Şrift:
Azərbaycanlı fəal Kiyumərs İslami Apelyasiya Məhkəməsinə çağırılıb
01.11.2018 [11:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Parsabad sakini azərbaycanlı milli-mədəni fəal Kiyumərs İslami Ərdəbil Əyalətinin Apelyasiya Məhkəməsinə çağırılıb.



Elektron məktubu vasitəsi ilə çağırılan fəal noyabrın 17-də Apelyasiya Məhkəməsinin 1-ci Şöbəsinə müraciət etməlidir.



Fəal bundan əvvəl məhkəmənin barəsində çıxardığı 1 illik həbs qərarı ilə bağlı şikayət edib, onun Apelyasiya Məhkəməsinə çağırılması həmin şikayətlə bağlıdır.



Parsabad 2 saylı Cəza Məhkəməsinin 102-ci şöbəsi azərbaycanlı milli-mədəni fəal Kiyumərs İslamini sözdə “pantürkizm və bölücülük” ittihamı ilə 1 il azadlıqdan məhrum edib.

İyul ayında Babək qalası yürüşü ərəfəsində saxlanılan fəal hakim “Firuz Fərahani Məzrəə Cahan” tərəfindən həbs cəzasına məhkum olunub.



Hakim İslam Cəza Qanununun 504-cü maddəsinə istinad edərək çıxardığı hökmün mətnində qeyd edib ki, müttəhim Parsabad şəhərinin bölücü və pantürkist qüvvələrindəndir. O bölücülük fəaliyyəti istiqamətində raport hazırlayır və fars dilindən türk dilinə təhrif edərək tərcümə etdiyi kitabları internetdə yayır. Müttəhim həmin materialları opozisyona bağlı xarici kanallara da göndərir. O Parsabadda pantürkizm cərəyanının əsas qüvvələri və liderlərindən biridir.



Hökmdə fəalın “Güney Azərbaycan” terminindən istifadə etməsi də ittihama əsas verən dəlillərdən biri kimi göstərilib.



Fəal iyulun 4-ü sübh saatlarında Babək qalası yürüşü ərəfəsində Parsabadda öz evində yaxalanıb. O 37 gün saxlandıqdan sonra avqustun 9-da mülki vəsiqə qarşılığında Muğan zindanından sərbəst buraxılıb.



Azərbaycanlı fəal müvəqqəti azadlığa buraxılması üçün ailəsinin təqdim etdiyi mülki vəsiqənin qəbul olunmaması və hakimin prosesi uzatmasına etiraz olaraq 9 gün müddətinə aclıq aksiyası keçirmişdir.



“Araz” adı ilə tanınan K.İslami Azərbaycanın tarix və mədəniyyəti üzrə gənc araşdırmaçı fəaldır. O bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, işgəncə edilib və məhkəmə qarşısına çıxarılıb.



Qeyd edək ki, məhkəmə hökmü çıxarılmadan əvvəl Parsabad Ettelaat Şöbəsinin rəisi Həzrəti, Kiyumərs İslami ilə əlaqə saxlayaraq onun dosyesinin bağlanılmasından bəhs edib.

“Məhkəmədə baxılan dosyenin bağlanmasını istəyirsənsə, Ettelaat-ın xəbər mərkəzinə müraciət edərək mədəni fəaliyyətlərin dayandırılması və Abbas Lisani ilə əlaqələri kəsməyə dair öhdəlik götürməlisən”- deyə Ettelaat Şöbəsinin rəisi fəala bildirmişdir.
Bu xəbər oxucular tərəfindən 200 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed