Şrift:
İran Azərbaycana etiraz notası verib
21.10.2011 [12:38] - Köşə yazarları
Azərbaycanın İran İslam Respublikasındakı səfiri Cavanşir Axundov bu ölkə Xarici İşlər Nazirliyinə çağırılıb.

Səfirə İran-Azərbaycan sərhədindəki silahlı insidentlə bağlı rəsmi etiraz notası təqdim olunub. C. Axundov baş vermiş hadisədən təəssüfləndiyini bildirərək notanı Azərbaycan hakimiyyətinə çatdıracağını bildirib.

Qeyd edək ki, oktyabrın 19-da saat 14.00 radələrində Biləsuvar rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin pozulması müşahidə edilib. Bunun qarşısının alınması məqsədi ilə əraziyə əlavə sərhəd naryadlar çıxarılıb və axtarış təşkil olunub. Nəticədə dövlət sərhədindən 1200 metr məsafədə Azərbaycan ərazisinə irəliləyən hərbi geyimli sərhəd pozucusu aşkarlanıb, xəbərdarlıq və qanuni tələblərə tabe olmaqdan imtina edərək sərhəd naryadına hücum etdikdə ona qarşı silah tətbiq olunub. Açılmış atəş nəticəsində sərhəd pozucusu yaralanıb, hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya təxliyə edilib. Lakin sərhəd pozucusu aldığı güllə yarasından xəstəxanada dünyasını dəyişib.

Baş vermiş hadisə barəsində İran tərəfi dərhal məlumatlandırılıb.

Azərbaycan-İran sərhədində öldürülən sərhəd pozucusunun İran İslam Respublikası Sərhəd Qoşunlarının hərbçisi, 20 yaşlı Əkbər Həsənpur olduğu məlum olub. Onun meyiti oktyabrın 20-də qarşı tərəfə təhvil verilib.
Bu xəbər oxucular tərəfindən 553 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed