Şrift:
Təbrizdə məktəblilər arasında türk dilində kitablar paylanılıb
14.11.2018 [11:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məlum olduğu kimi, sentyabrın 23-də (mehrin 1-i) İran və Güney Azərbaycanda yeni dərs ili başlayır.

Güney Azərbaycanda təhsil müəssisələrinin açılışı günündə “Hər azərbaycanlı şagird üçün türk dilində bir kitab” şüarı ilə başladılan kitab paylama kampaniyası bəzi məntəqələrdə hələ də davam edir.

Ötən günlərdə Təbriz şəhərinin şagirdləri arasında türk dilində çox sayda kitabların paylandığı bildirilir. Məlumata görə, azərbaycanlı fəallar kitab paylanmayan məktəblərdə şagirdlərə kitablar çatdırıblar.

Fəalların bu hərəkəti azərbaycanlı şagirdlər və onların valdeyinləri tərəfindən böyük rəğbətlə qarşılanıb.

Güney Azərbaycanda yeni dərs ili və Beynəlxalq Ana Dili Günü ərəfəsində bir çox mədəni tədbir, o cümlədən kitab paylama kampaniyası həyata keçirilir. Bu il kampaniya daha ciddi və geniş şəkildə davam etdirildi.

Öncə Ərdəbildə başladılan kampaniya 2 həftə davam etdi. Fəallar müxtəlif məktəblərə müraciət edərək şagirdlər arasında kitablar payladılar. Sonra kampaniya Meşginşəhr (Xiyav), Zəncan, Astara, Nir və s. kimi şəhərlərdə davam etdirildi.

Kitab paylayan fəallar eyni zamanda İranda türk dilinin rəsmi dil olması və ana dilində təhsilin əhəmiyyəti ilə bağlı söhbət edir, bu barədə şagirdlər, valdeyinlər və müəllimlərin fikir və təkliflərini öyrənirlər. Məqsəd ana dilində təhsillə bağlı tam olaraq ortaq məxrəcə gəlmək və eyni mövqedən çıxış etməkdir.

İranda türk dilinin rəsmi olması və ana dilində təhsil məsələsi uzun illərdir öz həllini tapmır, bu məsələ ilə bağlı yüzlərlə azərbaycanlı fəal saxlanılıb, işgəncə edilib və uzun illər həbs cəzası ilə üzləşib.

İranda ölkə əhalisinin 70 faizdən çoxunun ana dili məktəblərdə tədris olunmur, bu məsələni İranın keçmiş təhsil naziri Həmidrza Hacı Babayi də təsdiqləyib.

Bu günədək bir çox Beynəlxalq Təşkilat İranı qeyri-fars millətlərinin ana dilində təhsil hüququnu tanımağa çağırıb, lakin rejim bu çağırışlara məhəl qoymadan ölkədə təkdilli təhsil sistemini davam etdirməkdədir.

Aşağıdakı video və görüntülər Güney Azərbaycan Milli Oyanış Hərəkatının mətbuat orqanından götürülüb:
Bu xəbər oxucular tərəfindən 452 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed