Şrift:
Fərəc Quliyev Novruz Novruzlunun vəfatı ilə bağlı başsağlığı verib
21.11.2018 [13:10] - Xəbərlər, MDH, Fərəc Quliyev
“Türk Dünyasının başı sağolsun...”



Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev tanınmış sənətçi Novruz Novruzlunun vəfatı ilə bağlı partuya adından başsağlığı verib. Başsağlığında deyilir:

Türk Dünyasının Gur Səsi və nüfuzlu simalarından olan Novruz Novruzlunun haqq dünyasına köçməsi bütövlükdə Türk sənət dünyası və Türk milləti üçün ağır itgidir.

Sənət dünyasında böyük uğurlara imza atmış Novruz bəy təsəvvüf, turançı və vətənpərvərlik mahnılarının ən mahir ifaçılarından idi. Musiqidə olduğu kimi, teatr sənətində də parlaması onun istedadı ilə yanaşı səmimiyyəti və sahib olduğu zəngin mənəviyyatla birbaşa əlaqədar idi. Novruz bəy, kamilləşmiş bir dərviş baba idi...

Bu üstünlükləri ilə o, sayqıdəyər və sevilən bir şəxsiyyət idi.

Bütün bəşəri düşüncəyə sahib insanlar kimi Novruz Novruzlu da Vətənini və millətini sevən bir fədakar idi.

Qatıldığı bütün musiqi festifallarından vətənə ödüllə dönən Novruz bəy, sənətimizin dünyada layiqli təmsilçilərindən və böyük təbliğatçılarından idi. Azərbaycanı bütöv görmək arzusunda olan bu böyük sənətkar Bütöv Azərbaycanın simvollarından olan Savalan Dağının adından götürülmüş “Savalan” mistik musiqi qrupu yaratmışdı. Bu qrup Türk dünyasını birliyə hayqırmaqla yanaşı insanlığın və haqqın çarçısı idi. Novruz bəyin bütövlükdə sənəti insanlığa, haqqa və vətənçiliyə xidmət edirdi.

Bununla da o, Türk Dünyasının sevilən səsi və siması idi.

Novruz bəylə düşüncə yaxınlığımız, ona olan sayqımız və sevgimizdən dolayı, onun bu dünyadan köçməsi xəbərini biz dərin sarsıntı ilə qarşıladıq. Şəxsim və sədri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından Novruz Novruzlunun vəfatı ilə bağlı Türk Dünyasına dərin hüzünlə başsağlığı verir, mərhuma Allahdan rəhmət diləyitik!
Bu xəbər oxucular tərəfindən 155 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed