Şrift:
Səid Əfəndi Ünsizadə (1825-1905) haqqında yeni faktlar və incələmələr
12.11.2018 [10:39] - Gündəm, DAVAMın yazıları
Azərbayanın məktəb və maarifçilik tarixində özünə şərəfli yer tutan,Türkiyə aydınları ilə geniş yaradıcılıq əlaqələri olan ziyalılarından biri də Səid Əfəndi Əbdürrəhman Əfəndi oğlu Ünsizadədir.
” Ünsizadə”- Səid Əfəndinin türklər demişkən “takma” soyadıdır. (Atası “Ünsi ” təxəllüsü ilə şeir yazdığından oğlanları “Ünsizadə”soyadını qəbul etmişlər ).
S.Ünsizadə 1825-ci ildə Şamaxıda anadan olmuşdur.Burada atasından və şəhərin adlı-sanlı müəllim və müdərrislərindən yaxşı təhsil alan Səid elm dalınca dünya elminə dərindən yiyələnmək üçün Şərqin yüksək ali dini məktəblərində oxumağa gedir. Bəzi mənbələrdə onun Misirdə oxuduğu iddia edils də, bunu təsdiq edən heç bir sənəd yoxdur . S.Ünsizadə təhsilini başa vurub,Şamaxıya qayıdır. O, burada məktəbdarlıq etməyi qərara alır, tezliklə savadlı müdərris olduğunu öz fəaliyyəti ilə sübut edir.
S.Ünsizadə 1873- cü ilin əvvəllərində o vaxt , ölkə paytaxtı Bakıya köçəndən sonra , hələ də Şamaxıda fəaliyyət göstərən Bakı Quberniya Əhli-Təsənni İdarəsinə üzv seçilir. S.Ünsizadə bir neçə aydan sonra -1873-cü ilin dekabrında Bakı qubernatoru D.S.Staroselskinin əmri ilə ruhani idarəsinin sədri təyin olunur.Bu vəzifədə bir sıra maarifçilik işləri görür: ruhani məclisinin himayədarlığı ilə Azərbaycan məktəbi tarixində “Məclis məktəbi” adı ilə məşhur olan təhsil ocağı yaradır,müəllimlərin elmi və metodiki hazırlığını yüksəlmək üçün əməli yollar arayır.
S.Ünsizadə 1876-cı ildə mühüm dövlət işi ilə əlaqədar — Zaqafqaziya dini idarələrinin fəaliyyətini yoxlayan komissiyanın üzvü kimi ,Tiflisə ezam olunur.Yeri gəlmişkən qeyd edək k, o zamanlar Zaqafqaziyanın şeyxülislamı Əhməd bəy Hüseynzadə, müftisi Əbdülhəmid Əfəndi Mustafa Əfəndizadə idi. Onların hər ikisi XIX əsrin ən tanınmış ziyalıları idi: dini vəzifə ilə yanaşı, məktəb və maarif məsələləri ilə də ciddi məşğul olurdu. Ə.Hüseynzadə məktəb şagirdləri üçün fars dilində bir neçə dərslik yazmış, Ə.Əfəndizadə isə ikidilli lüğət hazırlamışdır. Belə adamların iş fəaliyyətini yoxlamaq S.Ünsizadəyə göstərilən böyük etimad idi.
Tiflisə ezamiyyətə gələn S.Ünsizadə ezamiyyə müddəti qurtarandan sonra burada dövlət nəzarətində olan işlə təmin olunur: müəyyən sınaq müddətindən sonra Zaqafqaziya Əhli -Təsənni İdarəsinin üzvü təyin olunur və vəzifə səlahiyyətləri çərçivəsində geniş və hərtərəfli maarifçilik fəaliyyətinə başlayır.O, 1878 -ci ildə Tiflisdə Azərbaycan dilində çap məhsulları ilə məşğul olan basmaxana (litoqrafiya ) yaradır. Basmaxananın avadanlıqları İstanbuldan gətirilir. S.Ünsizadə mətbəədə işləmək üçün bir neçə gənc qohum-əqrəbasını mətbəə peşələrini öyrənmək üçün İstanbula göndərir.S.Ünsisadənin Türkiyə ilə işgüzar münasibətləri sistemli şəkildə məhz bu dövrdən başlanır.
S.Ünsizadə 1878-ci ilin dekabrında Tiflisdə Azərbaycan dilində “Ziya” adlı həftəlik qəzetin nəşrinə icazə alır. Qəzetin ilk nömrəsi 1879-cu il yanvarin 14-də çıxır. “Ziya”nın ilk üç nömrəsi tədqiqatçılara məlum deyil. Türkiyə arxivlərində ciddi axtarışlar ararılsa, bəlkə onları burada tapmaq olar.”Ziya”nın Türkiyədə onlarla oxucusu var idi. Türkiyədə gedən ictimai -siyasi hadisələr qəzetdə həm birbaşa, həm də üstüörtülü şəkildə –ezop manerası ilə işıqlandırılırdı.
1879-cu ildə Mirzə Rza xan Danişin (1853-1937) hazırladığı əlifba layihəsinə aid təqrizlərin (RƏYLƏRİN) bəzisinin İstanbulda fars dilində çıxan “Əxtər” qəzetindən götürülərək cəmi bir həftədən sonra”Ziya”da çap olunması elmi əlaqələrimizin öyrənilməsi baxımından diqqəti cəlb edir.
“Ziya”da “Ey bülbül” rədifli qəzəl mövzusunda nəzirə müsabiqəsi açılması və burada Münif Paşanın iştirakı da maraq doğurur. Əslində bu, şeir müsabiqəsi deyildi: söz içində söz demək idi. Münif Paşa Türkiyədə bü mövzuda keçilrilən müsabiqənin mükafatçılarından birı kimi Səid Ünsizadənin maarif məsələlərinə həsr olunmuş layihələrinin birinə qoşularaq, “Ziya” qəzetinin düşdüyü çətinliklərdə ona kömək etmək istəyirdi.
Mən bu məsələ haqqında Bakıda görkəmli jurnalist Malik Rəcəbin redaktorluğu ilə nəşr olunan “Təhsil problemləri” qəzetinin 01-07 avqust 2010-cu il tarixli nömrəsində ayrıca bir yazı çap etdirmişəm.
1879-cu ildə “Ziya” qəzetinə Türkiyədən məktub göndərənlərdən biri əslən Şəki şəhərindən olan Şahin Əfəndi idi. Təəssüf ki, onun haqqıda ətraflı məlumatımız yoxdur. Adı təkcə bir yerdə— “Ziya”ya kömək edənlərin sırasında verilmişdir.

Haşiyə.Müəllifin sonrakı qeydləri .

"Sonrakı araşdırmalarımızda Şahin Əfəndinin adını M.F.Axundzadənin məktublarında gördük.
M.F.Axundovun 1865-ci ildə yazdığı bir məktubunda Şahin Əfəndinin Türkiyə Sədr-Əzəminin adyutantı olması faktı üzə çıxdı. "Ziya"qəzetinə maddi kömək edən Şahin Əfəndi Türkiyə Sədr-Əzəminin yaxşı tanıdığı Şirvanlı Ömər bəy Şahpələngin bacısı oğlu imiş-N.N.)"

1880-ci ilin dekabr ayından başlayaraq, bir neçə aylıq fasilədən sonra “Ziya” “Ziyayi-Qafqasiyyə”adı ilə çıxmışdır. Bu fasilə Türkiyədə yeni mətbəə şriftlərinin axtarışı ilə əlaqədar idi.Belə ki əvvəlki mətbəə şriftləri narın və rizə olduğu üçün oxucuları qane etmirdi: S.Ünsisadə onların narazılığını başa düşərək öz əməkdaşlarını mətbəə şrifti almaq üçün İstanbula göndərmişdi.
1883- cü ilin sonlarında S,Ünsizadə Şamaxıya qazı təyin olunduğuna görə Tiflisı–yaradıcılıq imkanlarına yaxşı şəraiti olan paytaxtıi tərk edib, doğma şəhərinə-Şamaxıya qayıdır.”Ziyayi- Qafqasiyyə”nin nəşrininin Tiflislə bağlı məsələlərini damadı advokat ( vəkil) Şilyanskiyə həvalə edir. Şamaxıda redaktə olunaraq Tiflisdə çap olunan qəzetin 1884-cü ildə cəmi 11 nömrəsi çıxır. Görünür, sonuncu nömrədəki məqalələrin birində
” SƏİD ÜNSİZADƏNİN MƏQSƏDİ RUS MÜSƏLMANLARINI YUXUDAN OYATMAQDIR”
fikri rus məmurlarından kiminsə xoşuna gəlməmişdi.
Məşhur Azərbaycan şairi S.Ə Şirvaninin Səid Əfəndiyə həsr etdiyi qəsidədən öyrənirik ki, quberniyanın dini rəhbəri kimi S.Ünsizadə Şamaxıda universitet açmaq, məktəb şəbəkəsini genişləndirmək,mətbəə yaradaraq burada kitab çapı məsələlərini canlandırmaq istəyirmiş. Təəssüf k., onun bu məqsədi kimlərdəsə paxıllıq, bədxahlıq hisləri yaradırdı; haqqında dövlət orqanlarına yalan məlumatlar verilir,o, rüşvətxorluqda, dini vəzifədən sui-istifadə etməkdə təqsirləndirilirdi. Lakin bunların heç biri təsdiq olunmur.

Geniş maarifçıilik fəaliyyəti üçün Azərbaycanda yer tapmayan Səid Ünsizadə1889-cu ilin fevral ayının 20-də öz ərizəsi ilə işdən çıxır,1990-cı ilin əvvəlində türk dünyasının baş şəhərinə—İstanbula üz tutur. Burada maarif sistemində işləyir , “Quran “ın türk dilində təfsirini yazır, Azərbaycandan Türkiyəyə iş dalınca gedənlərə qayğı göstərir.


Səid Əfəndinin kiçik qardaşı Cəlaləddin Əfəndi Ünsizadə də 1883-cü ildən redaktorluq etdiyi “Kəşkül ” (əvvəl jurnal,bir müddətdən sonra qəzet kimi nəşr edilmişdir-N.N.) adlı mətbu orqanı 1891-ci ildə bağlanandan sonra, İstanbula-qardaşının yanına təşrif aparır.

“Molla Nəsrəddin” jurnalının 1907 -ci ildəki 43-cü nömrəsindəki bir yazıdan Cəlal Əfəndinin Türkiyə sultanı Əbdülhəmidin sarayında kitabxana müdiri işlədiyini öyrənirik. Cəlal Əfəndi Ünsizadənin 1920- ci illərdə Türkiyə Cümhuriyyətinin Xarici İşlər Nazirliyində tərcüməçi işləməsi də güman edilir.
Bakıda nəşr olunan “Həyat” qəzetinin 1905 -ci ilin iyun aynda dərc olunan nömrəsindəki nekroloqdan öyrənirik ki , “türk dünyasının fazil şəxslərindən biri olan Səid Əfəndi Ünsizadə ömrünün 80 sinnində İstanbulda vəfat etmişdir”.
“Həyat” qəzeti S.Ünsizadə haqqında yazı yazmaq istəyənlərin yazısını məmnuniyyətlə dərc edəcəyini söyləməklə maarif tariximizdə böyük xidmətləri olan bu işıqlı fikir adamını yüksək qiymətləndirir.
Səid Ünsizadənin İstanbulda hansı qəbirstanlıqda dəfn olunduğu əvvəllər bizə məlum deyildi. Biz bunu öyrənməyi istanbulda- Şirvanlılar məhəlləcində yaşayan azərbaycanlılardan xahiş etmişdk.


Yenə də haşıyə.

Sonrakı araşdırmalar.

2017-ci ildə Səid Ünsizadənin şəkli də, qəbri də taılmışdır.O,Fateh Camii qəbirstanığında dəfn olmuşdur..
Ünsizadələrin Ünsi Arkun soyadlı vəfat etmiş qohumları isə Üsküdarda açıq muzey kimi tanınan KARAKAƏHMƏD qəbirstanlığında dəfn olunmuşlar.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
türkoloq.

Bakı, 22.08.2011-ci il-11.11.2018.
Bu xəbər oxucular tərəfindən 74 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed