçün türk dilində bir kitab” şüarı ilə başlayan kampaniya daha geniş şəkildə həyata keçirilib.

İranda türk dilinin rəsmi olması və ana dilində təhsil məsələsi uzun illərdir öz həllini tapmır. Bu məsələ ilə bağlı yüzlərlə azərbaycanlı fəal saxlanılıb, işgəncə edilib və uzun illər həbs cəzası ilə üzləşib. İranın bu siyasəti Beynəlxalq Əfv Təşkilatı tərəfindən dəfələrlə pislənilib.
Bu xəbər oxucular tərəfindən 50 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed