Şrift:
Əhalinin etirazı nəticəsində Muğan Aqrosənaye Kompleksinin özəlləşdirilməsi müqaviləsi ləğv edilib
26.10.2018 [11:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ötən aylarda dəyərindən qat-qat ucuz qiymətə özəl sektora buraxılan Muğan Aqrosənaye və Heyvandarlıq Kompleksinin özəlləşdirilməsi müqaviləsi ləğv edilib.

Yerli əhali və azərbaycanlı millət vəkillərinin etirazı nəticəsində ləğv olunan müqavilənin artıq rəsmiləşdirildiyi bildirilir.

Bu barədə İran Parlamenti sədrinin müşaviri Mənsur Həqiqətpur məlumat verib.
“Muğan Aqrosənaye və Heyvandarlıq Kompleksi real dəyərindən çox ucuz qiymətə satılmışdır. Bu məsələ nəzarət orqanları tərəfindən aparılan araşdırmalarla öz təsdiqini tapdı və nəhayət prezidentin birinci müavini İshaq Cahangirinin göstərişi ilə müqavilə ləğv olundu”- deyə o bildirib.

Yerli əhali, məsullar və valinin bu məsələ ilə ciddi maraqlandığını deyən Ərdəbil keçmiş millət vəkili bildirib ki, dövlət məsələyə vaxtında müdaxilə etməklə böyük istehsal kompleksindən bölgə əhalisinin xeyirinə uyğun bir şəkildə istifadə olunmasına şərait yaradıb.

Qeyd edək ki, kompleksi dəyərindən qat-qat ucuz qiymətə özəlləşdirən şirkətin adı bir müddət gizli saxlanıldı, lakin sentyabrın sonlarında Özəlləşdirmə Təşkilatının rəisi Mirəli Əşrəf Abdullapuri şirkətin adını mətbuata açıqladı.
““Rifah” mağazalar şəbəkəsi Muğan Aqrosənaye Şirkətini alıb. Mağazalar şəbəkəsi, Tehran Sərmayə Bazarının İnkişafı şirkətinin vasitəsi ilə Dezful Şəkər İstehsalat şirkəti ilə Konsorsium yaradıb və aqrosənaye kompleksini 50-50-yə özəlləşdiriblər”- deyə o bildirib.

Ərdəbil Əyalətində yerləşən Muğan Aqrosənaye və Heyvandarlıq kompleksinin 63 min hektar sahəsi var. Kompleksin tərkibində meyvə bağları və böyük heyvandarlıq kompleksindən əlavə, şəkər zavodu, süd məhsulları fabriki və başqa istehsalat fabrikləri də mövcuddur. Bu şirkət yaxın şərqin ən böyük Aqrosənaye şirkəti hesab olunur. Kompleksin dəyərindən qat-qat ucuz qiymətə hökumətə yaxın şəxslərə satılması bölgə əhalisin kəskin etirazına səbəb olmuşdur.

N.S
Bu xəbər oxucular tərəfindən 201 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed