Şrift:
Həsən Ruhaninin Xoy şəhərinə səfəri zamanı iki azərbaycanlı fəal saxlanılıb
20.11.2018 [11:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Noyabrın 19-da İran prezidenti Həsən Ruhaninin Qərbi Azərbaycan səfəri Xoy şəhərindən başlayıb.

Prezidentin səfəri zamanı Xoyda Cavad Əhmədi Yekanlı və Vəhid Nəcəfi adlı iki azərbaycanlı milli-mədəni fəal təhlükəsizlik qüvvələri tərəfindən tutulub. Fəallar 8 saat saxlanılıb və sorğu-suala tutulduqdan sonra Təbriz vaxtı ilə saat 16 radələrində sərbəst buraxılıb.

Cavad Əhmədi Yekanlı və Vəhid Nəcəfinin mobil telefonları təhlükəsizlik qüvvələri tərəfindən görütülüb.

H.Ruhaninin səfərinə bir neçə gün qalmış azərbaycanlı fəallar sosial şəbəkələrdə bildirişlər yayaraq Xoy və digər Qərbi Azərbaycan şəhərlərinin əhalisini etiraz aksiyalarına çağırmışdır. Adlarını çəkdiyimiz fəalların saxlanılması həmin çağırışlarla əlaqədar olub.

H.Ruhaninin bundan əvvəl Urmu gölünü canlandırmaq və türk dili və ədəbiyyatı mədəniyyət evini təsis etməklə bağlı verdiyi vədlərinin yerinə yetirilməməsi, bölgəyə yerli olmayan məsulların təyin olunması, Azərbaycanda sahibkarların fəaliyyətinə edilən maneçilik, işsizlik, tikinti layihələrində işlərin ləngiməsi, inflyasiya və sərhədyanı bazarların fəaliyyət göstərməməsi etiraza çağırışların əsas səbəbləri olub.

İran prezidenti Həsən Ruhani noyabrın 19-da Xoy şəhərində səfərdə olub. O yerli əhali tərəfindən soyuq qarşılanıb. Bəzi yerli mətbuatın yaydığı məlumata görə, prezidentin Çəmran stadionunda çıxışı zamanı məktəblilər zorla stadiona aparılıb.

N.S
Bu xəbər oxucular tərəfindən 399 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed