Şrift:
Vergilər Nazirliyi: "Kupça"sı olmayan evlərə görə əmlak vergisi ödənilməməlidir
17.10.2018 [10:35] - Gündəm, Sosial
Azərbaycanda bəzi bələdiyyələr xüsusi mülkiyyəti təsdiq edən sənədi (“kupça”) olmayan fərdi evlərin sakinlərinə müraciət edərək onlardan əmlak və torpaq vergisinin ödənilməsini tələb edirlər. Vətəndaşlara bələdiyyələr tərəfindən təqdim edilmiş tədiyyə bildirişlərində hətta bu da xüsusi qeyd edilir ki, vergini müəyyən edilmiş müddətdə ödəməsələr, Vergi Məcəlləsinə uyğun olaraq, onların ödənilməmiş vergi məbləğinə 0,1 faiz məbləğində əlavə ödəniş hesablanacaq və maliyyə sanksiyası tətbiq ediləcək. Bununla da bələdiyyələr vətəndaşları həmin vergilərin onlar tərəfindən qanunauyğun şəkildə toplanıldığına inandırmaq istəyirlər.

Lakin məlum olub ki, bələdiyyələrin vergi ödənişi ilə bağlı etdikləri bu tələb qanunauyğun deyil.

Məsələ ilə bağlı Trend-in sorğusunu cavablandıran Vergilər Nazirliyi xüsusi mülkiyyəti təsdiq edən sənədi olmayan fərdi evlərə görə əmlak və torpaq vergisinin toplanılmasının düzgün olub-olmadığına aydınlıq gətirib.

Nazirlikdən bildirilib ki, Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə görə, fiziki şəxslər onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə müəyyən edilmiş dərəcələr tətbiq olunmaqla (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə əmlak vergisi ödəyirlər.

Nazirlik "xüsusi mülkiyyətdə olan binalar"ın hansı binalara şamil olunduğunu da açıqlayıb.

Bildirilib ki, əgər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş mülkiyyəti təsdiq edən sənədi yoxdursa, o zaman həmin binaya əmlak vergisi hesablanmamalıdır:

“Əmlak vergisi yalnız mülkiyyəti təsdiq edən sənədi olan əmlaklar üçün tətbiq edilir. Qanunvericilikdə “kupça”sı olmayan evlərə görə əmlak vergisi nəzərdə tutulmayıb. Belə hallarla üzləşən vətəndaşlar yerli bələdiyyələrə müraciət edərək Vergi Məcəlləsinin 197.1.1 maddəsinə istinad edə bilərlər. Həmin maddəyə görə, yalnız xüsusi mülkiyyətdə olan evlər üçün əmlak vergisi hesablanır”.

Nazirlikdən qeyd edilib ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 12.1-ci bəndində də “xüsusi mülkiyyət” anlayışı dəqiqləşdirilib. Qanunun həmin maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir:

“Ona görə də Dövlət Reyestr Xidmətindən çıxarış olmadıqda həmin mülk xüsusi mülkiyyətdə olan əmlak sayılmır və onun üçün əmlak vergisi hesablanmır”.

Sənədi olmayan həyətyanı sahələr üçün bələdiyyələr tərəfindən torpaq vergisinin toplanılmasına gəldikdə, Vergilər Nazirliyindən bildirilib ki, qanunvericiliyə görə, fiziki şəxslərin və müəssisələrin Azərbaycan ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır:

“Vətəndaşın evinin mülkiyyəti təsdiq edən sənədi olmaya bilər, amma həmin torpaq onun istifadəsindədirsə, torpaq vergisi ödənilməlidir. Məsələn, Sumqayıtda olan və 10 min kvadrat metrədək torpaqların hər 100 kvadrat metrinə (1 sot) görə 50 qəpik, 10 min kvadrat metrdən artıq olan torpaqların hər 100 kvadrat metrinə görə 1 manat torpaq vergisi hesablanır. Əgər torpaq 3 sotdursa, onda vətəndaş 1 manat 50 qəpik torpaq vergisi ödəməlidir”.
Bu xəbər oxucular tərəfindən 27 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed