Şrift:
“Gülmanxana” adının dəyişdirilməsi Azərbaycana xəyanətdir” – Urmiyənin millət vəkili
19.11.2018 [10:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili “Gülmanxana” şəhərciyinin adının farsca adla dəyişdirilməsinə kəskin etiraz bildirib.

Ruhulla Həzrətpur vurğulayıb ki, tarixi adların dəyişdirilməsi uğrunda atılan addımlar Azərbaycan əhalisi və onun tarixinə xəyanətdir, buna qarşı ciddi reaksiyalar olacaq.

Bu barədə R.Həzrətpur İnstaqram səhifəsində yaydığı məlumatda mövzu ilə bağlı Urmiyə Şəhər Şurasının rəisi Məhəmmədrza Əlizadə ilə söhbətdə etdiyini bildirib. Məlumata görə, millət vəkili bəzilərinin yanlış və qeyri-peşəkarcasına “Gülmanxana”nın adının dəyişdirilməsi istiqamətində atdıqları addımları pisləyərək yerli əhali və millət vəkillərinin bu məsələyə qarşı olduqlarını diqqətə çatdırıb.

Söhbət zamanı Şəhər Şurasının rəisi Məhəmmədrza Əlizadə də şəhərciyin adının dəyişdirilməsinə qarşı olduğunu deyib. “Şəhərcikdən olan barmaq sayında insan Şəhər Şurasına müraciət edərək şəhərciyin adının dəyişdirilməsini təklif ediblər. Bu məsələ Adlandırma Şurasında müzakirə olunacaq. Mən özüm də bu tarixi adın dəyişdirilməsinə qarşıyam”- deyə o bildirib.

Ötən günlərdə Urmiyə Şəhər Şurasının bəzi üzvləri panfarsistlərin düşünülmüş planlarına uyğun olaraq “Gülmanxana” şəhərciyinin “Dəryaşəhr” adlandırılması məsələsini müzakirə ediblər. Azərbaycana qarşı yönələn cəhdlər bölgə əhalisi ilə yanaşı bəzi millət vəkillərinin etirazına səbəb olub.

Minlərlə soydaşımızın yaşadığı şəhərcikdə heç bir səhiyyə xidməti yoxdur, yolları isə qeyri-standart vəziyyətdədir. Urmiyə Bələdiyyə İdarəsi və Şəhər Şurası şəhərciyin ümumi vəziyyətini yaxşılaşdırmaq əvəzinə İran rejiminin göstərişi ilə onun adını türkcədən farscaya çevirməklə məşğuldur və bu şəkildə rejimin asimilasyon siyasətinin təkmilləşdirilməsi istiqamətində hərəkət edirlər.

İranda Pəhləvi dövründə Azərbaycan türklərinə qarşı başlayan asimilasyon siyasəti islam cümhuriyyəti dövründə daha da geniş vüsət aldı. Coğrafi adların fars sözləri ilə dəyişdirilməsi faktlarına Güney Azərbaycanın bütün şəhər və kəndlərində rast gəlinir.

N.S
Bu xəbər oxucular tərəfindən 43 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed