Şrift:
Həsən Ruhani Xoy şəhərində
20.11.2018 [11:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycan səfərini əyalətin mərkəzi şəhəri olan Urmiyədən deyil, Xoydan başlayan İran prezidenti Həsən Ruhani bu gün səhər saatlarında Xoya gəlib.

O Xoyun hava limanında jurnalistlərin suallarını cavablandıraraq bu şəhərdə 220 yataqlı xəstəxana və dəmir yolu layihəsinin açılışı olacağını bildirib.

Prezident bundan əvvəlki səfərdə verilən vədləri sadalamadan qeyd edib ki, ötən səfərdə təsdiqlənən layihələrin üzərində işlənilir, icra olunmayan layihə varsa onlar təkmilləşdiriləcək.

Əslində prezident ötən səfəri zamanı verdiyi vədlərin təxminən heç birini yerinə yetirməyib. Noyabrın 18-də Urmiyənin millət vəkili Nadir Qazipur, Həsən Ruhaninin bundan əvvəlki səfərdə bölgə üçün təsdiq etdiyi layihələr və verdiyi vədlərin 90 faizini yerinə yetirmədiyini bildirmişdir. N.Qazipur bu barədə “Urum News” yerli xəbər agentliyinə açıqlama verib.

Prezident Həsən Ruhani Xoy şəhərinin Çəmran stadionunda əhalinin qarşısında çıxış edib. Çıxışının əsas hissəsinin Amerika Birləşmiş Ştatları (ABŞ) ilə İranın münasibətlərinə həsr edən prezident Amerikaya təslim olmayacaqlarını vurğulayıb. O söbətində çalışıb ki, ölkə əhalisinin yaşadığı iqtisadi problemləri İran hökuməti ilə deyil, ABŞ-ın sanksiyaları və onun təzyiqləri ilə əlaqələndirsin.

İran prezidenti bölgənin problemlərindən daha çox yaxın şərq, o cümlədən Suriya, İraq, Livan (Lübnan) və Yəmən məsələlərinə diqqət çəkib. O bildirib ki, müsəlman qardaşlarımız hər zaman bizdən yardım istəsələr, biz var gücümüzlə onlara yardım edəcəyik.

Ölkədəki bütün iqtisadi gərginliyi ABŞ-ın İrana qarşı siyasəti ilə əlaqələndirən prezident əsas qida məhsullarında qıtlıq yaşanmayacağını diqqətə çatdırıb.

Həsən Ruhani Urmu gölünün canlandırılması ilə bağlı yenə də vəd verib. Onun sözlərinə görə, Urmu gölü canlandırılmasa da, suyun səviyyəsində sabitlik yaranıb və canlandırma prosesi dövlət tərəfindən davam etdiriləcək.

Prezident o halda Urmu gölündə suyun səviyyəsinin sabitliyindən bəhs edir ki, bir çox yerli məsul, hətta bəzi ölkə məsulları göldə vəziyyətin günü-gündən pisləşdiyini və suyun səviyyə tarazlığının ötən illərə nisbətən daha da aşağı düşdüyünü dəfələrlə açıqlayıblar.

Prezident Qərbi Azərbaycana səfəri çərçivəsində Xoydan Urmiyəyə yola düşəcək.

Qeyd edək ki, Qərbi Azərbaycan Valiliyinin açıqlamasına görə, Urmu gölünə baxış keçirmək prezidentin səfər proqramında yer almayıb.

N.S
Bu xəbər oxucular tərəfindən 466 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed