Şrift:
Ayaz Mütəllibov Şuşanı necə azad edə biləcəyindən danışdı
25.10.2018 [10:00] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Deputat Fərəc Quliyevdən eks-prezidentə sərt cavab:
“Bu adam milli ordunun qurulmasına mane olurdu”

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov moderator.az-a müsahibəsində Xalq Cəbhəsinin 1992-ci ildə Xocalını azad etməyə ona imkan vermədiyini bildirib. O deyib ki, 1992-ci ilin 15 mayında hakimiyyətdən devrilməsəydi Şuşanı azad etməyə nail olacaqdı.

Bu istiqamətdə çalışmaları olacaqdı və çox güman ki, buna nail olacaqdır: “Çünki biz bu istiqamətdə əvvəl də işəyirdik. Əgər 6 mart (Ayaz Mütəllibovun istefaya məcbur edilməsi.red.) olmasaydı və AXC imkan versəydi, biz hərbi-siyasi və diplomatik yollarla Xocalını da azad etməyə nail olacaqdıq. Onun ardınca da bütün Qarabağ qanunsuz erməni birləşmələrindən azad ediləcəkdi.

Azərbaycanda qalan Rusiya hərbi hissələrinin vasitəsilə bunu etmək mümkün idi. Bilirsiniz, bunu Yeltsinin ətrafındakı demokrat ruslarla danışıqlar aparan cəbhəçilər xəyanət kimi yozurdular. Amma söhbət başqa cür idi. Həmin vaxt gerçəklik belə idi ki, SSRİ dağıldıqdan sonra digər müttəfiq respublikalardakı rus hərbçiləri kimi Azərbaycandakılar da dağınıq, başsız vəziyyətdə qalmışdılar. Təsəvvür edirsiz, buradakı rus hərbçilər yeməyə çörək tapmırdı. Vəziyyətləri ağır idi. Çünki aylarla maaş almırdılar. Bizdən yardım diləyirdilər. Hələ 1991-ci ilin payızında bir dəfə rus zabitlərin yığıncağında Qorbaçovun əleyhinə xeyli çıxış etdim. Dedim ki, hələ aydınlaşdırmaq lazımdır ki, Qorbaçov Kremldə nə iş görür. Belə çıxışlarımdan əksəriyyəti sovet əqidəli olan rus zabitlər həvəslənir və onları aciz maddi və mənəvi durumda buraxmış Moskvadakı hakimiyyətə qarşı nifrətləri artırdı. Odur ki, o vaxt Azərbaycandakı rus hərbçilərə bir az pul verməklə Qarabağ məsələsini qısa müddətdə həll etmək olardı. Məlum qüvvələr imkan vermədi bizə".

Eks-prezidentin AXC-yə qarşı dedikləri AXC-nin liderlərindən biri olmuş deputat Fərəc Quliyevin etirazı ilə qarşılanıb. Fərəc Quliyev “Yeni Müsavat”a bildirib ki, Ayaz Mütəllibov hələ də Xalq Cəbhəsinə qarşı qarayaxma ilə məşğuldur, eyni zamanda tamamilə qeyri-ciddiliyə yuvarlanıb: “Ayaz Mütəllibov qeyri-ciddi açıqlamalar verməklə məşğuldur. Hər dəfə verdiyi müsahibələrdə hadisələri tamamilə təhrif edərək özünə sərf edən formada danışır və çalışır ki, özünə xalqın gözündə bəraət qazansın. Mən 1992-ci ildə Ali Sovetdə demokratik blokun üzvü idim. Ordu yaranması ilə bağlı bir konsepsiya ilə çıxış elədim. Kürsüdə olan prezident Ayaz Mütəllibov mənim çıxışımdan sonra dərhal reaksiya verdi ki, nə ordu yaratmaqdan danışırsız, buna ehtiyac yoxdur, bizim şanlı ordumuz var idi, bizə indi Prezident Qvardiyasından başqa heç nə lazım deyil. Bu adamın qvardiya yaradıb özünü müdafiə eləməkdən başqa heç bir düşüncəsi yox idi. O dönəmdə Xalq Cəbhəsinin üzvləri bütün cəbhə bölgələrində düşmənə qarşı döyüşürdülər, minlərlə şəhidimiz var idi. Bütün cəbhə boyu müdafiəni də məhz Xalq Cəbhəsi könüllü batalyonları vasitəsilə qurmuşdu. Ayaz Mütəllibov özü neçə nəfəri döyüşə göndərmişdi? Ayaz Mütəllibov Bakıda Xalq Cəbhəsinə qarşı döyüşürdü, ermənilərə qarşı döyüşmürdü. QKÇP oldu və postsovet məkanında yalnız Ayaz Mütəllibov onu müdafiə elədi. Yəni bu adam və onun ətrafında olanlar SSRİ-nin qalmasını, onun tərkibində olmağımızı istəyirdilər. Qondarma referendum keçirdi. Belə bir adamın Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş, minlərlə şəhid vermiş AXC-yə ittiham yağdırması gülüncdür”.

F.Quliyev qeyd etdi ki, Ayaz Mütəllibovun Xocalını azad eləmək imkanı və istəyi yox idi: “Bu adam ölkənin hər yerində milli ordu qurulmasına, xalqın silahlanıb öz torpaqlarını qorumasına mane olurdu. Əhalidən ov tüfənglərinə qədər bütün silahları Mütəllibovun əmri ilə yığırdılar, xalqı faktiki olaraq düşmənin qarşısında əliyalın qoyurdular. Yəni bütün bunları edən adam torpaqların müdafiəsinə təşkil edə, Xocalını azad eləyə bilməzdi. Xalq Cəbhəsinin yaratdığı birliklər Xocalının qisasını almaq üçün döyüş əməliyyatları təşkil etmişdilər, Ayaz Mütəllibov isə bu əməliyyatların qarşısını almağa çalışırdı. Ayaz Mütəllibov düşmənə müqaviməti təşkil etmək əvəzinə, ancaq və ancaq özünün hakimiyyətini qorumaqla məşğul idi. Torpaqlar qalmışdı düşmənlə üz-üzə, işğal təhlükəsi altında Mütəllibov müdafiəni təşkil eləmirdi, sarayda özünü qorumaqla məşğul idi. Bu faktlar ola-ola bu adam Xocalını azad edə biləcəyindən danışır. Tarixi bu qədər saxtalaşdırmaq təsəvvür edilməyəcək həddə qeyri-ciddiliyin və qərəzin nümayişidir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 411 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed