Şrift:
Gürcüstanın təhsil naziri azərbaycanlıların yığcam yaşadığı Marneulidə yeni açılmış təhsil mərkəzində olub
27.10.2018 [11:24] - Borçalı
Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda yeni açılmış “Gələcək” (Momavali) adlı özəl beynəlxalq təhsil mərkəzində olub.

Nazir təhsil mərkəzində yaradılmış şəraitlə tanış olub, şagirdlər, valideynlər və müəllimlərlə söhbət edib.

M.Batiaşvili təhsil mərkəzində tədrisin gürcü dilində aparılmasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, Marneuli kimi çöxmillətli rayonda gürcü dilinin tədrisi dövlət əhəmiyyəti kəsb edir. Mərkəzdə çalışan müəllimlərin əksəriyyətinin gənc kadrların təşkil etdiyini vurğulayan nazir, bu cür uğurlu layihənin həyata keçirilməsinə dəstək göstərmiş donor təşkilatlar və özəl sektora minnətdarlıq edib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Kvemo-Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, Marneuli rayonunun rəhbər şəxsləri, “SOCAR Georgia Gas” şirkətinin direktoru Azər Məmmədov və digər rəsmilər iştirak ediblər.

Bolqarıstanın Gürcüstandakı səfirliyi və Avropa İttifaqının dəstəyi ilə açılan beynəlxalq təhsil mərkəzinin nəzdində uşaq bağçası da fəaliyyət göstərir.

Bildirilib ki, Marneuli və Tbilisidən olan gənc və təcrübəli müəllimlərin çalışdığı təhsil mərkəzində hazırda 150-yə yaxın şagird təhsil alır. Onların da əksəriyyətini etnik azərbaycanlılar təşkil edir.

Məlumat üçün qeyd edək ki, 500 şagird üçün nəzərdə tutulmuş müasir təhsil mərkəzi bu ilin sentyabrından fəaliyyətə başlayıb.
Bu xəbər oxucular tərəfindən 198 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed