Şrift:
Malayziyada sabiq hakim blokun liderinə korrupsiya ilə əlaqədar ittiham irəli sürülüb
20.10.2018 [09:43] - Gündəm, Hüquq
Malayziyanın sabiq hakim siyasi bloku olan Birləşmiş Malay Milli Təşkilatının (OMNO) sədri, 2018-ci ilin mayınadək Baş nazirin müavini olmuş Ahmad Zahid Hamidi oktyabrın 19-da Milli Antikorrupsiya Komissiyasının müvəqqəti saxlama kamerasından çıxarılaraq Kuala Lumpur məhkəməsinə gətirilib.

“The Star” qəzeti xəbər verir ki, məhkəmədə ona qarşı korrupsiyada iştirakı barədə ittiham irəli sürülüb.

Baş nazirin sabiq müavini 27 epizodda kirli pulların yuyulmasında, 10 epizodda inamdan sui-istifadədə və 8 epizodda isə rüşvət almaqda ittiham olunur. A.Z.Hamidi bu ittihamların heç birini qəbul etməyərək bəyan edib ki, o, məhkəmədə bu maddələrin hər biri üzrə müdafiə olunacaq. Bundan sonra məhkəmə onun girov müqabilində müvəqqəti azad edilməsi barədə qərar qəbul edib.

Xatırladaq ki, A.Z.Hamidi 2018-ci ilin mayında sabiq Baş nazir Nacib Razakı OMNO-nun sədri vəzifəsində əvəz etdikdən sonra, son aylar Antikorrupsiya Komissiyası tərəfindən altı dəfə dindirilib. Oktyabrın 18-də keçirilən sonuncu dindirilmədən sonra o həbs olunub.

Malayziyanın 1MDB fondunda mənimsəmələrlə bağlı istintaq hələ sabiq hökumətin dövründə başlansa da, həmin vaxt hakimiyyətdə olanların təzyiqi ilə seçki kampaniyası ərəfəsində dayandırılıb. Sabiq hökumətin seçkilərdə məğlubiyyətindən sonra istintaq yenidən bərpa olunub. Hazırda sabiq Baş nazir Nacib Razak, onun həyat yoldaşı Rosma Monsor və keçmiş hökumətin məmurlarının böyük bir qrupu həbs edilərək təhqiqat altındadırlar.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 624 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed