Şrift:
Norveç hökumətinin adi qərarına siyasi çalar əlavə etmək yersizdir
13.11.2018 [10:20] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Millət vəkilləri bildirir ki, səfirliyin bağlanması qlobal proseslərlə bağlıdır

Norveç hökuməti Azərbaycandakı səfirliyini bağlamaq barədə qərar qəbul edib. Norveçin xarici işlər naziri İne Söreydenin bu barədə açıqlamasına görə, Azərbaycanla ölkəsi arasındakı münasibətlər səfirlik bağlandıqdan sonra onların Türkiyədəki səfirliyi vasitəsilə həyata keçiriləcək. Bakıda isə baş konsulluq fəaliyyət göstərəcək.

İ.Söreyde onu da əlavə edib ki, Norveç Gürcüstanda səfirlik açılması haqqında qərar qəbul edib. Bu qərarı açıqlayan XİN rəhbəri deyib ki, Gürcüstan Cənubi Qafqazda Norveçin əsas tərəfdaşıdır. Norveç XİN-in yaydığı məlumata görə, bu dəyişikliklər 2019-cu ildə reallaşacaq. Sözügedən xəbərin onlayn mediada yayılmasından sonra Azərbaycanda radikal müxalifəti təmsil edən bəzi şəxslər sosial şəbəkələrdə statuslar yazaraq, bu hadisəni öz məntiq(sizlik)lərinə uyğun şəkildə şərh ediblər. Diplomatiyada tez-tez rast gəlinən bu adi hadisə ətrafında süni ajiotaj yaratmaq istəyiblər.
Sözügedən məsələ ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayevamətbuata açıqlama verərək bildirib ki, Norveçin Azərbaycanda səfirliyini bağlaması qərarı təəssüf doğurur. O, Azərbaycanın Norveçlə hərtərəfli xoş münasibətlərə malik olduğunu diqqətə çatdırıb. Deyib ki, bu ölkənin ən iri enerji şirkəti olan Equinor (əvvəlki Statoil) 1990-cı illərdə Azərbaycana gələn ilk xarici şirkətlərdən olub və "Əsrin müqaviləsi”nin iştirakçısı olub. XİN rəsmisinin sözlərinə görə, norveçli vikinqlərlə azərbaycanlılar arasında qədim əlaqələr və bağlılığın mövcudluğu nəzəriyyəsinin müəllifi - Norveçin tanınmış alim-etnoqrafı Tur Heyerdal Azərbaycanın böyük dostu olub. L.Abdullayeva vurğulayıb ki, iki ölkə arasında müxtəlif sahələrdə çoxsaylı və faydalı layihələr həyata keçirilib. Norveç tərəfinin Azərbaycanda öz təmsilçiliyini konsulluq fəaliyyəti vasitəsilə saxlamaq niyyətində olmasına toxunan nazirlik rəsmisi qeyd edib ki, bu təmsilçiliyin yalnız fəxri və ya diplomatik konsulluq statusunda həyata keçiriləcəyi hələlik tam aydın deyil.
Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev isə bu məsələyə xüsusi bir əhəmiyyət verməyə lüzum görülmədiyini söyləyib. O, "Trend”ə müsahibəsində bildirib ki, hər bir ölkə öz xarici siyasətini müəyyən edərkən səfirlik və ya digər statuslu diplomatik nümayəndəliyin açılması və ya bağlanması barədə qərar qəbul edir. Onun fikrincə, Norveçin Bakıda akkreditə olunmuş səfirliyinin fəaliyyətini dayandırması da Norveç hökumətinin öz işidir. Administrasiya rəsmisi bunun adi bir hal olduğunu diqqətə çatdıraraq, hər hansı təəssüf doğurmadığını vurğulayıb. H.Hacıyev Azərbaycanın uğurlu xarici siyasətinin olduğunu, məzmun və coğrafi baxımdan müqabil tərəfdaş ölkələrlə qarşılıqlı hörmət və bərabərhüquqlu prinsiplər əsasında ikitərəfli əlaqələri davamlı olaraq inkişaf etdirdiyini qeyd edib: "Norveçin Azərbaycanda səfirliyi 1998-ci ilin iyununda təsis edilib və əsas məqsəd o zaman "Statoil” adı ilə fəaliyyət göstərən Norveçin neft şirkətinin fəaliyyətini yüngülləşdirmək və onun biznes maraqlarını təşviq etmək idi. Azərbaycanın Norveçdə səfirliyi açılmayıb və açıq desək, belə bir fikir də olmayıb. Azərbaycanın İsveçdəki səfirliyi qeyri-rezident əsasda, eyni zamanda Norveçdə də akkreditasiya olunub. Azərbaycanda iqamətgahı Bakıda olmaqla 65 ölkənin səfirliyi, 20 beynəlxalq təşkilatın nümayəndəliyi və 12 fəxri konsulluq akkreditasiya olunub. Bunların içərisində 25 səfirlik Avropa ölkələrinə məxsusdur. Həmçinin ölkəmizdə 4 baş konsulluq fəaliyyət göstərir. Son olaraq Portuqaliya, Venesuela, Peru və Kosta-Rikanın Azərbaycanda səfirlikləri açılıb. Azərbaycanın 70 səfirliyi və diplomatik ofisi, beynəlxalq təşkilatlar yanında 5 nümayəndəliyi, 9 baş konsulluğu və 14 fəxri konsulluğu fəaliyyət göstərir. Avropa ölkələrində ölkəmizin otuza yaxın səfirlik və diplomatik nümayəndəliyi akkreditə olunub”.

Norveçin Azərbaycandakı səfirliyinin vaxtilə ölkəmizin daxili işlərinə qarışmaq və bu səbəbdən səfirin persona non-qrata elan edilməsi kimi məsələlərlə əlaqəli suala cavab verən H.Hacıyev deyib ki, əvvəlki illərdə Norveçin Azərbaycanda səfiri işləmiş Steynar Gil adlı şəxs diplomatik protokol qaydalarına uyğun gəlməyən, diplomatik münasibətlər haqqında Vyana Konvensiyasını pozmaqla fəaliyyət göstərərək Azərbaycan və Norveç arasındakı əlaqələrə böyük zərbə vurub. Administrasiya rəsmisinin sözlərinə görə, həmin şəxs səfir statusunu daşıdığı halda, Azərbaycanın daxili işlərinə müdaxilə etməyə cəhdlər göstərib və ikitərəfli əlaqələrlə məşğul olmaq əvəzinə müxalifətin mitinqlərində iştirak edərək digər bu qəbildən olan qeyri-legitim fəaliyyətləri həyata keçirib: "Nəticə etibarilə bu, ona gətirib çıxardı ki, Azərbaycan hökuməti onun ölkəmizdən çıxarılması haqqında məsələləri müzakirə etməyə başlamışdı. Yekunda Norveç hökuməti onu vaxtından əvvəl geri çağırdı. Norveçin ictimai-siyasi dairələrində və mediasında kənar qüvvələrin ölkənin daxili işlərinə təsiri və müdaxiləsinin xüsusi həssaslıqla qarşılandığının və daim öz suverenliyinin qorunmasına xüsusi əhəmiyyət verdiyinin fövqündə, görəsən, rəsmi Oslo belə bir davranışlı səfirin ölkədə fəaliyyətinə dözərdimi? Əlbəttə ki, xeyr. Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır və öz daxili işlərinə də digər dövlətlərin qarışmasını heç zaman qəbul edə bilməz”.
Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib ki, Norveçin Azərbaycandakı səfirliyinin bağlanması bu ölkənin neft və digər layihələrdə işinin azalması ilə əlaqədardır. Millət vəkili Norveçə məxsus iki tanınmış şirkətin "Əsrin müqaviləsi”ndə fəal iştirak etdiyini xatırladaraq qeyd edib ki, görünür, bu istiqamətdə Norveç vətəndaşlarının – işçilərinin sayı Azərbaycanda azalıb və ona görə də konsulluq fəaliyyəti ilə kifayətləniblər. A.Mollazadə deyib ki, Norveç hökumətinin qəbul etdiyi bu qərarda hansısa başqa mənalar axtarmaq, ona siyasi çalar əlavə etmək yersizdir. Deputat deyib ki, bu qərarı insan hüquq və azadlıqları, demokratik prinsiplər və sair məsələlərlə əlaqələndirmək mənasızdır. O, Norveç səfirliyinin bağlanmasını diplomatik qayda-qanunlar çərçivəsində baş verən normal hadisə kimi xarakterizə edib.

Millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev səbəb nə olsa da, Norveç səfirliyinin bağlanmasından təəssüf hissi keçirdiyini dilə gətirib. Deyib ki, səfirlik bağlansa da, konsulluq səviyyəsində Norveç öz diplomatik fəaliyyətini, Azərbaycanla münasibətlərini davam etdirir. Deputat bildirib ki, səfirliyin bağlanmasını regionda baş verən hadisələrlə, geosiyasi maraqlarla əlaqələndirmək daha düzgün olar: "Gürcüstanda prezident seçkiləri davam edir. Seçkilərin ikinci turu olacaq. İkinci mərhələdən sonra hakimiyyət dəyişikliyi gözlənilir. Hakimiyyətə gələcəyi böyük ehtimal doğuran qüvvələr isə münasibətləri tamamilə Rusiyadan kəsmək və Qərb istiqamətində əlaqələri inkişaf etdirmək xətti tutacaqlar. Fikrimcə, NATO üzvü olan Norveç bu dəyişiklikdə Gürcüstana dəstək vermək, Qərbə istiqamət almış yeni hakimiyyəti Rusiyanın müəyyən təzyiqlərindən qorumaq üçün belə bir addım atır, səfirliyini Bakıda bağlayaraq Tbilisidə açır. Bundan öncə isə NATO hərbi gəmilərinin təlim keçmək adı altında Qara dənizə daxil olması, bir çox mesajların verilməsi kimi hadisələr baş verib. Ardıcıl olaraq, hakimiyyət dəyişikliyindən sonra Gürcüstanın NATO-ya daxil edilməsi istiqamətində iş aparması, Gürcüstan və Ukraynanın bu alyansa üzv olmaq üçün müraciət etməsi məsələləri də baş verə bilər. Ona görə də Cənub cinahda NATO-nun möhkəmlənməsi üçün müəyyən tədbirlər görülür. NATO-da hesab edirlər ki, Gürcüstan və Ukrayna bu alyansa üzv olacağı təqdirdə, Qara dəniz hövzəsi birmənalı olaraq NATO-nun nəzarətinə keçməlidir. Ona görə də Norveç səfirliyinin Azərbaycanda bağlanmasını qlobal proseslərlə əlaqələndirirəm. Bunun ətrafında süni ajiotaj yaratmağa heç bir əsas yoxdur”.

Rufik İSMAYILOV /kaspi.az
Bu xəbər oxucular tərəfindən 87 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed