Şrift:
Azərbaycan nümayəndə heyəti Parlamentlərarası İttifaqın 139-cu Baş Assambleyasında iştirak edir
18.10.2018 [11:07] - Gündəm, İqtisadiyyat
İsveçrənin Cenevrə şəhərində dünyanın ən böyük parlament qurumu olan Parlamentlərarası İttifaqın 139-cu Baş Assambleyası keçirilir.

Dünyanın bir çox ölkəsindən 1300-dən artıq deputatın və parlament nümayəndələrinin iştirak etdiyi tədbirdə “Texnoloji dəyişiklik və innovasiya dövründə sülh və inkişafın təşviqində parlamentlərin rolu” mövzusu ətrafında fikir mübadiləsi aparılır. Həmçinin Assambleyanın müxtəlif komitələrində sülh və beynəlxalq təhlükəsizlik, insan hüquqları, miqrasiya, dayanaqlı inkişaf məqsədləri kimi mövzulara aid məsələlər müzakirə olunur.

Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Ümumi müzakirələrlə yanaşı, Azərbaycanın nümayəndə heyəti Assambleya çərçivəsində təşkil edilən Gənc Parlamentarilər Forumunda da iştirak edib.

Assambleya çərçivəsində nümayəndə heyətinin rəhbəri Valeh Ələsgərov Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqla görüşüb. Görüşdə təşkilatla Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Bundan əlavə bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə də görüşlər keçirilib.

Əsası 1889-cu ildə qoyulmuş Parlamentlərarası İttifaq müstəqil dövlətlərin parlamentlərinin ümumdünya təşkilatıdır. Qərargahı Cenevrə şəhərində yerləşir. Azərbaycan Respublikası Parlamentlərarası İttifaqa təşkilatın 1993-cü il aprel ayının 12-17-də Dehlidə keçirilmiş 89-cu Assambleyasında üzv qəbul olunub. Milli Məclisin 8 deputatından ibarət nümayəndə heyəti İttifaqda təmsil olunur.

Baş Assambleya öz işinə oktyabrın 18-də yekun vuracaq.

Elgün Niftəli
Bu xəbər oxucular tərəfindən 397 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed