Şrift:
“Bu nazirlər Urmu gölü ilə bağlı parlamentdə cavabdeh olmalıdır” - Azərbaycanlı millət vəkili
31.10.2018 [11:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz, Azərşəhr (Tufarqan) və Üskünün (Üşkaya) İran parlamentindəki millət vəkili Şəhabəddin Bimiqdar Kənd Təsərrüfatı və Energetika Nazirliklərini Urmu gölündən normadan artıq su götürməkdə günahlandırıb.

Hər iki naziri sərt tənqid edən millət vəkili onların bu məsələyə parlamentdə aydınlıq gətirməsini tələb edib.

“Fars” xəbər agentliyinin yaydığı məlumata görə, Şəhabəddin Bimiqdar Urmu Gölünü Canlandırma Mərkəzinin, Urmu Gölü Fraksiyasına təqdim etdiyi hesabatı xatırladaraq bildirib ki, Dövlət Urmu gölündən təyin olunmuş miqdardan daha çox su götürməyi qadağan edib, bu qanun prezident Həsən Ruhani və müavini İshaq Cahangirinin imzası ilə Kənd Təsərrüfatı və Energetika nazirlərinə elan olunub. Buna baxmayaraq ətrafdakı əkin sahəsi və bağlara 21 min 600 hektar sahə əlavə olunub. Bu o deməkdir ki, kənd təsərrüfatında əlavə 210-250 milyon kubmetr su istifadə olunur. Biz bu vəziyyətdə Urmu gölünü necə qurtara bilərik?!”- deyə o bildirib.

Urmu Gölünü Canlandırma Fraksiyasının rəis müavini qadağaya rəğmən Urmu gölündən normadan artıq su götürən nazirlikləri sərt tənqid edərək bildirib ki, yeni bağlar və əkin sahəsi dövlətin ixtiyarında olan boş ərazidə salınıb. Bu, çox təəccübvericidir. Kənd Təssərrüfatı Nazirliyi necə buna icazə verib?! İndi oralarda yay məhsulları əkilir və bütün bunlar Urmu gölündə suyun azalmasına səbəb olur. Urmu gölünün quruması 14 milyon insanın həyatının təhlükə altına düşməsi deməkdir. Göl quruduqdan sonra ərazidən qalxan qum və duz fırtınaları Azərbaycan Respublikasına belə təsir göstərəcək. Şübhəsiz ki, bu göl quruyacağı təqdirdə Azərbaycan, Təbriz, Zəncan və s. daha olmayacaq. Hətta Tehran belə bu böhrandan öz payını alacaq.

Prezident və məhkəmə sistemindən məsələyə müdaxilə etmələrini tələb edən millət vəkili Kənd Təsərrüfatı və Energetika nazirlərinin parlamentdə bu məsələyə aydınlıq gəyirmələrini tələb edib. O bildirib ki, lazım olarsa bu məsələ “90-cı Maddə Kamissiyası”nda qaldırılacaq və nazirlərdən məhkəməyə şikayət olunacaq.

“Urmu gölünün canlandırılması üçün nəinki heç bir iş görülməyib, hətta qanunsuz bir şəkildə yeni bağlar salınıb və nektarin becərilir. Halbuki bu meyvə çoxlu su tələb edir və nəticə etibarı ilə Urmu gölünə ziyan vurur”- deyə millət vəkili əlavə edib.

Şəhabəddin Bimiqdar sözlərinin sonunda kütləvi informasiya vasitələrindən dəstək gözlədiyini də diqqətə çatdırıb. O qeyd edib ki, kütləvi informasiya vasitələri bu məsələni işıqlandırmalıdır. Ola bilsin ki, ictimaiyyətin vasitəsi ilə nazirlərə təsir edib qanunsuz salınan bağları aradan qaldırmaq mümkün olacaq.
Qeyd edək ki, İran rejiminin həyata keçirdiyi yanlış və qərəzli siyasətin nəticəsində artıq Urmu gölünün 95 faizi quruyub. Gölün quruması nəticəsində bölgənin ətraf mühitində baş verən dəyişikliklər milyonlarla insanın həyatını təhdid edir. Bütün bunlara baxmayaraq rejim gölün qurtarılması ilə bağlı hər hansı əməli tədbir həyata keçirməyib.

N.S
Bu xəbər oxucular tərəfindən 225 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed