Şrift:
Qazaxıstanda Azərbaycan dilində də informasiya yayacaq media mərkəzi açıldı
02.11.2018 [10:26] - Gündəm, Türk dünyası-Turan
Qazaxıstanın Türküstan şəhərində keçirilən “Türküstan: yeni informasiya fəzası” Beynəlxalq Jurnalistlər Forumu çərçivəsində «TÚRKİSTAN MEDIA» beynəlxalq media mərkəzi və «TÚRKİSTAN intelekktual klubu” açılıb.

Bu barədə beynəlxalq tədbirdə iştirak etmiş Füzuli Məcidli məlumat verib.

Onun bildirdiyinə görə, tədbirdə Qazaxıstanla yanaşı, Azərbaycan, Türkiyə, Qırğızıstan və Tatarıstandan gələn media qurumlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Türküstan valisi Janseyit Tüymebayev yeni mərkəzlərin Türküstanın türk dünyasının mənəvi və informasiya mərkəzinə çevrilməsinə mühüm təkan verəcəyini bildirib.

Media Mərkəzi türk dünyası ilə bağlı qazax, türk, Azərbaycan, rus, ingilis, özbək və qırğız dillərində gündəlik informasiyalar yayacaq. Media mərkəzində brifinq və görüşlərin keçirilməsi üçün 70 nəfərlik zal mövcuddur. Eyni zamanda, mərkəz gündəlik iş rejimində fəaliyyət göstərmək üçün zəruri olan yeni cihazlar,kompyuterlər və internet şəbəkəsi ilə təmin olunub. Burada Türküstan vilayətinin regional mətbuat xidməti və Türküstandakı Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin tələbələrindən ibarət gənc jurnalistlər klubu işləyəcək. Türküstana gələn yerli və xarici jurnalistlər mərkəzin xidmətlərindən pulsuz istifadə edə bilərlər.

«TÚRKISTAN» intellektual klubunda isə tanınmış ictimai xadimlərin iştirakı ilə milli-mənəvi dəyərləri, türk dünyasının ortaq maddi-ruhani mirasını təbliğ edən görüşlər, dəyirmi masalar keçiriləcək. Görüşlər xüsusi proqramla yerli televiziya kanallarında və sosial şəbəkələrdə canlı yayımlanacaq.

«TÚRKISTAN MEDIA» beynəlxalq media mərkəzinin açılışı çərçivəsində vilayət qubernatorunun, türkdilli ölkələrdən jurnalistlər və alimlərin iştirakı ilə intektual klubun ilk toplantısı və bölgənin inkişafına həsr olunan brifinq keçirilib. İştirakçılar Türkistanın inkişafı ilə bağlı bağlı düşüncələrini bölüşüblər.
Bu xəbər oxucular tərəfindən 184 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed