Şrift:
Futbol Federasiyası “Traxtur”u növbəti dəfə cəzalandırıldı / Rəqib komanda ilə qarşıdurma yaradan “Perspolis” cəzasız buraxıldı
08.11.2018 [10:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Futbol Federasiyasının İnzibati Komitəsi növbəti dəfə Təbrizin “Traxtur” futbol komandasına qarşı qərar çıxarıb.

İnzibati Komitənin qərarına əsasən “Traxtur” klubu 100 milyon rial cərimə ödəməlidir.

Futbol Federasiyasının İnzibati Komitəsi noyabrın 7-də İran super liqasında yarışan klublar haqda son qərarını açıqlayıb. Elan olunan hökmdə ötən günlərdə keçirilən görüşdə “Saypa” komandasının üzvləri ilə qarşıdurma yaradan “Perspolis” klubunun adı çəkilmir.

İnzibati Komitənin “Traxtur”la bağlı qərarında bildirilir ki, super liqa yarışlarının 10-cu həftəsində “Traxtur”la “Sepidrud”un görüşü zamanı “Traxtur” tərəfdarları tərəfindən hakimə qarşı təhqiramiz hərəkətlərə yol verilib. Bu komanda 100 milyon rial cərimə ödəməyə məhkum edilir. İnzibati Komitə, komanda tərəfdarlarının davranışı ilə bağlı intizam qaydalarının 85-ci maddəsinə əməl etmək haqda “Traxtur” klubunun məsullarına xəbərdarlıq edib.

“Traxtur” klubu oktyabrın 26-da Rəştin “Sepidrud” komandasını Təbrizin səhənd stadionunda qəbul edib, oyun 2:1 hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşıb. Görüşdə 40 mindən çox “Traxtur” tərəfdarı tamaşaçı qismində iştirak edərək öz komandalarını təşviq edib.

“Traxtur” klubunu qondarma ittihamla cəzalandıran Futbol Federasiyasının oyun zamanı “Saypa” komandasının üzvləri ilə qarşıdurma yaşayan “Perspolis”i cəzasız buraxması yenə də federasiyanın qərəzli mövqeyindən xəbər verir. Tehranın “Perspolis” və “İstiqlal” komandalarının Futbol Federasiyası və dövlət orqanları tərəfindən dəstəklənməsi hər zaman azərbaycanlıların etirazına səbəb olub. “Traxtur” tərəfdarları Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən Futbol Federasiyasına qarşı dəfələrlə “Futbol Federasiyası Azərbaycanın düşmənidir” şüarı səsləndiriblər.
Bu xəbər oxucular tərəfindən 440 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed