Şrift:
Dövlət Komissiyasından Dilqəm və Şahbazla bağlı AÇIQLAMA
30.11.2018 [10:47] - Gündəm, Hadisə
Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi geri qaytarmaq istəmədiklərini etiraf edib. Paşinyan bu etirafı Azərbaycan Ordusu tərəfindən ələ keçirilən erməni kəşfiyyatçı Karen Kazaryanın qohumlarının etiraz aksiyasına münasibət bildirərkən bildirib.


“Azərbaycan tərəfi hamını hamıya dəyişdirmək barədə plan təqdim edib. Biz buna getməliyik? Bəs ölənlərin ailəsindən soruşmusunuz? Daha iki Ramil Səfərovu qaytaraqmı?”,-deyə Paşinyan bildirib.

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupundan Modern.az-ın sorğusuna cavab olaraq hazırda girovların azad olunması istiqamətində işlərin davam etdirildiyi bildirilib:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, aidiyyəti dövlət qurumları tərəfindən Ermənistan Respublikasının işğalında olan Dağlıq Qarabağ bölgəsində yaradılmış separatçı rejim tərəfindən 2014-cü ildə girov götürülmüş və qeyri-qanuni məhkəmənin “hökmü” ilə azadlıqdan məhrum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması istiqamətində zəruri tədbirlər davam etdirilir”.


2014-cü il iyul ayında əslən Kəlbəcərdən olan Dilqəm Əsgərov və Şahbaz Quliyev işğal altında qalan ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.

Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində “məhkəmə” qurulub.

“Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Şuşa türməsində saxlanılır. Həmin yerdə daha bir Azərbaycan vətəndaşı - Elnur Hüseynzadə də saxlanılır.
Bu xəbər oxucular tərəfindən 217 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed