Şrift:
Norveç səfirliyinin Bakıdan Tiflisə köçürülmə qərarına reaksiyalar
12.11.2018 [10:38] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Bu məsələdə Xarici İşlər Nazirliyinin müəyyən yanlışlıqları olub”;

Nəzakət Məmmədova: “Gürcüstan yenidən böyük güclərin geosiyasi savaş poliqonuna çevrilir”
Norveç Bakıdakı səfirliyini bağlamaq qərarına gəlib. “Sputnik Azərbaycan” xəbər verib ki, bu barədə Norveç Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Bildirilir ki, Norveç Gürcüstanda səfirlik açmaq niyyətindədir.

Norveçin Azərbaycanla münasibətlərinə ölkənin Ankaradakı səfirliyi cavabdeh olacaq. Eyni zamanda bildirilir ki, Krallıq Bakıda fəxri baş konsulluq açmaq niyyətindədir. Norveçin Cənubi Qafqazdakı diplomatik təmsilçiliyindəki dəyişikliklər 2019-cu ildə reallaşacaq.

Azərbaycan XİN Norveçin Bakıdakı səfirliyini bağlaması qərarına münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib ki, Norveçin Azərbaycanda səfirliyini bağlaması qərarı təəssüf doğurur, lakin, bu, Norveç hökumətinin qərarıdır.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev qəzetimizə bildirdi ki, səfirliyin bağlanma səbəblərini Norveçdən yaxşı bilən yoxdur: “Bizim Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı ən azından danışıqlar, yazışmalar aparmalı, vəziyyəti öyrənməlidir. Bu müxtəlif səbəblərdən ola bilər. Əgər biz tərəfdən narazılıq varsa, bu, mütləq araşdırılmalı və narazılıq aradan qaldırılmalıdır. İslahatlar baxımından belə bir qərar alıb, Bakıda səfirliyi bağlayıb, Tiflisdə açırlarsa, maddi cəhətdən bu bir o qədər də fərq etmir. Götürülən xətt münasibətlə bağlıdırsa, Azərbaycan tərəfin Avropa təsisatları ilə əlaqələri çox normaldır. Rəsmi Bakı Avropaya inteqrasiya etməyi əsas götürüb. İstənilən halda bütün mənalarda bu məsələ aydınlaşdırılmalıdır. Biz Norveç də daxil olmaqla NATO-ya üzv olan ölkələrlə ciddi şəkildə əməkdaşlıq etməliyik. Hər zaman prinsipial mövqeyim belə olub ki, Azərbaycan NATO-ya üzv olmaq üçün birmənalı şəkildə müraciət etməli, Qərblə birlikdə bir sıra məsələləri həyata keçirməlidir. Artıq cəhənnəmə gedənlə yoldaş olmaq olmaz. Bölgədə şərtlər var və bu səbəbdən Azərbaycan bəzi məsələlərdə tərəddüdlər edir. Gürcüstanın bizim davranışlardan fərqli olaraq açıq mesajları var idi. Göründüyü qədəri ilə Gürcüstanda prezident seçkilərinin ikinci turundan sonra qərbmeylli siyasətçinin rəhbərliyə gələcəyini düşünürlər. Bildiyiniz kimi, ABŞ və NATO gəmiləri Gürcüstan sərhədlərinə yaxınlaşıblar.

Təlimlər keçirilib, müəyyən mesajlar verilib. Rəsmi Tiflis bizdən fərqli olaraq mövqeyini açıq şəkildə ortaya qoyub. Qərbə inteqrasiya etmək və NATO-ya üzv olmaq istəyir. Bunun da əhəmiyyəti özünü göstərir. Məlum səbəblərdən tərəddüdlərimiz olsa da, bu tipli ölkələrlə münasibətlərin normal səviyyədə saxlanılması üçün çabalar sərf etmək lazımdır. Düşünürəm ki, bu məsələdə Xarici İşlər Nazirliyinin müəyyən yanlışlıqları olub. Çünki belə bir qərar verilənə qədər bu məsələlər müzakirə edilib. Ən azından rəyi dəyişmək mümkün idi. Birqütblü dünyanın aradan qaldırıldığı və çoxqütblü dünyanın yarandığı barədə cəfəng fikirlər səslənir. Çünki Rusiya, İranın heç bir gücü yoxdur. Bunlar sanksiyalara məruz qalmış dövlətlərdir. Artıq Azərbaycan kimi ölkələr yeni dünya düzənində yerini müəyyən etsə, konkret dostlarını müəyyənləşdirsə, düşmənlərini dəqiqləşdirsə, daha doğru olar. Belə bir vəziyyətdə qalmaqla Qarabağda nəyə nail olmuşuq? Bu məsələdə ehtiyatlı davrandıqca daha çox üstümüzə gəliblər. Fərqli mövqelər qoymağın zamanıdır. Bunlar subyektiv fikirlərimdir. Bəziləri bloklara qoşulmamağımızı vacib sayırlar. Hətta bəziləri də var ki, Rusiyanın nəzarətində olan birliklərə üzv olmağımızı, hətta Kollektiv Əməkdaşlıq Müqaviləsi Təşkilatında müşahidəçi qismində iştirakımızı deyirlər. Mən bunların tamamilə əleyhinəyəm. Azərbaycanın Norveçlə münasibətlərinə Norveçin Türkiyədəki səfirliyinin cavabdeh olacağına gəlincə deyə bilərəm ki, belə variantlar olur. Müəyyən ölkələr bir dövlətdə səfirlik qururlar və həmin səfirlik digər ölkələrlə də əlaqələr qurur. Biz də ölkələr var ki, səfirliyimizi qurmuşuq və həmin səfirlik digər dövlətlərlə də əlaqələrini qurur. Bunlar diplomatiyada olan şeylərdir. Amma hər halda hazır bir səfirliyin ölkəmizdən digər ölkəyə aparılmasının qarşısının alınmasının tərəfdarıyam. Məncə müəyyən diplomatik tədbirlərlə bunun qarşısını almaq mümkündür”.

Politoloq Nəzakət Məmmədova da bu addımın təəssüf doğurduğunu bildirdi: “Norveç Krallığının Azərbaycandakı səfirliyini bağlaması, ikitərəfli diplomatik münasibətləri konsulluq səviyyəsinə endirməsi təəssüf verici haldır. Norveçlə Azərbaycan arasında diplomatik münasibətlərin əsası 1992-ci ilin iyununda qoyulsa da, Bakıda səfirlik düz 6 il sonra, 1998-ci ilin iyununda açıldı. Artıq 20 ildir ki, fəaliyyət göstərən səfirliyin bağlanması bir sıra suallar doğurur. Səfirliyin rəsmi saytında olan məlumatdan da aydın olur ki, artıq bu ilin avqustun 2-dən viza müraciətləri üçün Norveçin Ankaradakı səfirliyinə müraciət olunması tövsiyə olunur. Yəni artıq səfirlik bir sıra səlahiyyətlərini, o cümlədən vizaların verilməsi məsələsini Ankaradakı səfirliyə ötürməyə başlayıb. Norveç və Azərbaycan hər ikisi Avropanın enerji təchizatında iştirak edən ölkələrdir. Krallığın ”Statoil" şirkəti “Əsrin müqaviləsi”ndə iştirak edib. Doğrudur, bir dövrdə insan haqları məsələsində iki ölkə arasında fikir ayrılığı var idi. Lakin hazırda ziddiyyətlər dövrü geridə qalıb. Belə bir zamanda səfirliyin bağlanmasının bir sıra mümkün səbəbləri ola bilər. Təbii ki, Gürcüstanın Qərbə inteqrasiyası onun Avropanın maraq dairəsinə daxil olunmasına səbəb olub. Gürcüstan vətəndaşları Avropaya vizasız səyahət edə bilirlər.

Digər tərəfdən, bu ölkənin NATO-ya üzvlük məsələsi gündəmdədir. Norveç NATO-nun şimal cinahında əhəmiyyətli ölkələrdən biridir, bu yaxınlarda orada Alyansın irimiqyaslı hərbi təlimləri keçirildi. Belə bir məqamda səfirliyin Gürcüstana köçürülməsi NATO ilə əməkdaşlığı dərinləşdirmək məqsədi daşıya bilər. Ola bilsin ki, maliyyə səbəblərindən və s. Norveç Krallığı hökuməti seçim qarşısında qalıb və Tiflisdə səfirlik açmağa üstünlük veribdir. Bilirik ki, 1961-ci il Diplomatik Münasibətlər haqda Vyana Konvensiyasına əsasən, bir ölkədəki səfirlik bir neçə ölkədə akkreditasiya oluna bilər. İndiyədək Bakıdakı səfirliyin fəaliyyətinə Gürcüstan da daxil idi. Lakin bundan sonra, xüsusilə seçkilərdən sonra Gürcüstanda yeni dönəm başlaya bilər və bu ölkənin ABŞ, Avropa, habelə Rusiyanın nüfuz dairəsinə bölünməsi uğrunda savaş başladığı üçün Norveç həm bir Avropa ölkəsi, həm də NATO üzvü olduğu üçün diqqətini Gürcüstana yönəldə bilər. Artıq bu məsələdə hansısa ölkənin lider, digərinin kiçik olması yox, onun səfirlik açan ölkə üçün hazırda daşıdığı önəmi prioritet məsələ sayılır. Bu baxımdan, qeyd etdiyimiz kimi Gürcüstan yenidən böyük güclərin geosiyasi savaş poliqonuna çevrilir. Rusiyayönümlü İvanaşvilinin partiyasından sonra ABŞ Gürcüstanda yenidən Saakaşvili erası başlamaq xətti yürütməyə başlayıb, bu ölkənin Ukrayna ilə birlikdə NATO-ya üzv qəbul edilməklə Qara dəniz akvatoriyasının Alyansın məsuliyyət zonasına daxil edilməsi gündəmdədir. Belə bir vaxtda Atlantizmin bütün institutları öz güclərini səfərbər edərək bütün diqqətini potensial namizəd ölkənin üzvlüyə hazırlanması üzərində cəmləşdiriblər. Azərbaycanla Norveç enerji sahəsində tərəfdaş olsa da, Azərbaycan balanslı siyasət yeridir. Gürcüstan isə dediyimiz kimi, Avropa Birliyinin Tərəfdaşlıq sazişinə qoşulub, potensial NATO üzvüdür. Qərb təsisatlarının diqqətinin ora yönəlməsi təbiidir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 894 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed