Şrift:
Ortopedlər “smartfon ənsəsi”nə qarşı diqqətli olmağa çağırırlar
21.11.2018 [10:29] - Köşə yazarları, Sağlıq
Müasir dövrümüzdə gənclər hər gün orta hesabla iki saatını smartfon və ya planşet qarşısında keçirir. Ortopedlər bu aludəçiliyin boyun, ənsə və ümumilikdə onurğa sütunu üçün ciddi və qalıcı təsirləri barədə xəbərdarlıq edirlər.

AZƏRTAC xəbər verir ki, ortopedlər arasında “rəqəmsal iflic” adını alan yeni tendensiya gün ərzində az hərəkət edən insanların bədənin müəyyən dəyişməz vəziyyətində uzun müddət vaxtını smartfon, kompüter və ya planşet qarşısında keçirməsinə deyilir.

Avstriya Ortopedlər Cəmiyyətinin prezidenti Ronald Dorotka bildirib ki, hərəkət azlığı və bədənin uzun müddət qeyri-düzgün vəziyyətdə saxlanması onurğa sütunu üçün həyəcan siqnalıdır. Onun sözlərinə görə “smartfon ənsəsi” (qeyri-ixtiyari olaraq uzun müddət boynunu qarşıya əymək) boyun fəqərələrinin yırtığına səbəb ola bilər. Başın irəli doğru əyilmiş vəziyyətdə uzun müddət saxlanması boyun fəqərələri üçün orta hesabla 20 kiloqram yük təsiri yaradır ki, bu da əzələlərin gərilməsi, boyun və baş ağrıları, sonrakı mərhələlərdə isə fəqərə problemlərinə yol açır.

Ortopedlər gənc nəslin düzgün bədən quruluşu ilə böyüməsi üçün valideynləri və tədris müəssisələrini diqqətli olmağa çağırıblar. Dərs saatlarını asudə vaxt və hərəkətin bol olduğu sərbəst saatlarla kombinasiya etmək, sağlam qidalanmaq və gün ərzində hərəkətliliyi təmin etmək, xüsusilə də gərəksiz yerə smartfon, planşet və oyun kompüterlərindən kənar olmaları gənclərin sağlamlığı üçün önəmli şərtlər hesab edilir.

Müasir dövrdə yuxarıda qeyd edilən qurğulardan vaxtaşırı istifadə “smartfon ənsəsi” ilə yanaşı, barmaqlarda kapilyarlar və vətərlər üçün problemlərə yol açan “SMS baş barmağı” fenomeninə də yol açır.

Elgün Niftəli
Bu xəbər oxucular tərəfindən 209 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed