Şrift:
Azərbaycanda rus dili problemi - “qızıl orta”nı necə tapmalı?
17.10.2018 [10:19] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Uşaqlarımızın qafasına rusmeylliyi salmaq yanlışdır”

Tənzilə Rüstəmxanlı: “Müstəqilliyi qazanmadıq ki, dilimiz əldən getsin”

Azərbaycanda rus dili ilə bağlı müzakirələr son günlərdə yenidən qızışıb. Parlamentdə rus dili ilə bağlı son müzakirələrdən sonra bu məsələ xüsusilə aktuallaşıb.

Rus dilinin ölkəmizdə ayaq açıb yeriməsi, rusdilli məktəblərə meylin artması, valideynlərin orta təhsil üçün övladlarını bu tipli məktəblərə yönləndirmə hallarının çoxalması və bu qəbildən digər məsələlərlə bağlı müxtəlif mövqelər var. Rus dilinə yaradılan şərait daha çox tənqid olunur.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev rusdilli məktəblərin çoxluğundan şikayətləndi: “Prezident seçkilərində və parlamentdəki çıxışlarımda bildirmişəm ki, Azərbaycanda 200-dən çox rus məktəbinin olması doğru deyil. Burada yaşayan rus əhalisi ilə müqayisə edəndə Rusiyada da 3 milyondan çox azərbaycanlı yaşayır. Mən təklif və tələb etmişdim ki, Azərbaycanda rusdilli məktəblər ləğv olunmalı, sadəcə olaraq, Azərbaycan məktəblərində rus dili ilə maraqlanmaq istəyənlər rus bölmələrində ola bilərlər.

Bundan əlavə, rus icmaları özlərinin bazar günü məktəblərini açsınlar. Dövlət dili Azərbaycan dilidir. Hər bir adam da dilimizdə təhsil almalı və bunu bilməlidir. Mən rus dili və başqa əcnəbi dillərin öyrənilməsinin tamamilə tərəfdarıyam. Amma düşünülmüş şəkildə bunu dominant vəziyyətə gətirmək, dəb halına saldırmaq, bununla Azərbaycan uşaqlarının qafasına rusmeylliyi salmaq yanlışdır. Hesab edirəm ki, ingilis dili və digər xarici dillər hansı səviyyədə öyrədilirsə, rus dili də eyni səviyyədə öyrədilməlidir. Xüsusi imtiyazlar verilməli deyil. Azərbaycanda başqa icmalar da var. Onların dillərində məktəblər yoxdur, amma rus dilində var. Məktəblərimizdə rus dili xarici dil səviyyəsində tədris olunmalıdır”.

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı “Yeni Müsavat”a açıqlamasında kifayət qədər sərt danışdı: “Bu məsələ ilə bağlı daim münasibətimizi sərgiləmişəm. Unutmaq olmaz ki, dövlətin rəsmi dili Azərbaycan dilidir. Özünə hörmət edən millət və dövlət bu dili hər şeydən üstün tutmalıdır. Milləti, dövləti var edən atributlardan biri onun dilidir. Bu dili başqa dillərin geriyə atmasına imkan vermək bir millətin özünə ən böyük hörmətsizliyidir. Təəssüflər olsun ki, bu gün rus dili Azərbaycan dilini ölkəmizdə rəsmi orqanlardan tutmuş, digər yerlərədək, sıradan çıxarmaqla məşğuldur. Bunu kim yaradır? O nazirliklərdə, rəsmi qurumlarda çalışanlar, onun başında duranlar yaradırlar. Dilimiz aşağılanır, ona üstdən aşağı baxılır. Dəfələrlə demişik ki, hansı dillər olursa, qoy öyrənilsin, övladlarımız daha çox dil bilsinlər. Nə qədər çox dil bilsələr, bir o qədər yaxşıdır. Amma heç bir halda dilimizin arxa plana keçməsinə imkan vermək olmaz. Valideynlərimiz övladlarını orta məktəblərə qoyanda daha çox rus sektoruna, bölməsinə üstünlük verirlər. Niyə axı? Ay əzizlərim, rus dilini müəllim tutub öyrədin. Digər tərəfdən, məktəblərimizin çoxunda rus dili də, ingilis dili də keçilir. Övladlarımızın təhsillərini ana dillərində almaları çox vacibdir. Azərbaycan dili ilə bağlı rəsmi səviyyədə mövqe bildirilməlidir. Millət buna mövqeyini bildirir. Amma ən azından, bu işlərin qarşısını almaq üçün bəzi addımlar atılmalıdır. Bir ölkənin Xarici İşlər Nazirliyinin dəhlizlərində rus dilində danışılır. Daha nə deyəsən? Küçələrdə gəzən gənclər bir də görürsən ki, rus dilində danışır, sanki öz dilində danışanda yad bir dildə danışırlar. Baxırsan ki, rus dilini daha yaxşı bilirlər. Bunların hamısı ürəkağrıdıcıdır. Mütləq bunların qarşısı alınmalı, hər yerdə tənqid atəşinə tutulmalıdır. Biz demirik ki, rus dilinə nifrət edilsin. Mən də bu dili bilirəm. Bu dil önəmli dillərdən biridir. Postsovet ölkəsinin əksər yerində bu dildə anlada bilirsən. Bu baxımdan rus dilini öyrənməyə heç kəs etiraz etmir. Amma dövlətin rəsmi dilinə hörmət etmək hər birimizin borcudur. İzn verməmək lazımdır ki, başqa dillər onun önünə keçsin. Bəzi məsələlər var ki, bizdən asılı deyil. Biri mənə bu halı onunla izah edir ki, kitabları tapmaq olmur. O zaman tərcümə mərkəzlərinə üz tutmaq olar. Çox uzağa getməyin, Gürcüstana gedin. Orada rus dilində nəyisə soruşursan, ya cavab vermir, ya da olduqca soyuq cavab verirlər. Gənclərin çoxu isə bu dili bilmir. İndi onlar digər dövlətlərə gedə bilmirlər? Hər yerə də gedirlər. Üç ay öncə orada oldum. Görüşlər də keçirdim. Gördüm ki, ingilis dilini o qədər super bilirlər, amma bu dildə iki gürcü bir araya gələndə belə danışmır. Amma AZAL-ın təyyarəsinə minirsən, görürsən ki, xidmətçilərin tam əksəriyyəti rus dilində danışır. Onun üçün müstəqilliyi qazanmadıq ki, dilimiz əldən getsin”.

Aynur Camalqızı: “Bu, öz dilinə yuxarıdan aşağı baxmaqdır”

“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı hesab edir ki, rus dili ilə bağlı belə müzakirələrin illərlə davam etməsi dillərə olan münasibətimizin normal olmamasından irəli gəlir: “Biz dillə bağlı çox ciddi kompleks yaşayırıq. Belə düşüncələr var ki, rus dilini bilən insanlar daha mədəni, təhsilli, dünyagörüşlü, intellektualdır. Bu yanaşma absurddur. Çox dil bilməyin əleyhdarı deyiləm. Əksinə, çox dil bilmək böyük üstünlükdür. Rus dilini bilməyin də böyük üstünlükləri var. Çünki bu dil böyük bir coğrafiyada hegemondur. Bu dili bilmədən MDB məkanında, keçmiş sovetlərdə mövcudluğunu qoruyub saxlamaq çox çətindir. Nə qədər də işğal, Qarabağ faktorunu önə çəkib bu dili öyrənməkdən qaçsaq da, düşünürəm ki, rus dilindən qaçmaq mümkün deyil. İstək və arzularımızdan asılı olmayaraq rus dili hegemonluğunu qazanıb. Həm də bu dili bilmək onun üçün lazımdır ki, mütaliə üçün lazımi ədəbiyyatların tam əksəri bu dildədir. Azərbaycan dilinə tərcümələr edildikdə demək olar ki, orijinaldan əsər-əlamət qalmır. Bu və ya digər səbəblər rus dilini öyrənməyimizin nə qədər əhəmiyyətli olduğunu göstərir. Amma burada problem ondadır ki, biz bu dilə normal yanaşma sərgiləyə bilmirik. Bu dili bilmək o demək deyil ki, məişətimizə gəlməli, evimizə girməli, valideynlərimiz və övladlarımızla bu dildə danışmalıyıq. Bu, öz dilinə yuxarıdan aşağı baxmaqdır.

Bir fakt deyim. Osmanlı İmperiyası uzun zaman dünyaya hegemonluq etmiş bir imperatorluq olub. Bu imperiyanın üzərində qurulan indiki Türkiyədə insanların çoxu ən müxtəlif dünya dillərini bilirlər. Amma küçədə, hər hansı bir tədbirdə, mağazada və digər yerlərdə bu dildə danışmırlar. Bu, özgüvən deməkdir. Çünki bu toplum uzun illər bir imperiya daxilində olub və özlərinin Türkiyə türkcəsini seviblər. Öz şəxsiyyətlərinə, toplumlarına sevgilərinin olduğunu da xüsusi qeyd etmək lazımdır. Ona görə ingilis və digər xarici dili bilən türk heç vaxt sizinlə o dillərdə danışmayacaq. Əksinə, sizi məcbur edəcək ki, onların dilində danışın. Örnək götürüləcək çox yaxşı nümunədir. Azərbaycan türklərinin dilə yanaşmalarını heç cür normal qəbul etmək mümkün deyil. Açığı, bilmirəm ki, bununla bağlı nə etmək lazımdır. Düşünürəm ki, bu məsələdə çox ciddi dönüş olmalıdır. Güclü mövqe ortaya qoyulmalıdır ki, insanların dilə münasibətləri dəyişsin. Bir dili öyrəndinsə, bu, o demək deyil ki, öz ana dilini unutmalısan. Bu gün Azərbaycanda çox təəssüflər olsun ki, bütün ailələrdə rusdilli dayələr tutulur, uşaqların mütləq şəkildə rus dilini bilmələri üçün çabalar göstərilir. Övladlarımızı məcbur edirik ki, rus dilində danışsınlar. Bütün bunlara yol verməmək üçün qızıl ortanı tapmaq lazımdır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 655 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed