Şrift:
Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 8-ci Qlobal Forumunda təmsil olunur
20.11.2018 [11:06] - Mədəniyyət
Mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Nyu-Yorkda BMT-nin Sivilizasiyalar Alyansının 8-ci Qlobal Forumunda iştirak edir.

“Dialoqa sadiqlik: Qarşısıalınma və davamlı sülh naminə əməkdaşlıq” şüarı altında keçirilən forumun əsas məqsədi ölkələr, xalqlar və icmalar arasında sülh və əmin-amanlığın möhkəmləndirilməsi üçün bütün resursların səfərbər edilməsi və dünyada son illər sürətlə artan ayrı-seçkilik, rasizm, ksenofobiya, müxtəlifliyə dözümsüzlük fonunda dialoqa və sülhə sadiqliyi vurğulamaqdır.

Noyabrın 19-da forumun açılış mərasimində BMT-nin baş katibi Antonio Quterreş, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, İspaniya və Türkiyənin xarici işlər nazirləri çıxış ediblər.

Forumda nazir Əbülfəs Qarayevin Azərbaycanın beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa verdiyi töhfələr, cari ildə “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi mövzusunda çıxışı, həmçinin BMT rəsmiləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, dünyanın 147 ölkəsindən 4000-dən artıq nümayəndənin iştirak etdiyi BMT-nin Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” şüarı altında 7-ci Qlobal Forumu 2016-cı il aprelin 25-27-də Bakıda keçirilmişdir.

Yusif Babanlı
Bu xəbər oxucular tərəfindən 533 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed