Şrift:
"BELÇİKALI DEPUTAT ERMƏNİ LOBBİSİNİN ƏLİNDƏ ALƏTƏ ÇEVRİLİB" - MİLLƏT VƏKİLİ
02.11.2018 [10:38] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev :" Jan-Jak Flaun həm öz ölkəsinin daxili qanunlarına hörmət etmir, həm də beyhnəlxalq hüquq normalarını pozur"

"Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən Belçika parlamentinin deputatı Jan-Jak Flaun adının "arzuolunmaz şəxslər" siyahısına daxil edilməsinə dair qərar qəbul olunacaq". Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib. Qurum sözçüsünün sözlərinə görə, hazırda Jan-Jak Flaunun Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı araşdırmalar aparılır: "Belçika parlamentinin deputatının və onunla birlikdə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edənlərin adlarının "arzuolunmaz şəxslər" siyahısına daxil edilməsinə dair qərar qəbul olunacaq".

Qeyd edək ki, Belçika parlamentinin deputatı Jan-Jak Flaunun rəhbərliyi ilə bir qrup belçikalı deputat Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə səfər ediblər. Onlar Xankəndində separatçı rejimin rəhbərliyi ilə görüşüblər.

Azərbaycanın işğal olunmuş ərazilərinə avropalı siyasilərin zaman-zaman gerçəkləşdirdikləri qanunsuz səfərlərin səbəblərini şərh edən millət vəkili Fərəc Quliyev "Sherg.az"a bildirib ki, həmin şəxslər o ərazilərin Azərbaycana məxsus olduğunu çox yaxşı bilirlər və buna dair dünyada kifayət qədər informasiya var:


"Siyasətlə məşğul olan adamlar dünyanın harasında nəyin, necə və niyə baş verdiyi çox gözəl anlayırlar. Getdikləri yerin hansı ölkəyə məxsus olduğunu, kimdən icazə almağın lazım olduğunu da bilirlər. Təbii ki, onlar həm erməni lobbisinin təsiri altındadırlar, həm də özləri Azərbaycana qarşı seleksiya siyasəti həyata keçirirlər. Eyni zamanda göründüyü qədər xristian təssübkeşliyi də müəyyən qədər rol oynayır. Ümumiyyətlə, Belçika dünyanın, xüsusən də Avropanın siyasi mərkəzidir. Belə bir ölkənin parlamentarisi birdən-birə bütün qanunları çeynəyərək bir işğal olunmuş əraziyə, separatçı rejimin bərqərar olduğu yerə səfər edirsə, o həm öz ölkəsinin daxili qanunlarına hörmət etmir, həm də beynəlxalq hüquq normalarını pozur.

Görünür, ortada xüsusi bir maraq var. Yəni erməni lobbisinin əlində alətə çevrilib. Təbii ki, bütün hallarda bunlara Azərbaycan tərəfi diplomatik qaydada münasibətini bildirir və siz də qeyd etdiyiniz kimi "qara siyahı"ya salır. Hesab edirəm ki, daha sərt tədbirlər görmək mümkündür. Biz ortaya prinsip, ənənə qoysaq ki, hər hansı bir dövlətin rəsmi nümayəndələri işğal olunmuş ərazilərimizə bizdən xəbərsiz girərsə, qanunlarımızı tapdalayarsa, o dövlətlə münasibətlərə yenidən baxılacaq, onda prosesin qarşısını ala bilərik. Bu cür sərt tədbirlər görsək, digərlərinə də dərs olacaq".

Millət vəkili onu da əlavə edib ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən vertolyot uçuşları həyata keçirməsi , orada təyyarə məşqləri keçməsi kimi məsələlərə qarşı sərt tədbirlər görülməlidir:

"Ölkəmizə gələn o uçuş aparatların hamısının vurulmasının vaxtıdır. Bizim ərazilərimizdə düşərgələr salırlar, məntəqələr tikib, ordan- burdan tapdıqları erməniləri gətirib yerləşdirirlər, yol çəkirlər. Bu kimi infrastrukturlar vurulmalıdır və onlar bilməlidirlər ki, Azərbaycan ərazilərində başqa xalqın vətandaşlarını yerləşdirmək olmaz. Biz buna birganə qala bilmərik. İşğalçılar yataqlarımızı, mədənlərimizi istismar edirlər. Bu məsələni parlamentdə də qaldırmışam. Müharibənin qaydaları var. Tədbirləri sərtləşdirmək lazımdır ki, xarici diplomatların qanusuz səfərləri davam etməsin".

Ayyət Əhməd
sherg.az
Bu xəbər oxucular tərəfindən 712 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed