Şrift:
“Aprel döyüşləri bizim barışmaz ruhumuzun təzahürüdür”
07.11.2018 [10:03] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Prezident İlham Əliyev: “Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq”

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə vermir. Minsk qrupunun həmsədr dövlətləri Rusiya, ABŞ, Fransa Ermənistanı işğalçılıq siyasətindən çəkindirə bilmir, Azərbaycanın ərazi bütövlüyünün sülh yolu ilə təmin edilməsi istiqamətində hər hansı addım atılmır. Belə olan təqdirdə Azərbaycan dövləti indiyə qədər olduğu kimi, yenə də Silahlı Qüvvələrimizin gücləndirilməsini prioritet sayır. Düzdür, hələlik rəsmi Bakı sülh danışıqlarından imtina etmir, lakin bu danışıqların heç bir nəticə verməyəcəyinə tam əminlik olduğu təqdirdə, Azərbaycan müharibə yolu ilə ərazi bütövlüyünü təmin edəcək. Cari ildə yüz illiyini qeyd edən, ən müasir silah-sursatla təchiz edilən, yüksək mənəvi-psixoloji ruha, vətənpərvərliyə, peşəkarlığa sahib olan Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin istənilən tapşırığını yerinə yetirməyə hazırdır. 2016-cı ilin aprel döyüşləri və Lələtəpə yüksəkliyinin və ətraf ərazilərin, həmçinin bu ilin may ayında Naxçıvanda Günnüt əməliyyatının keçirilməsi və 11 min hektar ərazinin düşməndən azad edilməsi Silahlı Qüvvələrimizin gücünün, qüdrətinin göstəricisidir. Bu faktlar bir daha sübut edir ki, Azərbaycan müharibə yolu ilə öz ərazilərini işğalçı Ermənistanın silahlı birləşmələrindən təmizləməyə tam qadirdir.

Ağdam rayonuna səfəri zamanı ictimaiyyət qarşısında çıxış edən Prezident İlham Əliyev bu məsələ üzərində xüsusilə dayanıb. Qeyd edib ki, Ermənistanın yeni rəhbərliyi işğal edilmiş torpaqlarımızdan öz işğalçı qüvvələrini tezliklə danışıqlar yolu ilə çıxarmalıdır: "Aprel döyüşləri bizim barışmaz ruhumuzun təzahürüdür. Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq. Aprel döyüşləri nəticəsində Ermənistan tərəfindən uzun illər ərzində yaradılan mif darmadağın edildi. Bu döyüşlər onu göstərdi ki, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir, buna hazırdır və biz bunu sübut etdik... Ermənistanın acı hərbi məğlubiyyəti onun möhkəm olmayan sütunlarını tam sıradan çıxardı. Bu ilin yazında Ermənistanda baş vermiş hadisələr bunun bariz nümunəsidir. Məhz 2016-cı ilin aprel ayında Ermənistanın işğalçı rejiminə çox böyük zərbə vuruldu və onlar öz işğalçılıq siyasətinin qurbanına çevrildilər”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfi bundan sonra da Ermənistanı bütün regional layihələrdən təcrid edəcək, bütün vasitələrdən istifadə olunaraq ərazi bütövlüyümüz bərpa ediləcək. Dövlət başçısının sözlərinə görə, Ermənistanın yeni rəhbərliyi əvvəlki kriminal rejimin səhvlərini təkrarlamamalı, işğal edilmiş torpaqlardan öz işğalçı qüvvələrini tezliklə danışıqlar yolu ilə çıxarmalı və imkan verməlidir ki, Azərbaycan vətəndaşları öz doğma, tarixi, əzəli torpağına qayıtsınlar: "Bunu nə qədər tez anlasalar, o qədər də onlar üçün yaxşı olar, bölgə üçün yaxşı olar. Bir daha demək istəyirəm ki, biz bu vəziyyətlə barışmaq fikrində deyilik, beynəlxalq hüququn normaları bizim mövqeyimizi tam dəstəkləyir, tarixi ədalət bizim tərəfimizdədir... Bu gün Azərbaycan hərbi baxımdan nəinki Ermənistanla müqayisədə, dünya miqyasında güclü dövlətlər sırasındadır. Biz hərbi qüdrətimizi bundan sonra da artıracağıq və hesab edirəm ki, bu, danışıqlar üçün ən vacib amillərdən biridir. Çünki, əfsuslar olsun, beynəlxalq hüququn normaları tamamilə kənara qoyulur. Biz istədiyimizə nail olacağıq. Biz ədalət tələb edirik. Biz tələb edirik ki, tarixi torpaqlarımız işğalçılardan azad edilsin və ediləcəkdir... Azərbaycan dövləti bu müqəddəs məqsədə çatmaq üçün bundan sonra da bütün lazımi tədbirləri görəcək. Ümid edirəm ki, Ermənistan rəhbərliyi bölgədə yaranmış vəziyyəti düzgün təhlil edərək, öz işğalçı qüvvələrini tezliklə bizim torpaqlarımızdan geri çağıracaqdır. Əks təqdirdə, istənilən variant mümkündür və biz istənilən varianta hazırıq”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev mövzu ilə bağlı "Kaspi”y”ə bildirib ki, Azərbaycan Prezidentinin düşmənlə sərhəd rayonlarda, cəbhə xəttinə yaxın yaşayış məntəqələrində olması, orada yaşayan insanlarla birbaşa ünsiyyətdə olması, milli iradəni ifadə etməsi, düşmənə açıq mesajlar verməsi təqdirəlayiq haldır: "Bir çox məmurlar nədənsə ehtiyat edərək yaxalarını kənara çəkirlər. Lakin ölkə başçısı İlham Əliyev cəsarətlə milli iradəni ifadə edir, açıq fikirlər bildirir. Ağdam rayonuna səfəri çərçivəsində Prezident İlham Əliyev bir daha Dağlıq Qarabağ probleminə toxundu, münaqişənin həlli ilə bağlı mühüm mesajlar verdi. O, Azərbaycanın güclü olduğunu, ədalətə və öz gücünə güvəndiyini, torpaqlarımızı heç kimə güzəştə getməyəcəyimizi, hər hansı kompromisə imza atmayacağımızı, mövcud status-kvonun qəbuledilməzliyini vurğuladı. Bu, həm xaricə və düşmənlərimizə, həm də daxilə verilmiş çox ciddi mesajdır. Bununla bəyan edilib ki, hər kəs istənilən situasiyaya hazır olmalıdır. Ümummilli mənafeyi nəzərə alaraq hər bir vətəndaş bu çağırışlara dəstək olmalı, Prezidentin ətrafında toplanmalıdır. Bizim Ordumuz və diplomatiyamız kifayət qədər güclüdür. Beynəlxalq hüquq bizim tərəfimizdədir, dünyada haqlı mövqeyimizi dəstəkləyən dövlətlər artmaqda, strateji müttəfiqlərimizin sayı çoxalmaqdadır. Artıq bu məsələ də hər kəsə bəllidir ki, ermənilər dinc yolla torpaqlarımızı azad etmək istəmirlər. Belə olan təqdirdə bizim başqa yolumuz qalmır, seçim imkanlarımız tükənir, müharibə yolu ilə ərazi bütövlüyümüzü təmin etmək yeganə vasitəyə çevrilir”.

Rufik İSMAYILOV
kaspi.az
Bu xəbər oxucular tərəfindən 167 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed