Şrift:
Bakı V Beynəlxalq Teatr Konfransına yekun vurulub
07.11.2018 [11:05] - Mədəniyyət
Noyabrın 6-da Azərbaycan Dövlət Musiqili Teatrında Bakı V Beynəlxalq Teatr Konfransına yekun vurulub.

Beynəlxalq konfransın sonuncu günü plenar iclasa AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsinin müdiri Vidadi Qafarov (Azərbaycan) və Anadolu Universitetinin professoru Ebru Gökdağ (Türkiyə) moderatorluq ediblər.

Bakı Beynəlxalq Teatr Konfransının icraçı katibi Şaiq Səfərov bağlanış nitqində Bakı V Beynəlxalq Teatr Konfransına göstərilən dəstəyə görə Azərbaycan dövlətinə, Mədəniyyət Nazirliyinə və ABŞ, Kanada, Meksika, Almaniya, Fransa, İtaliya, Avstriya, Serbiya, Yunanıstan, Slovakiya, Sloveniya, Bolqarıstan, Türkiyə və digər ölkələrdən olan mədəniyyət, incəsənət, elm xadimləri iştirakçılarına təşəkkürünü bildirib.

Şaiq Səfərov qeyd edib ki, “XXI əsr teatr fəlsəfəsi: mövcudluq konsepsiyası” adı altında keçirilən konfrans Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə reallaşıb.

Konfrans Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”na əsasən keçirilir. Builki konfransda 40-dan çox ölkədən 110 xarici qonaq iştirak edib. Məruzəçilər arasında nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri yer alıb.

Şaiq Səfərov konfrans iştirakçılarını “YARAT" Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə keçiriləcək beynəlxalq festivala dəvət edib.

Sonda xatirə şəkli çəkdirildi.
Bu xəbər oxucular tərəfindən 483 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed