Şrift:
Berlində birinci Almaniya-Azərbaycan Biznes Dialoqu keçirilib
29.11.2018 [10:06] - İqtisadiyyat
Noyabrın 28-də Berlində Almaniya Bundestaqının deputatı Mark Hauptman və Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən birinci Almaniya-Azərbaycan Biznes Dialoqu təşkil olunub. Tədbirin tərəfdaşı qismində Azərbaycanda İnvestisiyaların və İxracın Təşviqi Fondu (AZPROMO) çıxış edib.

Biznes dialoqun məqsədi ölkələrimizin işgüzar dairələri arasında mövcud əməkdaşlığın nəzərdən keçirilməsi, potensial tərəfdaşlarla “B2B” əlaqələrin qurulması və perspektiv biznes imkanlarının müzakirəsi olub.

Yüzdən artıq Azərbaycan və alman şirkətinin qatıldığı tədbirdə Almaniya Bundestaqının deputatı Mark Hauptman və Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov giriş nitqi söyləyiblər.

Almaniya Şərqi Biznes Assosiasiyasının idarəedici direktoru Ute Koxlovski-Kadjaya, Almaniya Aqro-Biznes Alyansının direktoru Per Brodersen və Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumanın moderatorluğu ilə keçən iclasda çıxış edən R.Həsənov ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərin son illərdə sürətlə genişləndiyini və əməkdaşlığın bütün sahələrini əhatə etdiyini, Azərbaycanın Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşı olduğunu vurğulayıb. Ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirildiyini diqqətə çatdıran diplomat Azərbaycanın biznes imkanlarının, “Made in Azerbaijan” brendinin və “Make in Azerbaijan” təşəbbüsünün təşviq olunması məqsədilə Almaniyada keçirilən biznes-forumların ikitərəfli iqtisadi-ticari əlaqələrin daha da genişlənməsinə xüsusi töhfə verdiyini bildirib. Səfir, həmçinin ölkəmizin transregional nəqliyyat, enerji və İKT bağlantılarının daha da möhkəmlənməsinə töhfə verdiyini qeyd edib.

O, eyni zamanda, hər il Almaniyada müxtəlif sahələr üzrə keçirilən beynəlxalq sərgilərdə Azərbaycanın milli stendlə iştirak etdiyini bildirib. Səfir iqtisadi sahədə əməkdaşlıq üçün daha böyük imkanların və potensialın olduğunu, birinci Almaniya-Azərbaycan Biznes Dialoqunun və “B2B” müzakirələrin iki ölkə arasında iqtisadi-ticari əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycanın Almaniya üçün mühüm ticarət tərəfdaşı olduğunu vurğulayan Bundestaqın deputatı M.Hauptman Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və enerji təchizatının şaxələndirilməsində ölkəmizin xüsusi rolunu qeyd edib, qeyri-neft sektorunda Azərbaycanla ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətinə toxunub.

Sonra Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov və Almaniyanın Federal İqtisadiyyat və Energetika Nazirliyində dövlət katibi Tomas Barays çıxışlar ediblər.

R.Məmmədov Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarətində Azərbaycanın payının 70 faizdən çox olduğunu, cari ilin 9 ayında ticarət dövriyyəsinin 80 faiz artdığını, ölkəmizdə müxtəlif sektorlarda Almaniya sərmayəli 206 şirkətin qeydiyyatdan keçdiyini bildirib. Almaniya tərəfindən Azərbaycana 560 milyon ABŞ dolları sərmayə yatırıldığını və bunun 96 faizinin qeyri-neft sektorunun payına düşdüyünü deyən nazir müavini ölkələrimiz arasında energetika, kənd təsərrüfatı, nəqliyyat, təhsil, əczaçılıq, kimya və maşınqayırma sahələrində əməkdaşlıq üçün imkanların olduğunu vurğulayıb. R.Məmmədov, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eləcə də TANAP və TAP layihələri barədə məlumat verib, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın 10 ən islahatçı ölkəsi siyahısına daxil edildiyini və keçən illə müqayisədə 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşdığını bildirib. O, ixrac missiyasının və birinci Almaniya-Azərbaycan Biznes Dialoqunun ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafı baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Dövlət katibi T.Barays Azərbaycanın Almaniya üçün yalnız iqtisadi deyil, həmçinin strateji tərəfdaş olduğunu, ölkələrimiz arasında əməkdaşlığın tarixinin 200 il əvvələ gedib çıxdığını deyib. O qeyd edib ki, ölkələrimiz arasında iqtisadi münasibətlərin genişləndirilməsində Alman-Azərbaycan Xarici Ticarət Palatasının və Azərbaycan-Almaniya Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupunun, eləcə də ölkəmizdə insan kapitalının gücləndirilməsində Almaniyanın Federal İqtisadiyyat və Energetika Nazirliyinin Menecer Təlimi Proqramının böyük əhəmiyyəti var.

Daha sonra “Azərbaycana xoş gəlmisiniz: biznes, kənd təsərrüfatı və turizm sahəsində potensiallar” və “Azərbaycan yeni enerji və logistika qovşağı qismində” adlı panel müzakirələr keçirilib.

İki yüzdən çox iştirakçının qatıldığı tədbir çərçivəsində, həmçinin Azərbaycan və Almaniya şirkətləri arasında “B2B” müzakirələri təşkil olunub.



Pərvanə Qarayeva
Bu xəbər oxucular tərəfindən 491 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed