Şrift:
Ərdəbilli rejissor Leyla Novruzi: “Arzum “Traxtur” haqda film çəkməkdir”
19.11.2018 [10:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Ərdəbil şəhərindən olan istedadlı rejissor və yazıçı Leyla Novruzi Güney Azərbaycanın “Traxtur” futbol klubu haqda film çəkmək arzusunda olduğunu bildirib.

O bu barədə “Mərz News” saytına verdiyi müsahibədə danışıb.

İlk öncə özü və yaradıcılıq fəaliyyəti haqda danışan azərbaycanlı rejissor 13, 14 yaşlarından hikayə yazmağa başladığını deyib. O uşaq yaşlarından incəsənətə meyilli olduğunu, lakin ailəsinin əvvəllər bu məsələdə onunla razılaşmadığını diqqətə çatdırıb.

Hal-hazırda bir neçə mövzu üzərində işlədiyini deyən L.Novruzi əsas arzularından birinin “Traxtur” komandası haqda geniş sənədli film çəkməkdən ibarət olduğunu bildirib.

““Traxtur” yalnız idman komandası deyil. O həm də mənim dilim və mənim millətimdir. Həmçinin bu komanda səviyyəli və anlayışlı tərəfdarlarının sayəsində dünyada böyük şöhrət qazandığı üçün önəmlidir”- deyə o bildirib.

Azərbaycanlı gənc rejissor bir gün bu arzusuna çatacağına ümid etdiyini vurğulayaraq qeyd edib ki, mən “Traxtur” dünyasının az da olsa, bir hissəsini işıqlandıraraq tərəfdarlarına yadigar qoymaq istərdim.

1989-cu ildə Ərdəbildə anadan olan Leyla Novruzi rejissor, yazıçı, şair və aktrisadır. “Mən İsmətəm” adlı sənədli, “Qara yol” bədii filminin rejissoru olan L.Novruzi bir çox mətbuat orqanında məqalələrlə çıxış edir. O iki şeir və bir hekayə kitabının müəllifidir.

Güney azərbaycanlı rejissor oktyabr ayında Birinci Bakı Beynəlxalq Animasiya Festivalında münsiflər heyətinin üzvü kimi iştirak edib.
Bu xəbər oxucular tərəfindən 46 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed