Şrift:
Türk dünyası haqqında ensiklopedik baza
03.11.2018 [10:37] - Xəbərlər, Türk dünyası-Turan
Cavanşir Feyziyevin 5 cildlik “Türk dünyası” kitabı çapdan çıxıb



“Bu müzəffər xalqın (türklərin) bircə tarixçiləri çatışmayıb ki, onların ağlasığmaz qələbələrinin şöhrətini yaysınlar... Bu cəngavər xalq öz şöhrəti ilə məşğul olaraq əbədi məğlubedilməzliyinə inanıb, keçmiş qələbələrinin əbədiləşdirilməsi qayğısına qətiyyən qalmamışdır”.

Bu fikirlər Milli Məclisin deputatı, fəlsəfə elmləri doktoru Cavanşir Feyziyevin yeni işıq üzü görmüş 5 cildlik “Türk dünyası” kitabından götürülüb.

Kitabda türk sivilizasiyasının tarixi təkamülü, türk dilləri ailəsi, ümümtürk tarixi və mədəniyyəti, siyasət və diplomatiyası, türklərin spesifik həyat tərzi, adət-ənənələri, universal - multikulturalist dünyagörüşü və onların müasir dünyadakı yeri və mövqelərinə qədər bütün məqamlar çox incəliklə toplanıb. Yeni nəşrdə oxucular türk etimologiyasından, yazı tarixindən, ədəbiyyatından, islamlaşma tarixindən, parlament ənənələrindən, eləcə də böyük fikir adamlarının, tarixçilərin, etnoqrafların yazdıqları əsərlərdən sitatlar və bölmələrlə tanış ola biləcəklər.

Müəllif, imperiyalar yaradan, elmlərin qapısını açan, kitablara sahib olan türk dünyasının təməl prinsiplərini yaradan şəxsiyyətlər haqqında məlumatları bir araya toplamaqla, türk dünyasını daha yaxından öyrənmək istəyən hər bir oxucu üçün geniş ensiklopedik baza yaradıb.

Türk birliklərinin, qurumlarının, təşkilatlarının harada və necə yaranmasını bilmək istəyən hər kəs mütləq bu beşcildliyə müraciət etməli olacaq.

Eyni zamanda, kitabda türklərin tarixboyu sahib olduğu ərazilər, türkdilli ölkələrin təbii ehtiyatları, iqtisadiyyatı, beynəlxalq aləmdə türk ölkələrinin və dövlətlərinin xüsusi rolu haqqında da maraqlı məqalələr yer alıb. Həmçinin, türk dünyasının üzük qaşı olan Azərbaycan haqqında, Azərbaycanın geosiyasi və geopolitik anlamda qazandığı uğurlar, Azərbaycan Prezidenti İlham Əliyevin türk dövlətləri ilə apardığı qardaşlıq siyasəti, ölkəmizin son illərdə qazandığı uğurlardan da geniş bəhs olunur.

Beşcildlik Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun elmi şurasının qərarı ilə çap olunub. Kitabın elmi redaktorları Milli Məclisin deputatı, AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov və fəlsəfə elmləri doktoru, professor Fərman İsmayılovdur.
Bu xəbər oxucular tərəfindən 66 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed