Şrift:
Müstəqilliyin 27 ili: İstiqlalçı deputatlara imtiyazlar verilməlidir - MÜSAHİBƏ
18.10.2018 [14:32] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
"Rusiya Avrasiya İttifaqı adı ilə SSRİ-ni bərpa etmək istəyir”

18 oktyabr Azərbaycanda Dövlət Müstəqilliyi günüdür. 27 il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni 4 gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxladı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edildi. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından bəhs edərkən heç şübhəsiz, tarixə “İstiqlalçı deputatlar” adı ilə düşən 43 nəfər xatırlanır. Onlar bu yolda canından keçmiş sələflərinin, ümumilikdə xalqın istəyini öz imzalarında tarixiləşdiriblər.

“Cümhuriyət” qəzetinin müsahibi Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktına imza atan deputatlardan biri, “Müstəqil Azərbaycan” deputat blokunun üzvü olmuş, Milli Məclisin üzvü Fərəc Quliyevdir.

- 1991-ci ilin martında keçirilən SSRİ-nin saxlanması haqqında referendumda Azərbaycandan müsbət qərar çıxmışdı. Necə oldu ki, 8 ay sonra kommunistlər fikrini dəyişdi?

-Bəzən Milli Azadlıq Hərəkatını gözdən salmağa, rolunu aşağılamağa çalışırlar. Deyirlər ki, müstəqillik verilib. Heç bir ölkəyə azadlıq verilmir, azadlıq qazanılır. Mən o dönəmdə deputat idim. Yəni, Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını hazırlayan adamlardanam. Faktiki olaraq o dönəmdə SSRİ-nin saxlanmasına səs verənlər Azərbaycanın müstəqilliyi əleyhinə çıxıb. Yalnız 43 nəfər SSRİ-nin saxlanmasının əleyhinə səs verib. Buna görə aclıq aksiyası keçirdik. Hətta bizi zorla parlamentdən çıxardılar. Amma biz xalqın iradəsini ifadə edirdik. Bu, təkcə 43 nəfərin gücü deyildi. Küçədə mitinqlər, tətillər gedirdi, dirəniş vardı. Bu, zaman-zaman aparılan mübarizənin son nəticəsi idi. SSRİ-nin saxlanmasının tərəfdarı olanlar da bir müddətdən sonra xalqın təpkisi qarşısında dayana bilmədilər və fikirlərini dəyişdilər. Bəzən deyirlər ki, SSRİ özü dağıldı. Heç bir vaxt SSRİ özü-özünə dağılmazdı. Bu gün Rusiya köhnə SSRİ-nin sərhədlərini Avrasiya İttifaqı, həmçinin Kollektiv Təhlükəsizlik adı altında bərpa etmək istəyir.

- Azərbaycandan öncə hansı respublikalar Müstəqillik haqqında Konstitusiya Aktı qəbul etmişdi?

-Mən konkret danışa bilməyəcəyəm. Amma o ərəfədə bir neçə respublikada bu baş vermişdi. Hesab edirəm ki, Orta Asiya və Baltikyanı ölkələrdə də bu hadisə olmuşdu. Zaman məsələsini dəqiq xatırlamıram.

- Belə bir fikir var ki, Azərbaycan xalqı boşuna Moskvaya müqavimət göstərib. 20 Yanvar, meydan hadisələri olmasa belə, dövlət müstəqilliyi qazanılacaq, yəni, müstəqillik yuxarıdan veriləcəkdi Orta Asiya dövlətlərini misal çəkir, deyirlər ki, onlar mübarizə aparmadan müstəqil oldular. Bu fikrə münasibətiniz necədir?


-Əsrlərlə xalqımız həm Güney, həm də Quzey Azərbaycanda istiqlal savaşı aparıb. Bir əsrdə 4 dəfə milli dövlət qurmuşuq- 1918-20-ci illərdə Quzeydəki hadisələr, Güneydə Səttarxan, Xiyabanı, Pişəvəri, 1979-cu ildə Şəriətmədari hərəkatları, 1990-cı ildə Quzey Azərbaycanda xalq hərəkatı. Heç vaxt mübarizə səngiməyib. 1930-cu ildə qaçaq hərəkatı var idi. Yəni, bu hərəkatlar hər yerdə gedirdi, xalqlar bu mübarizəni aparırdı. Bu müstəqilliyi, azadlığı bu xalqlar bir yerdə qazanıblar, onlara heç nə verilməyib. Bunu birmənalı şəkildə dərk etmək lazımdır.

- O zaman SSRİ-nin saxlanmasının lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə olub. Xalq arasında “Demokratik blok” adlanan “Müstəqil Azərbaycan” blokunun cəmi 25 deputatı vardı. Necə oldu ki, sizinlə olmayanları da sənədə səs verməyə razı sala bildiniz?


-“Müstəqil Azərbaycan” blokunun 25 üzvü vardı. Yalnız SSRİ-nin saxlanmasının əleyhinə səs verən “Demblok” üzvü olmayan 18 nəfər idi ki, onların arasında mərhum prezident Heydər Əliyev də vardı. Onlar sözügedən blokun üzvləri deyildilər, amma səs verdilər.

- Baltikyanı dövlətlərdə dövlət müstəqilliyinə səs vermiş deputatlar yüksək mükafatlar alıblar. Müstəqilliyə səs vermiş deputatların çoxu dövlət idarəçiliyindən kənarda qalıb. Bəziləri heç təqaüd belə almır. Sizcə bu ədalətlidirmi?

-Ümumiyyətlə, bu məsələni bir neçə dəfə parlamentdə qaldırmışam. Dünyanın hər yerində, xüsusən, potsovet məkanında, Moldovada istiqlalçı deputatlara xüsusi statuslar verilib. Onlar parlamentdə səsvermə hüququ olmadan gəlib iştirak edirlər.

Onların hamısına Milli Qəhrəman adı verilib. Şəhərin mərkəzində evlərlə, hətta avtomobillə təmin olunurlar. Prezident təqaüdü alırlar. Bir sözlə, bütün imkanlardan yararlanmaq hüququ verilir. Bu deputatlara xüsusi hörmət var. Əfsuslar olsun ki, Azərbaycanda bu yanaşma yoxdur. Ümid edirəm ki, gec də olsa, bunu ölkəmizdə də tətbiq edəcəklər. Çünki o deputatlardan bir xeylisi dünyasını dəyişib, pis vəziyyətdə yaşayanlar var. Hesab edirəm ki, bu məsələyə yenidən baxmaq lazımdır.

-Müstəqillik uğrunda meydanlarda mübarizə aparmış insanlar da var ki, fəaliyyəti qiymətləndirilməyib. Onlarla bağlı hansısa addım atılmalıdırmı?


- Qeyd etdiyim kimi, “Demblok”da 25 nəfər idik. Biz xalqdan qaynaqlanırdıq. Biz - 25 nəfər neyləyə bilərdik? Biz xalqın arzularının ifadəçisi idik. Fədakarlıq göstərən xalq olmasaydı, bu insanlar olmasaydı, təbii ki, heç bir iş görməzdik. Ona görə də bu insanların fəaliyyətləri qiymətləndirilməlidir.

Alçina Amilqızı
Cebhe.info
Bu xəbər oxucular tərəfindən 575 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed