Şrift:
Azərbaycan və Gürcüstan parlamentləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
19.10.2018 [10:50] - Gündəm, Borçalı
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Tbilisidə səfərdə olan KİV nümayəndələrinin və deputatların bir qrupu oktyabrın 18-də Gürcüstan parlamentində olub.

Görüşdə Azərbaycan-Gürcüstan parlamentlər arası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Fondun icraçı direktoru Vüqar Səfərli Azərbaycan media mənsublarının Tbilisiyə səfərinin məqsədi barədə məlumat veriblər.

Ə.Amaşov deyib ki, ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Münasibətlərimizin belə yüksək səviyyəyə çatmasında parlamentlərin rolunu xüsusi vurğulayan Mətbuat Şurasının sədri beynəlxalq tədbirlərdə milli maraqlarımıza cavab verən taleyüklü məsələlərdə deputatlarımızın eyni mövqedən çıxış etmələrini yüksək qiymətləndirib.

V.Səfərli ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsində kütləvi informasiya vasitələrinin rolunu xüsusi qeyd edib. Hər iki ölkənin media nümayəndələri arasında birbaşa əlaqələrin yaradılması üçün qarşılıqlı səfərlərin və tədbirlərin təşkilinin vacibliyini bildirib.

Gürcüstanın GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Gürcüstan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvü Giorgi Mosidze bildirib ki, ölkəsi Azərbaycan ilə əlaqələrin bütün sahələrdə inkişafında maraqlıdır. O, deputatların və KİV nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili və intensivləşdirilməsi üçün səylərini artıracağını bildirib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov iştirak edib.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 164 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed