Şrift:
“Prezident Urmu gölünə ona görə baxış keçirmir ki,...”- Azərbaycanlı millət vəkili
19.11.2018 [10:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu gün İran prezidenti Həsən Ruhani Qərbi Azərbaycan Əyalətinə səfər edəcək.

Üç dəfə təxirə salındıqdan sonra baş tutacaq səfər Urmiyədən deyil, Xoy şəhərindən başlayacaq. Bu məsələ hər kəsin xüsusi diqqətini çəkməkdədir.

Prezidentin səfərinə münasibət bildirən Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur qeyd edib ki, Həsən Ruhaninin bundan əvvəlki səfərdə verdiyi vədlərin 90 faizi yerinə yetirilməyib.

Millət vəkili bu barədə noyabrın 18-də “Urum News” yerli xəbər agentliyinə danışıb.

“Hökumət düşünürdü ki, nüvə müqaviləsi bütün problemləri həll edəcək, lakin belə olmadı. Prezidentin bundan əvvəlki Qərbi Azərbaycan səfərində verilən vədlərin yalnız 10 faizi yerinə yetirildi”- deyə o bildirib.

N.Qazipur Urmu gölünə baxış keçirməyin prezidentin səfər proqramında yer almamasına da münasibət bildirib: “Hökumət Urmu gölü məsələsində məğlub olduğu ilə razılaşıb, ona görə də gölə baxış keçirilmir. Urmu Gölünü Canlandırma Mərkəzi isə bir ölüm mərkəzidir, onun fəaliyyətinin heç bir mənası yoxdur”- deyə o vurğulayıb.

Urmiyənin digər millət vəkili Ruhulla Həzrətpur da prezidentin bundan əvvəlki səfərində verilən vədlərin 85 faizinin yerinə yetirilmədiyini bildirib.

“Xoy xəstəxanası və dəmir yolu layihəsinin açılışı, həmçinin şəhər əhalisi ilə görüşüb və çıxış etmək, prezidentin səfər proqramında yer alan proqramlardandır. Bunlar adi şeylərdir, xüsusi əhəmiyyət daşımır. Bundan əvvəlki səfərdə verilən vədlərin 85 faizinin yerinə yetirilmədiyi üçün bu səfərdən də heç nə gözləmək olmaz”- deyə o bildirib.

Həsən Ruhani Qərbi Azərbaycan səfərində əsas çıxışını əyalətin mərkəzi şəhəri olan Urmiyədə yox, Xoy şəhərində edəcək.

N.S
Bu xəbər oxucular tərəfindən 58 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed