Şrift:
“Cümhur ittifaqı”nın dağılması Türkiyədə bələdiyyə seçkilərində iştirakın formatını dəyişib
24.10.2018 [10:36] - Köşə yazarları, Türk dünyası-Turan
Türkiyədə martın 31-də keçiriləcək bələdiyyə seçkilərində iştirakın formatı dəyişib.

Buna səbəb hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Millətçi Hərəkat Partiyası (MHP) arasında mövcud olan “Cümhur ittifaqı”nın pozulmasıdır.

Oktyabrın 23-də hər iki partiyada millət vəkillərinin toplantısı keçirilib. “Cümhur ittifaqı”nın dağılması ilə bağlı ilk çağırış MHP sədri Dövlət Baxçalı tərəfindən səslənib. AKP-nin bu çağırışa cavabı isə gecikməyib. Türkiyə Prezidenti, AKP sədri Rəcəb Tayyib Ərdoğanın cavabı qısa və konkret olub: “Hər kəs öz yolu ilə gedəcək”.

İndi ölkə gündəmində dayanan başlıca sual belədir - Türkiyənin siyasi partiyaları 31 mart bələdiyyə seçkilərinə hansı formatda qatılacaq? Qeyd etmək lazımdır ki, ölkədə keçirilən sonuncu prezident və növbədənkənar parlament seçkilərində AKP ilə MHP “Cümhur ittifaqı”nda birgə mübarizə aparıblar. Bu səbəbdən digər güclü müxalifət qüvvəsi hesab olunan Cümhuriyyət Xalq Partiyası və İYİ Partiyanın AKP və MHP ilə münasibətləri pozulmuş vəziyyətdədir. Prezident Rəcəb Tayyib Ərdoğan və Millətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının mövqelərindən belə məlum olub ki, AKP və MHP ölkə üzrə bütün bələdiyyələrdə öz namizədini irəli sürəcək.

Qeyd edək ki, son günlər AKP və MHP səlahiyyətliləri arasında ölkənin ictimai-siyasi həyatında bir çox məsələlərə dair sərt polemika yaşanır. Buraya məhkumların əfv olunması, orta məktəb şagirdlərinin türkçülük andı içməsi və s. daxildir. Ekspertlər hesab edirlər ki, Böyükşəhər bələdiyyələrinə namizədlik məsələsində də tərəflər arasında kəskin fikir ayrılığı olub.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 197 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed