Şrift:
“Vətən” Cəmiyyəti Danimarkada keçirilən beynəlxalq tədbirdə ölkəmizi uğurla təmsil edib
29.10.2018 [10:49] - Diaspor
Danimarkanın paytaxtı Kopenhagen şəhərinin Frederiksberq bələdiyyəsində “İnteqrasiya Günü” münasibətilə tədbir keçirilib. Azərbaycanı tədbirdə Danimarka “Vətən” Cəmiyyəti təmsil edib.

Tədbiri giriş sözü ilə açan Frederiksberq bələdiyyəsinin meri Johan Glentoy “İnteqrasiya Günü” münasibətilə keçirilən tədbirin əhəmiyyətindən danışıb. Tədbirin keçirilməsində əsas məqsədin Danimarkada yaşayan müxtəlif xalqların təmsilçilərinin öz ölkələrinin tarixini, mədəniyyətini və incəsənətini danimarkalılara nümayiş etmək olduğunu bildirən Johan Glentoy, burada müxtəlif ölkələrin səfirliklərinin, cəmiyyət və diaspor təşkilatlarının iştirak etdiyini məmnunluq hissi ilə vurğulayıb.

Qeyd etmək lazımdır ki “İnteqrasiya Günü” münasibətilə keçirilən tədbirlərdə “Vətən” Cəmiyyəti tərəfindən yaradılan Azərbaycan guşəsində ölkəmiz haqqında ətraflı məlumatın verilməsi ilə yanaşı onun tarixini, zəngin mədəniyyətini, musiqisi və bugünkü inkişafını əks etdirən kitab və broşürlər, milli şirniyyatlar da təqdim edilib. Mərasimdə, habelə “Vətən” Cəmiyyətinin nümayəndələri qonaqlara ölkəmiz barəsində ətrafli məlumat verərək, onları maraqlandıran sualları müxtəlif dillərdə cavablandırıb, buradakı yerli ictimaiyyət nümayəndələrinə ölkəmizi daha yaxşı tanıtmağa nail olublar.

Tədbirin bədii hissəsində Danimarka “Vətən” Cəmiyyəti nəzdində fəaliyyət göstərən “Cırtdan" uşaq yaradıcılıq qrupunun çıxışları mərasim iştirakçılarının böyük marağına səbəb olub və onlara Frederiksberq bələdiyyəsi tərəfindən hədiyyələr təqdim olunub.

Rauf Əliyev
Bu xəbər oxucular tərəfindən 154 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed