Şrift:
Dünya Səhiyyə Təşkilatı və tərəfdaşları malyariya ilə mübarizəyə dair yeni fəaliyyət planı həyata keçirəcəklər
22.11.2018 [11:07] - Sağlıq
Malyariya ilə bağlı yeni hesabata görə, artıq bu epidemiyanın bir neçə ildir davam edən azalma tempi dayanıb. Ölümcül qlobal xəstəliyin yayılmasının azalma tempini əvvəlki illərdəki səviyyəyə qaytarmaq və malyariyadan ölənlərin sayını azaltmaq məqsədilə Dünya Səhiyyə Təşkilatı (DST) və onun tərəfdaşları yeni fəaliyyət planının həyata keçiriləcəyini açıqlayıblar.

Təşkilatın hesabatlarına görə, malyariya xəstələrinin sayında durğunluq müşahidə olunur. Belə ki, 2016-cı ildə bu virusa yoluxanların sayı 217 milyon nəfər, ötən il isə 219 milyon nəfər təşkil edib. 2017-ci ildə malyariyaya yoluxanların (151 milyon nəfər) və ölüm hallarının (274 000 nəfər) 70 faizi on bir ölkədə qeydə alınıb. Onların onu Afrika ölkələri, biri isə Hindistandır.

DST-nin strateji fəaliyyət konsepsiyasına uyğun olaraq, bu ölkələrə yardım göstərilməsini nəzərdə tutan fəaliyyət planı hazırlanıb. Bu plan dörd prinsip əsasında – siyasətçilərin diqqətinin malyariyadan ölüm hallarının azaldılmasına cəlb edilməsi, informasiyaların strateji istifadəsi yolu ilə konkret nəticələrə nail olunması, optimal qlobal təlimatların hazırlanması, xəstəliyin yayıldığı ölkələrdə əlaqələndirilmiş adekvat tədbirlərin həyata keçirilməsi üzrə tərtib olunub. Ən əsası isə, DST və tərəfdaşları profilaktika vasitəsilə malyariyadan ölüm hallarının qarşısının alınacağı və müasir müalicə metodları ilə xəstələrin tam sağalacağına əmin olduqlarını bildiriblər. Eyni zamanda, hesabatda malyariyanın tamamilə aradan qaldırıldığı ölkələrin sayının artması da qeyd olunub. 2017-ci ildə Çin və Salvador kimi malyariyadan əziyyət çəkən ölkələrdə də epidemiya hallarının qeydə alınmadığı vurğulanır. Bundan başqa, Latın Amerikası və Mərkəzi Asiyada bir neçə ölkələrə malyariyadan azad zona sertifikatı verilib.
Bu xəbər oxucular tərəfindən 265 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed