Şrift:
Ermənistanın Qarabağa üçüncü yolu danışıqlar yolunu qapadır
19.10.2018 [12:34] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Deputatdan Kəlbəcərdə tikilən qəsəbənin, yeni çəkilən yolların vurulması çağırışı...

Ermənistan işğal Qarabağa üçüncü avtomobil yolunu çəkməyə hazırlaşır. Bazar ertəsi Qarabağda Ermənistanla Qarabağ arasında üçüncü yolun tikintisinə dair müzakirələr keçirilib. Plana görə, bu yol Araz çayı boyunca, yəni, Zəngilan, Cəbrayıl və Füzulidən keçməlidir.

Ermənistan KİV-in məlumatına görə, layihənin reallaşması ilə “Arsax Ruts İnvestment” (ARİ) investisiya şirkəti məşğul olacaq. Bundan əlavə, şirkət Laçın rayonunda 20, Kəlbəcərdə 50 mənzil inşa edəcək. Mənbənin məlumatına görə, ARİ-nin arxasında avstraliyalı ermənilər durur. Kəlbəcərdə tikməyə hazırlaşdıqları qəsəbənin “Sidney qəsəbəsi” adlandırıblar.

Xatırladaq ki, hazırda Ermənistanla Qarabağı Laçın və Kəlbəcər yolu birləşdirir. Üçüncü yolun layihə müzakirə edilən gün Ermənistan prezidenti Armen Sarkisyan da Dağlıq Qarabağa gəlib.

Azərbaycanın Xarici İşlər Nazirliyi Kəlbəcərdə Sidney qəsəbəsinin salınması ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, danışıqlar prosesinin ruhuna, MDB-nin Düşənbə sammiti əsnasında aparılmış müzakirələrə zidd olaraq, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətin davam etdirilməsi münaqişənin həlli istiqamətində beynəlxalq səylərə xələl gətirir: “Bu kimi əməllər Ermənistanın sözü ilə əməlləri arasında ziddiyyətin olduğunu, bu ölkənin qeyri-konstruktivliyini və münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını növbəti dəfə nümayiş etdirir. Azərbaycanın işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən məskunlaşmanın aparılması, demoqrafik vəziyyətin dəyişdirilməsi və digər bu kimi qeyri-qanuni əməllərin həyata keçirilməsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməlləri məsələsi davamlı surətdə qaldırılır”.

Deputat Fərəc Quliyev isə musavat.com-a bildirdi ki, Qarabağa üçüncü yolun çəkilməsi planı Ermənistanın Qarabağ məsələsinin həll edilməsində marağının olmadığının, eyni zamanda heç bir işğal etdiyi rayondan geri çəkilmək fikrinin olmadığının daha bir sübutudur. Ermənistanın üçüncü yol çəkməsi danışıqlar yolunun qapadılması deməkdir: “Onsuz da Qarabağ məsələsinin dinc yolla, danışıqlar yolu ilə həlli mümkün deyil. Bunu biz dəfələrlə qeyd etmişik. ATƏT-in Minsk qrupunun üç həmsədrinin hər üçü ermənilərin ən çox diasporu olan ölkələrdirlər. Ermənistan əslində bu üç dövlətin üçünün də forpostudur. Ona görə də Minsk qrupu həmsədrləri ermənilərin xeyirinə olan status-kvonu saxlamaq istəyirlər. Ermənistan isə bundan mümkün qədər yararlanmağa çalışır, işğal etdiyi rayonlarda məskunlaşmanı artırır, Laçında, Kəlbəcərdə yeni qəsəbələr salır, yol çəkilişləri həyata keçirir. Bu cür hərəkətlər göstərir ki, ermənilər işğal etdikləri əraziləri öz xoşları ilə tərk etmək fikrində deyillər. ABŞ-ın İrəvandakı səfiri də bir neçə gün öncə açıq şəkildə dedi ki, ərazilərin boşaldılması haqda Ermənistanda heç düşünmürlər. Ona görə də biz dövlət olaraq beynəlxalq qanunların bizə verdiyi hüquqdan istifadə edərək işğal olunmuş ərazilərimizdə qanunsuz fəaliyyətlərin qarşısını almaq, həmçinin ərazi bütövlüyümüzü bərpa etmək istiqamətində real addımlar atmağa başlamalıyıq. Ermənilərin işğal etdikləri ərazilərimizdə istismar etdikləri mədənləri, inşa etdikləri qəsəbələri, çəkdikləri yolu vurmalıyıq. İşğal edilmiş ərazilərdə qurulan bütün infrastrikturlar dağıdılmalıdır ki, onlar çirkin fəaliyyətlərini dayandırsınlar. Ermənilər Kəlbəcərdə yeni qəsəbə inşa edir. Azərbaycan XİN yumşaq bir bəyanat verir. Birdəfəlik bilmək lazımdır ki, bu cür bəyanatlarla heç nəyə nail olası deyilik. Ermənistanın bizə o cür meydan oxumasına biz bəyanatla son qoya bilmərik. Sülh danışıqlarının nəticə vermədiyini əsas göstərərək əlimizdə olan hüquqi əsaslara əsaslanaraq güc yolunu seçməliyik. Biz dişsiz bəyanatlardan o tərəfə keçmədikcə, Ermənistan yeni-yeni addımlar atır və Qarabağda möhkəmlənir. Dərhal ən sərt tədbirlər görülməlidir ki, orada süni məskunlaşdırılma, tikinti, istismar işləri dayansın”.

Etibar SEYİDAĞA,
Musavat.com
Bu xəbər oxucular tərəfindən 878 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed