Şrift:
Paris Sülh Forumu öz işinə başlayıb
12.11.2018 [10:46] - Gündəm, Siyasət
Noyabrın 11-də Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyi münasibətilə Zəfər Tağının yerləşdiyi meydanda təntənəli mərasimdə iştirak edən 70 dövlət və hökumət rəhbərləri, o cümlədən Rusiya Prezidenti Vladimir Putin, Almaniya Kansleri Angela Merkel, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan günortadan sonra Paris Sülh Forumuna gəliblər.

Ölkəmiz tədbirdə xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Tədbiri Fransa Prezidenti Emmanuel Makron açaraq bildirib ki, bugünkü dünya çox kövrəkdir və məqsədi çoxtərəfliliyi müdafiə etmək olan forum sülhün daha da tərəqqi etməsi üçün hər il keçiriləcək.

Almaniya Kansleri Angela Merkel çıxışında Şarl de Qolun “1918-ci ildə Almaniya məğlub oldu, biz hamımız uduzduq” sözlərini xatırladaraq unilateralizmin və nasionalizmin dağıdıcı nəticələrini vurğulayıb.

BMT Baş katibi Antonio Quterreşin çıxışı ilə forum öz işini davam etdirib.

Paris Sülh Forumu sadə ideyaya əsaslanan illik tədbirdir və beynəlxalq problemlərin həlli platforması kimi çıxış edir. Burada dünyanın müxtəlif ölkələrindən 850 müraciət üzrə sülh və təhlükəsizlik, ətraf mühit, inkişaf, yeni texnologiyalar və inklüziv iqtisadiyyat kimi beş istiqamətdə 120 təşəbbüs və layihə ətrafında müzakirələr aparılacaq. Forum bu tip layihələrə dəstək və potensial tərəfdaşlarla qarşılıqlı fəaliyyət təklif edir. Təqdimatlardan seçilən 10 layihəyə 2019-cu ilin noyabrında keçiriləcək ikinci forumadək xüsusi dəstək veriləcək.



Şəhla Ağalarova
Bu xəbər oxucular tərəfindən 64 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed