Şrift:
Avstriyada dəmiryolçular ümumölkə tətilinə hazırlaşırlar
23.11.2018 [10:12] - Gündəm, Sosial
Avstriyada Federal Dəmir Yollarının (ÖBB) Həmkarlar İttifaqı (Vida) ölkə üzrə 40 min dəmiryolçunu noyabrın 26-da tətilə çağırıb.

Həmkarlar İttifaqının bu qərarı verməsinə səbəb işçilərin maaşlarının artırılmasına dair danışıqlarda razılığın əldə edilməməsi olub. 40 min dəmiryolçu üçün kollektiv əmək müqaviləsinin şərtlərini, iş şəraitinin yaxşılaşdırılmasını və maaşların artırılmasını şirkət rəhbərliyindən tələb edən Vida gələn həftə keçiriləcək tətilin xəbərdarlıq xarakteri daşıdığını bildirib. Həmkarlar təşkilatı şirkət rəhbərliyi tərəfindən təklif olunan üç faizlik maaş artımının ümumi inflyasiya fonunda gülünc rəqəm olduğunu və Avstriyanın Avropada dəmir yolları sahəsində aparıcı ölkə olması ilə ziddiyyət təşkil etdiyini elan edib.

Şirkət rəhbərliyi isə Vidanın qeyri-real tələblər irəli sürdüyünü əsas gətirərək, dörd günlük iş həftəsi, əlavə iş saatları və həftəsonları üçün yüksək ödəniş və digər imtiyazlar tələbi nəticəsində maaş artımının beş faizdən yuxarı olacağı, bunun isə şirkətin maliyyə imkanlarına cavab vermədiyini açıqlayıb. Şirkət tərəfindən Vidanın danışıqları yarımçıq saxlayaraq tətil çağırışı etməsi sərnişinlər və daşımaçılıqdakı tərəfdaşlara qarşı sayğısızlıq adlandırılıb.

İlkin olaraq cəmi bir gün davam etməli olan tətilin müddətinin uzadılacağı istisna edilmir.

Elgün Niftəli
Bu xəbər oxucular tərəfindən 158 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed